Tarix : 2009 May 09
Kod 11806

Dini etiqad haqqında qanuna düzəlişlərə ictimaiyyətin münasibəti

Ötən il daha çox ölkədə məscidlərdə azanın verilməsinə qadağalar, təhsil müəssisələrində hicaba qadağaya cəhdlərlə yadda qaldı
Azərbaycan servisi/Aran Agentliyi
 “Məscid olmalıdır ki, dini icmanız qeydiyyatdan keçsin, gərək dini icmanız olsun ki, məscid tikilsin...”

Son bir ildə Azərbaycanda  inanc mövzusunda ağlasığan və sığmayan hadisələr baş verməkdədir. Ötən il daha çox ölkədə məscidlərdə azanın verilməsinə qadağalar, təhsil müəssisələrində hicaba qadağaya cəhdlərlə yadda qaldı. Yaşadığımız ildə isə daha müdhişhadisələrə şahid oluruq. Halbuki, hələ ötən ildən ölkəmizin şərəfli islam paytaxtlığı estafetinə yiyələnəcəyi bəlli idi. Lakin il tikilmiş olan məscidin qanunsuz elanı ilə başlayır. Sonra isə Yevlaxın mərkəzi məscidin ərazisinə qarşı qəsblərə cəhdlər edilir. Ardınca isə müqəddəs Şəhidlər Xiyabanındakı “Şəhidlər” məscidi qeyri-müəyyən səbəblərdən və qeyri-müəyyən müddətə bağlanılır. Bu hadisədən bir gün sonra isə “Peyğəmbərimiz Məhəmmədin (s) məscidi” adlı Allah evi yerlə yeksan edildi. Bütün bunların həm də inanc adına olan bir ildə edilməsini nəzərə alaraq, ölkənin inanc əhli arasında aşağıdakı suallar ətrafında sorğu apardıq. Sorğunun sualları bunlar olmuşdur:

1. Bütün dini icmaların sentyabradək yenidən qeydiyyatdan keçirilmə tələbinin dini etiqad azadlığı haqqındakı qanuna əlavələrə daxil edilməsinə necə baxırsınız?

2. Dini icmaların qeydiyyatının daha da çətinləşdirilməsi ilə bağlı nə deyə bilərsiniz?

3. Ümumiyyətlə Allah evlərinin sökülməsi, bağlanması, ötən il azanın qadağasına cəhd, hazırda da indiki qanunda sərtləşdirmələr - ümumiyyətlə, bütün bunları necə şərh edirsiniz?


Hacı Qurban Cəbrayıl - “Nəbz” qəzetinin baş redaktoru:

- Bizdə çox vaxt qanunların icrasından daha çox onun məmurlar tərəfindən özbaşına buraxılması halları mövcuddur. Sözdə missionerliyə, nurçuluğa, vəhhabiliyə qarşı mübarizə aparırlar, əməldə isə görürük ki, öz həqiqi ibadətlərini həyata keçirən müsəlmana zərbə qayıdır. Bu, olduqca çox qorxulu tendensiyadır. Bu qanuna olan dəyişiklər qismində icmaların yenidən qeydiyyatına heç bir ehtiyac yoxdur. Onlar qeydiyyatdan keçiblər.

- Bu çıxış yolu demək deyil. Çünki, Azərbaycanda bu qeydiyyat məsələləri hansı tələblərlə, hansı rakurslarla aparıldığı hamıya yaxşı məlumdur. Bu, heç kimə sirr deyil. Bu çətinləşdirmədən narahatlıq ondan ibarətdir ki, yenə sadə dillə desək, ata-baba dinində olan insanlar, islamdakı ənənəvi şiəlikdə və sünnilikdə olan insanlarımız çətinliyə düşəcəklər. Çünki onların əlində yalnız ölkənin qanunları var. Və bir də müraciət etdikləri qeydiyyat ərizələri. Amma xarici missioner təşkilatlarının altında bundan əlavə olaraq böyük bir pul kisəsi var. Onlar çox asanlıqla həmin o çətinləşdirilmiş səddi keçmək imkanındadırlar. Yəni, bu çıxış yolu deyil. Sadəcə olaraq bu məsələdə vicdanlı və nüfuzlu ekspertlərə müraciət etmək lazımdır.

- Bütün bunlar Azərbaycan və onun müsəlman xalqı üçün heç də ürəkaçan hal deyil. Bunlar böyük başıaşağılıq gətirən proseslərdir. Çünki harada məscid var, haradakı xanımların başlarında hicab var, Quran, azan sədası gəlir - bunlar müsəlmançılığın əlamətləridir. Bütün bunlar burada müsəlmanların yaşadığına dəlalət edir. Bu məsələlərlə mübarizə aparmaq Don Kixotun yel dəyirmanı ilə döyüşməsi səhnəsini xatırladır. Bu cür primitiv qaydalarla İslama, müqəddəs təsisata qarşı mübarizə aparmaq heç bir effekt verməyəcəkdir. Bu, dünyada insan haqları müstəvisindən tutmuş, İslam dünyasında İKT səviyyəsində də nüfuzsuzlaşmağa doğru bütöv bir problemlər silsiləsini ehtiva edir. Ona görə də güman edirəm ki, bu cür hallara son qoyulmalıdır. İnşəallah ki, belə addım atanları dövlət özü cəzalarına çatdırmasa da, Allah özü çatdıracaqdır.

Hacı Ceyhun Cəfərov - ilahiyyatçı-alim, “Təkamül” tərcümə mərkəzinin rəhbəri:

- Onsuz da qeydiyyat məsələsi problemli idi. Bu, bir az da problemlər yaradacaq. Onsuz da hər hansı dini icma qeydiyyatdan keçmək üçün qarşısında çoxlu mərhələlər, xeyli sədlər var idi. Sədlər daha da artırılır.

- Ümumi mahiyyət bundan ibarətdir ki, qeydiyyat mərhələsi daha da çətinləşdirilir. Dəyişikliklər və əlavələr bunu göstərir ki, etiqad azadlığı daha da məhdudlaşdırılır və çətinləşdirilir. Bu da qeydiyyatdan keçmək istəyən icmaların azalmasına zəmin yaradır. Əvvəllər, məsələn, son 1 ildə qeydiyyatla bağlı bir-iki ciddi müşküllər var idisə, - əgər keçərsə bu təşəbbüslərdən sonra 10-12 olacaq. Bir çox icmalar, o cümlədən bölgələrdə, rayonlarda olan icmalar bu kimi müşküllərlə üzləşdiklərindən öz icmalarını qeydiyyatdan keçirə bilmirdilər. Bunlarda yeni maneələr olaraq əvvəlkilərinin üstünə gəlir.

- Bunların heç biri qəbul olunası hal deyil. Hər hansı bir məscidin sökülməsi hər bir müsəlmanın qəbul edə bilmədiyi və əqidəsinə zidd olan bir məsələdir. Bütün bunlar dini ayinlərə riayət edən istənilən inanclı üçün qəbuledilməzdir. Heç bir sağlam dindar bunlarla razılaşa bilməz. Mənim dəqiq xatirimdədir ki, azan qadağasına hətta namaz qılmayanlar özləri belə mənfi münasibət bəsləyirdilər. Məscidin sökülməsi də həmçinin - bu təkcə namaz qılana təsir göstərmir ki?! Bu hər bir müsəlmanı hiddətləndirir. Nəinki ölkə daxilində, ölkənin hüdudlarından kənardakı müsəlmanlara da çox pis təsir edir.
 
 
  • Yazılıb
  • da (də) 2009 May 09