Tarix : 2009 May 05
Kod 11729

BAKIDA QATİLLƏ BAĞLI YENİ GERÇƏKLƏR

Bu gun Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qanlı qətliamın 7-cı günüdür
Azərbaycan Servisi/Aran Agentliyi
Bu gun Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qanlı qətliamın 7-cı günüdür. Hadisə günü və ondan sonrakı günlər ərzində baş verənləri təhlil edəndə qanlı olayın sadəcə bir dəlinin əlinə silah alıb ölkəni silkələyən hadisə törətməsi fikri darmadağın olur. Fərda Qədirovun törətdiyi cinayətin arxasından başqaları, həm də kəndliləri - qohumları çıxınca və olay böyüyüncə, qatilin doğulduğu kəndə bir daha jurnalistin getməsi və təhqiqat aparması ehtiyacı ortaya çıxdı. Artıq dünən sübhdən əməkdaşımız Daştəpədədir. Bakıda qanlı qətliam törətməklə doğulduğu yurdu hər yerdə məşhurlaşdıran qatilin kəndindən ilk xəbər «yaman yağış yağır» sözləri oldu.
Qatillə bağlı yeni gerçəklər
Dünən bütün gününü Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində keçirən əməkdaşımız özündən qabaq orada olan həmkarlarının yan keçdiyi bir sıra suallara cavab tapıb. O, artıq dəqiqləşdirib ki, qatil milliyətcə doğrudan da kürddür və onun ailəsi Daştəpəyə təxminən 1920-ci illərdə gəlib. Buna qədər Qədirovlar Kirovakan (indiki Vanadzor) rayonunun Arçut kəndində yaşayıblar. Fərdanın erməni qarışığının olması barədə səslənən iddialar təsdiqlənməyib. Onun ana nənəsi hazırda yaşayır və adı Bağdaddır (böyük ehtimalla Bağdagül). Daha sonra əməkdaşımız dəqiqləşdirib ki, Fərda hələ uşaq olarkən qardaşı Şeyda ilə birlikdə ona sünnət olunub. Kənd camaatından onun kiçik toyunu xatırlayanlar olub. Bundan başqa, yuxarıda adı çəkilən Şeyda Qədirov (Fərdanın qardaşı) 4 ay Bolnisidə sahə müvəkkili işləyib. Ancaq sonradan onu vəzifəsindən və polis sistemindən uzaqlaşdırıblar. Bundan sonra Şeyda Qədirov Rusiyaya gedib və hazırda orada yaşayır. Əməkdaşımız qətliamın törədilməsində şübhəli şəxs kimi həbs olunan digər Daştəpə sakininin  - Nadir Şirxan oğlu Əliyevin və Cavidan Əmirovun (qohumları bildiriblər ki, onun soyadı Amirov deyil) barəsində də bəzi məlumatları əldə edib.
Nadir Əliyevin Daştəpədəki evində axtarış aparılıb
Dünən 15.00 radələrində Nadir Əliyevin Daştəpədəki ata evində axtarış aparılıb. Kənddəki evin həyətinə 3-4 maşın Gürcüstan polisi və Bakıdan gəldiyi güman olunan Azərbaycan hüquq-mühafizə orqanlarının nümayəndələri daxil olublar. Azərbaycanlı kriminalstlərin ora «Mercedes» markalı, Az 10 KE 526 nömrə-nişanlı avtomobildə getdiyi bizə məlum olub. Əməkdaşımızın sözlərinə görə, Gürcüstan polisi şıdırğı yağışın altında dayanıb hadisələrin gedişini izləyən və maraqla gözləyən kənd camaatına yaxınlaşaraq, təhqiqata mane olmamaq üçün onların 30-40 metr kənarda durmalarını xahiş edib. Bunun qarşılığında qonşu ölkədə qonaq olan Azərbaycan polisləri özlərini aqressiv aparıb, camaatın üstünə qışqırıblar.
Hətta əməkdaşımıza «ayə, sən orda nə danışırsan, nə qayırırsan»,- deyərək peşə fəaliyyətini yerinə yetirməyə mane olublar. Həmin vaxt redaksiya ilə danışan müxbirimiz məlumat ötürüşünü yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Polislərin Nadir Əliyevin evində nə axtardıqlarını, kimi sorğu-suala çəkdiklərini  müxbirimiz aydınlaşdıra bilməyib.
