Tarix : 2009 May 09
Kod 11805

Ağcabədidə nə baş verir?

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ötən ayın axırlarında Ağcabədidə keçirdiyi xüsusi əməliyyat bu rayonda böyük ajiotaj yaradıb
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ötən ayın axırlarında Ağcabədidə keçirdiyi xüsusi əməliyyat bu rayonda böyük ajiotaj yaradıb. MTN əməkdaşları tərəfindən həyata keçirilən preventiv əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Bulud Quliyevin rəhbərlik etdiyi dəstənin zərərsizləşdirilməsi yerli əhali arasında müxtəlif söz-söhbətlərin meydana çıxmasına səbəb olub.

Ağcabədi rayonundakı mənbələrdən Müstəqil İnformasiya Agentliyinə (MİA) daxil olan məlumata görə, qalmaqallı cinayət işində rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun da adı hallanmağa başlayıb. Mənbənin dediyinə görə, rayonda iş adamı Füzuli Rüstəmovun qətlə yetirilməsilə bağlı göstərişin icra başçısı Şahin Məmmədovdan gəldiyinə dair şayiələr yayılıb. Adının çəkilməsini istəməyən Ağcabədi sakini MİA-nın əməkdaşı ilə söhbət zamanı icra başçısı ilə iş adamı Füzuli Rüstəmov arasında ciddi konflikt olduğunu bildirib. Onun sözlərinə görə, icra başçısının iş adamı Füzuli Rüstəmovun sahibi olduğu mal bazarını bağlamasından sonra tərəflər arasındakı münasibətlər düşmənçilik həddinə çatıb. Müsahibimiz bunu əsas gətirərək, Füzuli Rüstəmovun zərərsizləşdirilməsinin Şahin Məmmədovun da maraqlarına cavab verdiyini vurğulayıb.

Mənbə deyib ki, bu hadisə ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov da istintaqa cəlb olunub. Onun sözlərinə görə, dünən Ağcabədidə olan MTN əməkdaşları icra başçısından ifadə alıblar.

Qeyd edək ki, bu gün ölkədə qeyri-iş günü olduğu üçün MTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin məsələyə münasibətini öyrənə bilmədik.
 
  • Yazılıb
  • da (də) 2009 May 09