Tarix : 2009 May 07
Kod 11759

İlahiyyatçıların Bakıda sökülən məscidlə bağlı fikirləri

.
Azərbaycan servisi/Aran Agentliyi
Hacı Elşən Mustafaoğlu - “Mənəvi Saflığa Dəvət” İB-nin sədri:
- İstənilən cəmiyyətdə ibadətgahın bağlanması və sökülməsi olduqca narahatedici bir hadisədir. Biz çox ümid edirik ki, məscidlərin qapıları möminlərin üzünə açılacaqdır. Belə hallar adətən SSRİ-nin dövründə baş verirdi. Məscidləri anbarlara çevirirdilər. Yerlə-yeksan edirdilər, sökürdülər. Və yaxud da bağlayıb onlardan kitabxana və s. kimi istifadə edirdilər. SSRİ dağıldıqdan sonra isə ölkədə yeni-yeni məscidlər tikilirdi. Belə bir yeni ənənə başlamışdı ki, müsəlmanların tələblərini ödəyəcək qədər məscidlər olsun. Amma günümüzdə baxsaq, Bakı kimi şəhərdə 1000 il bundan qabaq neçə məscid var idisə, indi də elə o sayda da var. Elə İçərişəhərdəki məscidlərin sayına diqqət etsək, elə də dəyişməyib. Amma buna rəğmən əhali o vaxtın sayından qat-qat artıb. Bu baxımdan belə addımlar müsəlmanların heysiyyətinə toxunmaqdır. Onlara geniş şərait yaratmaq əvəzinə, imkanlı adamlarımız şəhərimizin məscid olmayan yerlərində yeni məscidlər tikmək əvəzinə olan məscidləri də sökmək - bu düzgün deyil. Deyirlər ki, hansısa sənəd olmayıb. Sənəd olmayıb - sənədləşdirsinlər. Bu müvafiq orqanların əlindədir. Məscidi niyə sökürlər?! Hüquqi yardım göstərsinlər ki, orada Allah evidir. Allah evini abad eləyənin evini Allah da abad edər. Belə bir həssas vaxtda ayrı-ayrı məmurların belə addımlar atması ölkədə müsəlman vətəndaşları küsdürür. Ümid edirəm ki, belə halların qarşısı alınacaqdır.

Seyyid Elman Ağayev – ilahiyyatçı-ekspert:
- Aydın məslədir ki, Qurani-Kərimdə məscid və məscidlərə qarşı təxribatlara çox pis münasibət bəslənilir. Dinimizdə bu çox pis işdir. Məscidin dağıdılmasına heç cür don geyindirmək olmaz. Səbəblərini araşdırsalar, doğrudan da heç bir mühüm səbəb olmadan bu işə əl atıblarsa, Azərbaycanın özündə milli-mənəvi dəyərlərdən danışmaq, dini himayə etmək adı ilə necə ola bilər ki, belə iş görülsün. Tolerant olsaydıq buna yol verməzdik. Qaldı ki, Şəhidlər məscidinin bağlanmasına gəldikdə isə aydın bir məlumatım yoxdur ki, görəsən bunun səbəbi nədir? Təmirdir, yoxsa yox? Bu haqda məlumatım yoxdur.

Hacı Ceyhun Cəfərov - “Təkamül” tərcümə mərkəzinin direktoru:
- Məscidin bağlanması və yaxud sökülməsi qətiyyən xoşa gələn hadisə, xoşa gələn hal deyil. Hər halda əgər həmin məscidin orada tikilməsinə icazə verilməmişdisə, gərək bunu əvvəldən bildirəydilər. Yox əgər artıq tikilmişdisə, onun sökülməsi yaxşı hal deyil. Bu ümumiyyətlə yaxşı hal deyil. Qaldı ki, Şəhidlər Xiyabanındakı məscidin bağlanmasına, bunu mən də təmir adına edildiyini eşitmişəm. Təmir adı ilə bağlanıbsa, yəqin ki, tezliklə də açılar. Amma məscidlərin sökülməsi və ya bağlanması hər halda yaxşı deyil.

