Tarix : 2009 May 09
Kod 11811

Terror hadisəsində Ermənistan xüsusi xidmət orqanlarının izi sezilir

Azərbaycan Dövlət Neft Akademiyasında qanlı faciə törətmiş Fərda Qədirovun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri müəyyən olunub
Azərbaycan servisi/Aran Agentliyi
Ermənilər ona Gürcüstan ərazisində təlim keçərək, silahla təmin ediblər, diversiya aktının törədilməsi üçün müəyyən məbləğdə pul veriblər
Azərbaycan Dövlət Neft Akademiyasında qanlı faciə törətmiş Fərda Qədirovun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri müəyyən olunub. Bu barədə
APA-nın Gürcüstan bürosuna səhihliyi şübhə doğurmayan yerli mənbədən bəlli olub.
Məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri F. Qədirovla əlaqə quraraq, onu öz tərəflərinə çəkiblər.
Müəyyən olunub ki, ermənilər elə burda da F. Qədirova xüsusi təlim keçərək, onu silahla təmin ediblər.
F. Qədirov diversiya aktının törədilməsi üçün müəyyən məbləğdə pul alıb, pulunun qalanının isə faciənin törədilməsindən sonra verilməsi ilə bağlı razılığa gəlinib.
Mənbənin məlumatına görə, artıq Gürcüstan hüquq-mühafizə və xüsusi xidmət orqanları F. Qədirovun diversiya aktı törətməklə bağlı gizli fəaliyyətə cəlb edilməsində iştirakı olan ermənini müəyyənləşdiriblər. Onun həbsi istiqamətində tədbirlər görülür.
Hadisə ilə bağlı Azərbaycan DİN-in xüsusi qrupu Gürcüstanda fəaliyyət göstərir.


Ramil Usubov terrorçu Fərda Qədirov haqqında açıqlama verdi
Daxili işlər naziri Azərbaycan Neft Akademiyasında baş vermiş kütləvi qətllə bağlı jurnalistlərə açıqlama verib

Bu gün daxili işlər naziri Ramil Usubov Azərbaycan Neft Akademiyasında baş vermiş kütləvi qətllə bağlı jurnalistlərə açıqlama verib. ANS PRESS-in məlumatına görə, nazir deyib ki, cinayətin üstünün açılması ilə üçün Azərbaycan hüquq mühafizə orqanları Gürcüstanın hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edir: “Bilirsiniz ki, F. Qədirov əslən gürcüstanlıdır. Ehtimal olunur ki, hadisəyə hazırlığı da orada görüb”.

Cinayətin motivi barədə jurnalistlərin suallarına münasibət bildirən Ramil Usubov qeyd edib ki, F. Qədirov psixi cəhətdən normal olmayıb: “Görünür ki, həmin adam psixi cəhətdən normal olmayıb. Hərhalda istintaqın bu günkü günə qədər gəldiyi nəticə budur. Ancaq ekspertiza təyin olunub, araşdırmalar aparılır. Araşdırmalardan sonra hadisənin motivi bəlli olacaq”.

Hadisənin terror olması ilə bağlı isə daxili işlər naziri bildirib ki, hadisəyə son qiyməti istintaq verəcək: “ Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir. Bildiyiniz kimi cinayətkar məlumdur. Ətraflı araşdırma gedir. Hadisəyə son qiyməti ekspertiza verəcək.”

Xatırladaq ki, aprelin 30-da 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov "Makarov" tipli tapança ilə Azərbaycan Neft Akademiyasına basqın etmiş, nəticədə 12 nəfər həyatını itirmiş, 13 nəfər isə yaralanmışdı. Polis tərəfindən yaxalanacağını bilən F. Qədirov özünü güllələyərək intihar etmişdi.

Hadisə əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Faktla bağlı F. Qədirovun bibisi oğlu Cavidan Əmirov və F. Qədirovun həmyerlisi Nadir Şirxan oğlu Əliyev saxlanılıb.
  • Yazılıb
  • da (də) 2009 May 09