Bakının Nərimanov rayonunda divarlara “Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ölənlərin qanı yerdə qalmasın! Qana qan! Səbrə yox!” məzmunlu çağırış vərəqələri yapışdırılıb
Azərbaycan servisi/Aran Agentliyi
Bakının Nərimanov rayonunda divarlara “Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ölənlərin qanı yerdə qalmasın! Qana qan! Səbrə yox!” məzmunlu çağırış vərəqələri yapışdırılıb.
Lent.az-ın əməkdaşı Nərimanov rayonu, Ağa Nemətulla küçəsində binalardan birinin divarında həmin vərəqələrdən birinin şəklini çəkib. Ətrafdakı şahidlərin sözlərinə görə, divardakı vərəqələrin bir çoxu qopardılıb. Şahidlər onların arasında dini məzmun daşıyan və insanları cihada çağıran vərəqlərin də olduğunu deyiblər. Başqa bir mənbədən bəlli olub ki, bu cür vərəqələr tək Nərimanov rayonunda deyil, paytaxtın başqa ərazilərində də yayılır.
Məsələyə aydınlıq gətirmək üçün Nərimanov Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. Polis İdarəsinin rəis müavini Xanlar Qurbanov Lent.az-a açıqlamasında onlarda belə bir məlumat olmadığını deyib.
Lent.az-ın məlumatına görə, hazırda dövlət orqanlarında bu məsələ ilə bağlı araşdırma aparılır.