Cavidan Əmirovun da ata evində axtarış aparılıb
Əməkdaşımızın verdiyi xəbərə görə, qırğın törətmiş Fərda Qədirovun cinayət ortağı olmaqda ittiham olunan Nadir Əliyevin Daştəpədəki ata evində axtarış aparan Gürcüstan və Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları öz işlərini başa çatdırıblar. Onlar Nadir Əlievin ata evində istintaqın işinə yarayası şübhəli heç nə tapmayıblar. Əməkdaşımızın «nə axtarırdınız, nə tapdınız» sualına kriminalistlər «Gürcüstan Respublikasının Baş Prokurorluğuna müraciət etməlisiniz» cavabı veriblər. Daha sonra hər iki respublikanı təmsil edən kriminalistlər qrupu Fərda Qədirovun artıq həbs olunmuş bibisi oğlu Cavidan Əmirovun ata evində də axtarış aparıblar. Polislərin evdən nə apradıqları barədə məlumat yoxdur.
Daştəpədə böyük təşviş
Əməkdaşımız onu da bildirib ki, Marneulinin Daştəpə kəndində böyük həyəcan, ajiotaj və təşviş var. Onun sözlərinə görə, aprelin 30-dan bu günə qədər kənd camaatı heç vaxt olmadığı qədər həyəcanlı, səksəkəlidir. Bir yandan onlar həmkəndlilərinin Neft Akademiyasında törətdiyi qırğına görə şokdadırlar, digər tərəfdən, son günlərdə kəndə gələrək axtarış işləri aparan kriminalistlərdən çəkinirlər. «Adamlar topa-topa bir kənarda durub baş verənləri seyr edir, öz aralarında danışırlar. Vasitəçi olmadan onlardan nəsə öyrənmək mümkün deyil. Heç nə demirlər. Qorxurlar ki, birdən kiminsə adını çəkərlər və bu, yeni tutqulara səbəb olar. Camaat Azərbaycandan gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarına güvənmir. Heç jurnalistlərin də vəziyyəti fərqli deyil. Məsələn, mən şəkil çəkmək istəyəndə hamı qaçıb dağılışdı, üzlərini yana çevirdilər» - deyə əməkdaşımız bildirib. Qeyd edək ki, bütün çətinliklərə baxmayaraq, əməkdaşımız xeyli maraqlı faktlar toplayıb, maraqlı hadisələrin şahidi olub. Bu barədə «Yeni Müsavat»ın yaxın saylarında geniş materialı oxuya biləcəksiniz.
Terrorda istifadə edilən silahın sənədi tapıldı
Hadisə günü yayılan rəsmi məlumatda Fərda Qədirovun meyitinin yanından  xüsusi üsulla hazırlanmış «Makarov» tipli tapança götürüldüyü qeyd edilmişdi. Dünən isə F.Qədirovun Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində yaşadığı evdə həmin silahın sənədləri tapılıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, istintaq orqanlarının əldə etdiyi sənədlərin arasında F.Qədirovun ötən il noyabr ayının 28-də Tiflis şəhərində Vaja Pşavela küçəsindəki silah mağazasından aldığı «Makarov» tipli tapançanın sənədi də olub. Daştəpə kəndinin də daxil olduğu Qullar kənd icra nümayəndəsi Vidadi Həsənov məlumatı təsdiq edib: «Fərda Qədirov ötən il noyabrın 28-də Tiflisdən tapança alıb. Bu barədə sənəd var. Sənədlərin içərisində Fərdanın pasportunun surəti və onun çoxlu foto şəkilləri də vardı».
Bu məqam onu göstərir ki, F.Qədirov zavod istehsalı olan silah alıb. Sonradan isə həmin silah xüsusi olaraq hazırlanıb. F.Qədirovun psixi cəhətdən anormal olmasını qəbul etsək belə, silahın xüsusi üsulla hazırlanması bir çox suallar yaradır. Məsələn, silahın texniki imkanlarını zavodun istehsal etdiyindən daha çox artırmaqla Fərda Qədirov nəyə hazırlaşırdı?  Zavod istehsallı «Makarov» tipli tapançalar modifikasiyasından asılı olaraq minimum 8, maksimum isə 12 patron tutur. F.Qədirovun istifadə etdiyi silahın isə texniki imkanlarının xüsusi üsulla yaxşılaşdırıldığı və patron tutumunun sayının artırıldığı bildirilir. Yəqin istintaq silahın harada, kim tərəfindən hazırlandığını aydınlaşdıracaq.
Qanlı qətliam nədən törədildi?
Hadisə ətrafında sirr pərdəsini saxlayan digər məqam isə mayın 4-də hüquq-mühafizə orqanlarının yaydığı rəsmi açıqlamada qanlı qətliamın motivi ilə bağlı oldu. Bu günlər ərzində ADNA-da baş verən hadisənin törədilməsinin səbəbi açıqlanmadı.
