Ölkənin parçalanması prosesinə sakit baxmaq olmur, amma bizim hissə tərəfindən heç bir aqressiv hərəkət olmayacaq
Gürcüstan Servisi/Aran Agentliyi
Gürcüstanın paytaxtı Tiflisin 30 kilometrliyində yerləşən Muxrovanidə qiyam edən zirehli batalyanun komandiri Mamuka Qorqoşvili Gürcüstanın daxili işlər nazirinin qiyamla bağlı bəyanatından bir saat əvvəl elan edib ki, ölkənin daxili siyasətinə qarışmaq niyyətində deyillər. Amma ölkədə olan vəziyyətə dözmək iqtidarında da deyillər və tərəflər arasıında dialoq keçirilməsini dəstəkləyirlər. Bu barədə "Qruziya Online" agentliyi məlumat yayıb.
“Ölkənin parçalanması prosesinə sakit baxmaq olmur, amma bizim hissə tərəfindən heç bir aqressiv hərəkət olmayacaq. Biz kazarmadayıq və heç yerə getməyə hazırlaşmırıq", deyə bəyanatda bildirilir.
Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi Gürcüstan silahlı qüvvələrində planlaşdırılmış qiyamla bağlı məlumat yaymışdı. Məlumata görə, qiyam Rusiya xüsusi xidmət orqanları tərəfindən koordinasiya edilib və qiyamı keçmiş və hazırkı yüksək rütbəli hərbçilər həyata keçirməli idilər. Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, qiyam nəticəsində minimum NATO-nun Gürcüstandakı təlimlərini pozmaq, maksimum isə ölkədə hərbi çevriliş etmək planlaşdırılıbmış. Dövlət çevrilişinə cəhdin rəhbərləri isə generallar Koba Kobaladze, Pirsxalaşvili, Karlaraşvili, Tevzadze, Uçadze, Skrialaşvili, Qaxokidzenin olduğu bildirilib. Çevrliş zamanı bir sıra siyasətçilərin aradan götürülməsi də planlaşdırılıbmış.
Hazırda Muxrovanidə yerləşən hərbi hissədə qiyam davam edir. Hərbi hissədəki hərbçilər tabe olmayacaqlarını bildiriblər.