Tarix : 2009 May 09
Kod 11809

PRAQA DANIŞIQLARININ İFLASA UĞRADIĞI TƏSDİQLƏNDİ

Serj Sərkisyan isə Dağliq Qarabağ ermənilərini məlumatlandırdı
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Praqada Dağlıq Qarabağ münaqişəsinə dair Qərbin vasitəçiliyi altında təşkil olunmuş danışıqlarda heç bir irəliləyiş əldə olunmadığını təsdiqləyib. Dünən jurnalistlərlə söhbətində nazir deyib ki, o danışıqlarda hansısa irəliləyişə nail olunduğunu təsdiq edə bilməz: “Praqa görüşündə mürəkkəb məsələlər müzakirə olunurdu, lakin təəsüf ki, ermənilər bu dəfə hər hansı konstruktivlik nümayiş etdirmədilər”. Məmmədyarov deyib ki, Azərbaycanın danışıqlar prosesindəki mövqeyi dəyişməz qalır. Bu ətraf rayonların azad edilməsindən və qaçqınların geri qayıtmasından, daha sonra Dağlıq Qarabağın Azərbaycan sərhədləri daxilində statusunun müəyyən edilməsindən ibarətdir.
Xatırladaq ki, Praqa danışıqları haqda ziddiyyətli məlumatlar yayılıb. Minsk Qrupunun həmsədrləri prezidentlərin münaqişənin nizamlanmasının baza prinsiplərinə dair “konseptual razılaşma” əldə etdiklərini bildiriblər. Bəyan olunub ki, danışıqlar konstruktiv şəraitdə keçib və irəliyə doğru mühüm addım atılıb. Lakin Azərbaycan nümayəndə heyətindən jurnalistlərə danışıqların çətin keçdiyini, Ermənistan prezidenti Serj Sərkisyanın mövqeyini sərtləşdirdiyini və iki il əvvəl danışıqlarda qaldırılan, lakin qəbul edilməyən təklifi yenidən gündəmə gətirdiyini deyib. Həmçinin Fransanın xarici işlər naziri Bernard Kuşner təsdiq edib ki, danışıqlar çətin keçib və tərəflərin hər biri öz xətti ilə gedib.
Praqada Ermənistan-Azərbaycan danışıqlarının başa çatmasından sonra hər iki ölkənin prezidentləri ilə ayrı-ayrılqıda görüşdə iştirak edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu isə əksinə, iddia edir ki, danışıqlarda “böyük addım” atılıb. Türkiyə xarici işlər nazirinin sözlərinə görə, tərəflərlə təmaslar zamanı aydın olub ki, danışıqlarda münaqişənin nizamıanmasının baza prinsipləri razılaşdırılıb. Praqadan dönən prezident Abdullah Gül də deyib ki, Ermənistan-Azərbaycan danışıqlarında irəliləyiş əldə edilib və münaqişənin nizamlanması üçün tarixi imkan yaranıb. Gül bu imkanın əldən verilməməsinin vacib olduğunu deyib.
Ermənistan tərəfi isə danışıqlar barədə ümumi məzmunlu ifadələr işlədir. Dünən prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyan həm Praqa danışıqları haqda Dağlıq Qarabağ separatçı rejimini məlumatlandırmaq, həm də Şuşanın işğalını bayram etmək üçün Xankəndinə gəlib. Bayram mərasimlərindən əvvəl Sərkisyan Dağlıq Qarabağ ermənilərinin “prezidenti” Bako Saakyanla qapalı görüş keçirib. Daha sonra onlar birlikdə Şuşa şəhərinə gəliblər. Saakyan deyib ki, Ermənistan prezidenti onu danışıqlar prosesinin gedişi haqda məlumatlandırıb  və onlarda narahatlıq yarada biləcək hər hansı gəlişmə yoxdur. Onun sözlərinə görə, danışıqlar indiki formatda getsə də məqsəd Ermənistan prezidenti ilə birlikdə Dağlıq Qarabağın da danışıqlar prosesinə birbaşa tərəf kimi qatılmasını təmin etməkdən ibarətdir. “Sərkisyan məni əmin etdi ki, Dağlıq Qarabağın iştirakı olmadan heç bir razılaşma mümkün deyil”.
 
 
 
  • Yazılıb
  • da (də) 2009 May 09