Güc nazirliklərinin qeyri-rəsmı olaraq ayağa qaldırılması, küçələrdə, xüsusən əhalinin sıx olduğu yerlərdə hüquq-mühafizə orqanları nümayəndələrinin artırılması, körpülərin əlisilahlılar tərəfindən mühafizə olunması onu göstərir ki, qanlı qətliam heç də spontan baş verməyib.
Fərda izləndiyini anlayaraq ADNA-ya soxulub?
Dünən hadisə ilə bağlı redaksiyamıza daxil olan məlumatlardan birində qeyd olunurdu ki, Fərda Qədirovun Bakıda cinayət törədəcəyi barədə hüquq-mühafizə orqanlarında əvvəldən məlumat olub. Onu Bakıda olduğu müddətdə nəzarətdə saxlayıb hansı obyektlərlə maraqlanmasını müəyyənləşdirməyə çalışıblar. Hadisə baş verən gün isə F.Qədirov izlənməsini başa düşərək onu izləyənlərdən qaçmağa çalışıb. Lakin ələ keçəcəyini anlayaraq Neft Akademiyasının qanlı olay baş verən binasına daxil olaraq qarşısına çıxanlara atəş açıb. Orada tələbələri girov götürməklə binadan çıxmaq istəyib. Bu məlumatla şahidlərin qəzetimizə dedikləri üst-üstə düşür. ADNA-nın 10 metrliyindəki qəzet köşkünün satıcısı demişdi ki, əvvəlcə universitetin qarşısında partlayış səsi eşidib. Elə bilib ki, maşın təkəri partlayıb. Sonra isə bir nəfər əlisilahlının çöldən tələbələrə atəş açaraq ADNA-ya daxil olduğunu tələbələr ona deyib. ADNA-nın müəlliməsi Mahirə Axundova əməkdaşlarımıza müsahibə verərkən bir ilginc faktı qeyd etmişdi: «... Bir məqamı xüsusi qeyd edim; bu ifadəmin üstündə də dururam; biz ikinci mərtəbədən baxanda gördük ki, korpusun düz qarşısında qara rəngli, bütün şüşələri də plyonkalı iki dənə qara «Jeep» markalı maşın dayanıb. O maşınların bir dənə də şüşəsi aşağı endirilmədi, qapıları açılmadı. Nömrələri görə bilmədik, daha doğrusu, qarışıqlıq düşdü, diqqət edə bilmədik. Yəni bu adamlar elə-belə, hadisəni görüb dayanmışdılarsa, düşüb yaralı Mustafaya kömək edərdilər, hadisə ilə maraqlanardılar». Həmin qara «Jeep»dəkilərin məhz Fərda Qədirovu izləyən əməliyyatçıların olduğunu birmənalı söyləmək mümkün olmasa da, hər halda, bu məqam da istintaq tərəfindən aydınlaşdırılmalıdır.   
Qanlı qətliamda Hacı Məmmədov dəsti-xətti
Xəbər verdiyimiz kimi, qanlı qətliamla bağlı yayılan rəsmi açıqlamada Qazaxın Daş Salahlı kənd sakini Mədət Qafur oğlu Kazımovun saxlanıldığı bildirilir. Qeyd olunur ki, qanlı cinayətin törədicisi Fərda Qədirov Mədət Kazımovun adına sənədləşdirilmiş mobil telefonla hadısədə iştirakçılıqda ittiham olunan Nadir Əliyevlə müntəzəm telefon əlaqəsi saxlayıb. M.Kazımovun atası Qafur və əmisi Faiq Kazımovlar qəzetimizə açıqlamalarında Mədət Kazımovun pulu və telefon nömrəsi olan pulqabının ay yarım əvvəl Bakıda avtobusda cibindən oğurlanmasını bildiriblər. Ümumiyyətlə, qanlı və kriminal hadisələrin əksəriyyətində bu üsuldan istifadə olunur. Adam oğurlamaqda və sifarişli qətllərin həyata keçirilməsində ittiham olunaraq ömürlük həbsə alınmış Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov məhkəməsindəki sərbəst ifadəsində belə bir məqama toxunmuşdu. Demişdi ki, bir neçə ay sonra oğurlayacaqları şəxslərin ailələri ilə danışıq aparmaq üçün telefon alınmasından ötrü Saray qəsəbə sakini Mehman Səmədova avtobusdan pasport oğurlamağı tapşırıblar.  Lakin o, Saray qəbristanlığında gözətçı işləyən dostu Novruz İsmayılovdan mərhumlardan birinə məxsus pasportu götürərək onlara verib. Oğurlanan adamın yaxınları ilə danışıq apardıqdan sonra M.Səmədovun pasportu avtobusdan oğurlamadığı üzə çıxıb. Buna görə də M. Səmədovu Qarabulağa apararaq başına atəş açmaqla öldürüblər. N.İsmayılovun isə başına sellofan torba keçirərək boğub qətlə yetiriblər. H.Məmmədov M.Səmədovla N.İsmayılovun öldürülməsinin səbəbini isə belə izah etmışdi: «Adam oğurluğunu araşdıran istintaqçılar həmın pasport vasitəsi ilə Novruz İsmayılova, onun vasitəsi ilə bizə çıxa bilərdilər. Ona görə də hər ikisini aradan götürdük. Əgər Mehman Səmədov biz dediyimiz kimi, pasportu avtobusdan oğurlasaydı, istintaqın bizə çıxmasının qarşısı alınacaqdı və onları öldürməyəcəkdik».
