Tarix : 2009 May 08
Kod 11776

PRAQADA SOYUQ GÖRÜŞ

Dünən Praqada Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların növbəti raundu olub
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Praqada Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların növbəti raundu olub. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində keçirilən sammitə qatılmaq üçün Çexiya paytaxtına səfər edən İlham Əliyevlə Serj Sərkisyan ABŞ-ın Praqadakı səfirliyinin binasında görüşüblər. Görüşün yerinin məhz ABŞ səfirliyi seçilməsi təsadüfi deyildi və ondan irəli gəlirdi ki, indiki danışıqlar Vaşinqton və Brüsselin vasitəçiliyi altında keçirilir. Rusiya isə bu danışıqlarda ancaq həmsədr Yuri Merzlyakov səviyyəsində təmsil olunurdu. Digər tərəfdən, ABŞ səfirliyi məxfi danışıqların dinlənilməsinin və digər informasiya sızmalarının qarşısını almaq üçün ən münasib yer hesab edilə bilərdi.
“Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə irəliləyiş əldə edilə bilər”. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza prezidentlərin Praqa görüşündən əvvəl ANS-ə açıqlamasında bildirib. Onun fikrincə, hər iki ölkənin Xarici İşlər nazirliklərinin ABŞ dövlət katibi ilə görüşünə əsaslanaraq belə fikir irəli sürmək olar. Brayza ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin də İham Əliyevlə Serj Sərkisyanın görüşünə çox nikbin yanaşdıqlarını qeyd edib. Həmsədr görüşdə prezidentlər arasında hər hansı bir sənədin imzalanmasının gözlənilmədiyini vurğulayıb.
Xəbərlərə görə, Əliyevlə Sərkisyan Bakı vaxtı ilə sat 14-də bir araya gəliblər. Görüşdə Minsk Qrupunun həmsədrləri və hər iki ölkənin xarici işlər nazirləri də yer alıb. Türkiyənin “Hürriyet” qəzetinin Praqaya ezam olunmuş əməkdaşı xəbər verib ki, görüş çox soyuq atmosferdə başlayıb. ABŞ səfirliyinin alaqaranlıq zalında bir araya gələn prezidentlər mətbuat qarşısında bir-birlərinə əl verməyiblər. Jurnalistlər görüşdən qısa görüntü almaq üçün 2 dəqiqəlik zala buraxılıblar. Prezidentlərin bir-birlərinə əl vermədiyini görən jurnalistlər onları görüntü almaq xatirinə əl sıxmağa dəvət ediblər. Ancaq reportyorlar nə qədər israr etsələr də, prezidentlər onların foto və telekameraları qarşısında  bir-birinin əlini sıxan iki lider pozası verməyiblər. Məqsədlərinə yetməyən jurnalistlər soyuq görüş görüntüsü götürəndən sonra salondan çıxarılıblar. Qeyd edək ki, Əliyevlə Sərkisyan bundan əvvəlki görüşlərdə foto və telekameralar qarşısında könülsüz də olsa bir-birlərinin əlini sıxırdılar. Bu dəfə əl sıxmamaq təşəbbüsünün kimdən gəldiyi məlum deyil, ancaq ehtimal olunur ki, Azərbaycan prezidenti görüşün Dağlıq Qarabağın itirilməsinə gətirib çıxaran Şuşanın işğalı ərəfəsinə təsadüf etdiyini nəzərə alaraq bu əməliyyatda şəxsən iştirak etmiş Sərkisyanın əlini sıxmaq istəməyib.
ABŞ-ın Praqadakı səfirliyindən jurnalistlərə bildiriblər ki, danışıqlardan sonra prezidentlərin qısa açıqlama ilə çıxış edəcəyi, habelə xarici işlər nazirlərinin jurnalistlərin suallarına cavab verəcəyi gözlənilir. Daha sonra isə Minsk Qrupu həmsədrlərinin Praqa danışıqları haqda bəyanat yayacaqları gözlənilirdi. Prezidentlərin görüşü 2 saat yarımdan çox davam edib və Bakı vaxtı ilə 17 radələrində yekunlaşıb. Həmişəki kimi, jurnalistlərə hamıdan tez amerikalı həmsədr Metyu Brayza danışıb. Onun dediyinə görə, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə “baza prinsiplərinin ideyalarına  dair” razılaşma əldə ediblər. Brayza bildirib ki, növbəti danışıqların yaxın həftələrdə Sankt-Peterburqda aparılması gözlənilir. O, görüşün konstruktiv keçdiyini deyib: “Nizamlanmanın əsas prinsiplərinə uyğun danışıqlar aparılıb. Prezidentlər razılığa gəliblər ki, növbəti görüş bu ilin iyununda Sankt- Peterburqda təşkil olunacaq iqtisadi forum çərçivəsində keçirilsin”. Rusiyalı həmsədr Yuri Merzlyakov isə deyib ki, prezidentlərin növbəti görüşündə Minsk Qrupuna həmsədrlik edən dövlətlərin başçılarının da iştirak edəcəyi istisna deyil (APA). Merzlyakov prezidentlərin Sankt-Peterburq görüşünə qədər vasitəçilərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklərini, prezidentlərin görüşünü hazırlamaq üçün regiona səfər edəcəklərini qeyd edib: “Səfərin tarixi hələ dəqiqləşdirilir”. Fransalı həmsədr Bernar Fasye isə növbəti aylarda danışıqlarda sıçrayış olacağını gözlədiklərini söyləyib.
 
  • Yazılıb
  • da (də) 2009 May 08