Hacı Şahin Həsənli - “Mənəvi Dünya” ictimai birliyinin sədri:
- Ümumiyyətlə hər hansı bir məscidin bağlanmasını düzgün hesab etmirik. Bugünkü gündə dindarların hüquqlarının məhdudlaşdırılması dolayısı yolla radikal təmayüllü insanların meydana gəlməsinə zəmin yaradır. Ona görə də indiki dövrdə məscidlərin bağlanmasını çox mənfi bir hal olduğunu hesab edirik. Bunu düşünülməmiş addım sayırıq. O ki qaldı məscidin sökülməsinə, dağıdılmasına, - əsas gətirilir ki, məscid qanunsuz tikilib. Bir şey məlumdur ki, Bakının mərkəzində hər hansı bir icazəsiz və qanunsuz tikilinin ərsəyə gəlməsi mümkün deyil. Məscid tikildikdən sonra onun qanunsuz olduğunu iddia edərək məscidin sökülməsi həm Allah yanında olduqca böyük günahdır, həm də dinə qarşı xəyanətdir. Olduqca mənfi hal kimi yanaşırıq bu hadisələrə.

Haci Yusif Bağırov - ilahiyyatçı-alim, "Qələm" nəşriyyatının direktoru:
- İstənilən halda məscidin bağlanması və ya sökülməsi yaxşı hal deyil. Əgər tikinti zamanı hər hansısa qanunsuzluğa yol verilibsə, yaxud icazə verilmirdisə, bu məsələni həll etmək də olardı. Müvafiq icazə alına bilərdi. Hər halda, ümumiyyətlə, məscidin sökülməsi çox mənfi haldır. Məscidlər müsəlmanların ibadət yeridir. Orada camaat xalq üçün, millət üçün, gələcəyi üçün dualar edirlər. Bu məsələyə münasibətim müsbət deyil.

Hacı Mir Cəfər ağa Əyyubzadə - ilahiyyatçı-alim:
- Mən Gəncədən yeni qayıtmışam. Həm Gəncə, həm də Yevlax camaatının Yevlaxda baş verənlərlə bağlı çox dərin etirazı var. Sadəcə olaraq öz etirazlarını bildirməkdən çəkinirlər ki, bunu dini ekstremizm və sairə ilə hallandırarlar. Gəncə və Yevlax camaatı, mən özüm də bu fikirdəyəm, bütün bunları məmur özbaşınalığıdır. Bizim bir sıra məmurlarımız elə bilirlər ki, yerlərdə ağadırlar. Qədim mülkədarlıq, bəy-xan dövrünü yaşatmaq istəyirlər. Ona görə də camaatın dini etiqad azadlığını kəskin formada pozurlar. Bu işləri çox pisləyirəm. Onlar bilməlidirlər ki, onların da həyatlarının davamı var. Bu dünyada da, axirətdə də bu onların bədbəxtçiliklərinə səbəb olacaq.

Hacı Əhliman Rüstəmov - ilahiyyatçı-alim, “Hacı Cavad” məscidinin imam-camaatı:
- Bu gün mən televiziyada MM-in sədri Oqtay Əsədovun bunula bağlı açıqlamasına diqqət etdim. O, belə bir fikir səsləndirdi ki, “məscidi bağlamaqla bağlı heç bir söhbət yoxdur”. Güya onun fəaliyyəti təmirlə əlaqədar saxlanılıb. Sonuncu məscid sökülməsini də bunun üstünə gəlsək, əslində nə baş verdiyini demək çətindir. Amma həqiqətdə bu özü İslam mədəniyyəti paytaxtlığı ilə əlaqədar olmasaydı da, bütün bunlar xoşagələn hadisələr deyil. Bir ölkədə məscidlərin bağlanması, sökülməsi əlbəttə ki, çox pis haldır. Sektaların təbliğinin qarşısı alınmadığı bir halda, məscidin belə məzhəblərə aidiyyəti olmadığı bir halda, Allah evi ilə bu cür rəfdar çox pis əlamətlərdir.