Fərda Qədirovun Mədət Kazımovun cibindən avtobusda oğurlanan telefon nömrəsindən ay yarım əvvəldən istifadə etməsi onu göstərir ki, bu qanlı qətliama hazırlıq görülüb. F.Qədirovun «yolgöstərənləri» isə əməliyyat-axtarış işi ilə yaxından tanışdır. 
Cavidan Əmirovun anası danışdı
Hadisə ilə bağlı saxlanılanlardan biri Cavidan Əmirov Fərda Qədirovun bibisi oğludur.
Bu barədə APA-nın Gürcüstan bürosuna Cavidan Əmirovun anası Rəna Qədirova bildirib. Rəna Qədirova oğlunun Bakıda həbs olunduğunu deyib: «Cavidanı Bakıda tutublar. Həyat yoldaşım Bakıya gedib. Hələ xəbər yoxdur. Oğlum Şulaveridə rus orta məktəbini bitirib. Bakıda tikintidə işləyirdi».
Rəna Qədirova kütləvi qətl törədən qardaşı oğlu Fərda Qədirovla bağlı danışarkən «Fərdaya da inanmaq olmurdu. Onu yəqin kimsə yoldan çıxarıb. Ondan istifadə ediblər» - deyib.
Qardaşı oğlunu ayda bir dəfə gördüyünü bildirən R.Qədirova bunları deyib: «Qapını içəridən bağlayırdı. Bakıya gedəndə də bizə xəbər verməmişdi. Amma bura gələndə mənə demişdi ki, mart ayında mənə zəng gələcək, Bakıya gedəcəyəm. Mən ona dedim ki, Cavidanı da apar, orda tikintidə işə düzəlt. O isə dedi ki, mən dənizdə işləyəcəyəm, tikintidə işləyə bilmərəm». R.Qədirova deyib ki, oğlunu Bakının Qaraçuxur qəsəbəsində yaşayan qayınatasının evində tutublar: «Bizim məhəllədən, kəndin digər uşaqlarını da tutublar. Görək, nə olacaq».
R.Qədirova Fərdanın istədiyi xalası qızının ona ərə getmək istəmədiyini də açıqlayıb: «Qız deyib ki, Fərda mənim qardaşımdır».
Daştəpə camaatı Fərdanın meyitini qəbul etməyib
Fərda Qədirovun meyitini Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd camaatı qəbul etmir. Bu barədə Daştəpə kəndinin də daxil olduğu Qullar kəndinin icra nümayəndəsi Vidadi Həsənov bildirib: «Belə cinayət törətmiş adamın meyitini kənd qəbul etmir. O bizim başımızı aşağı saldı. Ona heç vaxt haqq qazandırmaq olmaz».  Fərda Qədirovun bibisi Rəna Qədirova da meyitin kəndə gətirilməsinin əleyhinə çıxıb: «Atası onu qəbul etmirsə, kənd niyə qəbul etsin. Qoy onun meyitini yandırsınlar».