Hacı İlqar: Belə hallar başa düşülən deyil və ölkədə radikallığın və ekstremizmin güclənməsinə səbəb ola bilər

Hacı Abgül Suleymanov-Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri:
Bismillahir Rəhmanir Rəhim
İslam Mədəniyyətinin paytaxtı adlanan şəhərimizin mərkəzi küçələrindən birində “Peyğəmbər” adlı məscidi tikməklə İslam Mədəniyyətinin paytaxtı adını zinətləndirmək və xalqın hidayət olması üçün zəhmətlərinin puç edilməsi, kobudcasına insan haqlarının pozulması, milli-mənəvi dəyərlərimizin tapdaq altına alınmasının şahidi oluruq. Çox təəssüflər olsun ki, məscidin yuxarısında olan Quranın dağıdılması hadisəsi düşmən ermənilərin işğal etdikləri ərazilərimizdəki məscidlərdə etdikləri cinayətlərə daha çox oxşayır. Mən şəxsən bu cür halları qəti olaraq pisləyir, məscid sökmək və bağlamaq kimi işləri ölkənin içində müsəlmanları dövlət ilə üz-üzə qoymaq, radikallaşmağa meyli artırmaq və Müsəlman dünyasında ölkənin siyasi imicinin aşağı düşməsinə səbəb olan amil kimi dəyərləndirirəm.

Kərbəlayi Zülfüqar-İlahiyyatçı alim-Quran və hədis elmləri üzrə mütəxəssis:
"Məscid Allahın evidir, məscidi sökmək dağıtmaq böyük günahdır. Bəqərə surəsinin 114-cü ayəsində "Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!"-deyilir. Digər ayədə, məscidlər barədə belə deyilir: "Nur surəsi 36-cı ayə, Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər".
Möminlərin məscidləri qorumaqda boyunlarında vəzifə olduğunu deyən Kərbəlayi Zülfüqar Həcc surəsinin 40-cı ayəsində buyurulduğu kimi möminlər əgər məscidləri müdafiə etməsələr, düşmənlər məscidləri sökərlər. Ayədə: "Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr , kilsələr, məbədlərvə məscidlər dağılıb gedərdi (darmadağın edilərdi).

Mir Hüseyn Haşimi-ilahiyyatçı
Bir müsəlman kimi mən bu məsələyə münasibətim mənfidir. Məscidin dağıdılması, İslam atributunun aradan aparmaq deməkdir. Bu şeylər nə müsəlman kimi, nə də ki, Allah dərgahında qəbul edilən addımdır. Məscidin dağıdılmasını İslama zərbə kimi dəyərləndirirəm. Bu addımı atanlar özlərinin adlarını tarixdə çox pis şəkildə həkk etmişdir. Mən bu və buna oxşar İslama qarşı olan təzyiqləri pisləyirəm.

Hacı Möhsin Səmədov-İslam partiyasının sədri
Məscidlər müsəlmanların dini səngəri və ibadətgah etdiyi bir məkandır. Hər bir yerdə məscidin hörməti qorunmalıdır. Məscidə olan məhəbbət Allaha olan məhəbbətdir. Məscidə olan hörmətsizlik isə Allaha olan hörmətsizlikdir. Bu dediklərimizin dəlilləri Qurani Kərimdədir. Məscidə olan hörmətsizliyə görə nəinki o hörmətsizliyi edənlər hətta bu cəmiyyət də İlahi qəzəbə düçar olacaqdır. Azərbaycanda olan bu olay İslama olan hörmətsizlikdir. Çox təəssüflər ki, bu Azərbaycanda baş verib. Bu işi görənlər tarixə heç də yaxşı ad ilə düşməyəcəklər.

Hacı Azər Səricanov-ilahiyyatçı
Bakıda təzə tikilən bu məscid məscid, müsəlmanların ibadətgahı olmamış dağıdıldı. Mən Azərbaycan rəsmisinin İslam Konfransında iştirak etməsini başa düşə bilmirəm, məntiqə uyğun gəlmir.
Jurnalistlərin döyülməsi də hadisənin necə böyük olduğunu göstərir. Jurnalistlərin Yasamal Rayonunun polisləri tərəfindən döyülməsi məsələnin amansızcasına baş verdiyinə nümanədir. Hər kəsin ki bu məscidin sökülməsində əli var ilk növbədə Allahın hökmünü sonra Azərbaycan millətinin milli mənəvi dəyərlərini tapdalayıblar. Ümid edirəm ki bu işi edənlər Allah tərəfindən öz cəzalarını alacaqlar.
 
  • Yazılıb
  • da (də) 2009 May 07