Sadiq Gözəlov şayiələri təkzib edir
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov «Media forum» saytına açıqlamasında Azərbaycan Beynəlxalq Universitetinə silahlı basqın olması barədə xəbəri təkzib edib. Qeyd edək ki, dünən Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyindən «Media forum»un elektron poçt ünvanına məlumat daxil olub. Məlumatda deyilir ki, mayın 4-də Azərbaycan Beynəlxalq Universitetinə silahlı basqın olub, tələbə yeməkxanasında universitet mühafizəçiləri bir nəfər silahlı şəxsi saxlayıb və hadisə yerinə polis gəlib. S.Gözəlov «Media forum»a bildirib ki, ümumiyyətlə hər hansı yerdə silahlı basqının baş verməsi haqda DİN-ə məlumat daxil olmayıb. DİN sözçüsü bildirib ki, mayın 4-də Bakıda valyutadəyişmə məntəqələrindən birinə basqın olması barədə xəbər də yanlışdır: «O xəbərin də heç bir əsası yoxdur. Sadəcə, məntəqədə çalışan adamın təzyiqi var imiş, ona görə də huşunu itirib yıxılıbmış». Mayın 4-də Bakıda metroya bomba qoyulması barədə yalan məlumata gəlincə, hazırda polis həmin məlumatı vermiş adamı axtarır: «Xəbərin hansı taksofondan daxil olduğu bəllidir. Anonim zəngi kimin ötürdüyü araşdırılır».
Terrorla bağlı saxlanılanlara qarşı irəli sürülən ittihamlar açıqlandı
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov lent.az-a açıqlamasında bildirib ki, faktla bağlı həbs edilən Gürcüstanın Marneuli rayonu, Daştəpə kənd sakini Nadir Əliyevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 32.5, 120.2.2, 120.2.4, 120.2.7-ci (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmədə iştirakçılıq), 29, 32.5, 120.2.2, 120.2.4, 120.2.7 (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürməyə cəhddə iştirakçılıq) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə), Marneuli rayonunun Şulaveri qəsəbə sakini Cavidan Əmirova qarşı 228.1-ci və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama) maddələri ilə ittihamlar irəli sürülüb.
Qatilin meyiti ortada qalıb
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev «Media forum» saytına deyib ki, aprelin 30-da Dövlət Neft Akademiyasında qətliam törədərək sonra özünü öldürən Fərda Qədirovun meyiti hələ «morq»dadır: «Prokurorluq əməkdaşlarının iştirakı ilə meyitə baxış keçirilib və atası meyitin oğlu Fərda Qədirova məxsus olduğunu bildirib. Atasına meyiti dəfn etmək təklif olunub. Lakin o, bundan imtina edib. Ona görə də meyit «morq»da qalır».  Ş.Musayev bildirib ki, meyitin «morq»da nə qədər saxlanacağını istintaq qrupu müəyyənləşdirəcək: «Meyitin uzun müddət lmorq»da saxlanması mümkün deyil. Amma nə qədər qalmasına prokurorluq qərar verməlidir. Çünki bu, istintaqla bağlı işdir, ekspertizalar aparılır, baxış keçirilir». «Meyitin kimsəsizlər qəbiristanlığında dəfn olunması mümkündürmü» sualına Ş.Musayev belə cavab verib: «Biz meyiti dəfn edə bilmərik. Bunun üçün Dəfn Bürosu var. Yenə də son qərarı istintaq qrupu verməlidir». Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə «Media forum» saytına açıqlamasında deyib: «İstintaq qrupu bütün zəruri ekspertizaları aparıb, meyitə baxış keçirilib, nümunələr götürülüb, daxili-xarici müayinələr aparılıb, ekspertiza rəyləri verilib. Fərda Qədirovun meyitinin necə olacağı artıq istintaqın işi deyil». Xatırladaq ki, redaksiyamıza daxil olan məlumatlarda F.Qədirovun meyitinin «morq»dan yaxınları tərəfindən götürüldüyü  bildirilirdi. Dünən isə dəqiqləşdirmə aparıb öyrəndik ki, yaxınları meyiti götürüb Gürcüstana aparmaq istəsələr də, buna Fərdanın atası imkan verməyib.
Zərurət yarananda istintaq əlavə məlumat verəcək

Dünən günün sonunda hadisənin hansı səbəbdən törədilməsi, qanlı qətliamla bağlı gün ərzində həbs edilənlərin olub-olmamasını öyrənmək üçün Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq.  E.Sultanov sorğumuzu belə cavablandırdı: «Bildiyiniz kimi, Respublika Prokurorluğu Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Dövlət Neft Akademiyasındakı hadisə ilə bağlı  rəsmi acıqlama yayıb. Həmin açıqlamada ictimaiyyətə kifayət qədər ətraflı məlumat verilib. Istintaqın gedişatı barədə həmin işin istintaqını aparan respublikanın hüquq-mühafizə orqanları tərəfindən zərurət yaranan zaman ictimaiyyətə əlavə açıqlama veriləcək».

mənbə  - müsavat qazetı

  • Yazılıb
  • da (də) 2009 May 05