Tarix : 2009 May 10
Kod 11827

Gül bayramı günü olaylar yaşandı

Dünan Bakıda tələbə və gənclər Neft Akademiyasındakı qətliamla bağlı və “Gül bayramı”na etiraz olaraq aksiya keciriblər
Azərbaycan servisi/Aran Agentliyi

Azərbaycan Neft Akademiyasında baş verən qanlı terror hadisəsi zamanı şəhid olan tələbələrin xatirəsinə matəm elan edilməməsi gənclərin narazılığına səbəb olub. Hakimiyyətin mayın 10 –da ənənəvi “Gül Bayramı”nı təxirə salmaması isə tələbələr tərəfindən hiddətlə qarşılandı. ADNA-da baş verən məşum terrora etiraz etmək və 12 şəhidin xatirəsinin anmaq məqsədi ilə tələbə-gənclər mayın 10-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər. Lakin həmin müraciətə mənfi cavab verilib. Üstəlik, polis mayın 8 və 9 –da mitinq komitəsinin 5 üzvünü həbs edib.

Bütün bunlara baxmayaraq mitinq komitəsinin həbs edilməmiş üzviləri etiraz aksiyasını keçirmək barədə qəti qərar veriblər.

Neft Akademiyası polis və hərbiçilərin mühasirəsində



Tələbələr etiraz aksiyasını saat 11 radələrində Neft Akademiyasının qarşısında keçirməyi nəzərdə tutmuşdular. Lakin akademiyanın, Cəfər Cabbarlı heykəlinin və Respublika Sarayının qarşısı polis və hərbiçilər tərəfindən mühasirəyə alınmışdı. Polis və mülki geyimli şəxslər gənclərin bir yerə toplaşmalarına imkan vermirdi. Azadlıq meydanı istiqamətində isə müxtəlif qoşun növlərinin silahlı əsgərləri hərbi orkestrin müşayiəti ilə hərbi marş keçirirdi.

Bulvarda qara paltarda gəzmək olmaz!!



Neft Akademiyasının önündə mitinq keçirə bilməyən gənclər Milli Parka (bulvara) toplaşmağa başladılar. Gənclərin bulvara axınından qorxuya düşən hakimiyyət nümayəndələri ərazidə polis nəfərlərinin sayını artırdılar. Bir müddət sonra bulvara qara paltarlı, başlarına qara örtük bağlayan xanımlar daxil oldular. Sinələrində şəhid tələbələrin səkillərini gəzdirən xanımlara qəflətən polis nəfərləri hücum etdi.


Əməliyyata rəhbərlik edən Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamil Vəlişov polislərə “qızların saçından tutub sürüyün. Hamısını maşına basın”, əmri verdi. Bu əmrdən sonra polislər qızlara qarşı həddindən artıq aqressiv münasibət göstərdilər. Bəzi polis çavuşları qızların saçından tutaraq onları zorla maşınlara oturtdular.


Bulvarda 15 nəfər gənc həbs edildi. Hadisə zamanı polis “Azadlıq” radiosunun əməkdaşı Səbinə Vaqifqızını da həbs etdi. Daha sonra polislər bulvarda olan bütün gənclərdən ərazini tərk etmələrini tələb etdilər. Qısa müddət ərzində bulvar polislər tərəfindən tam boşaldıldı.

Sahil Bağında “Matəm elan olunsun !” sədaları

Bulvardan çıxarılan gənclər etiraz aksiyasını “Sahil” bağında davam etdirdilər. Əsasən Müsavat Partiyası Gənclər Təşkilatının üzvilərindən ibarət 70 nəfərlik dəstə “Terrora yox !”, “Matəm elan olunsun!” və “Azadlıq” şüarları səsləndirməyə başladılar.


Qısa müddət ərzində bağa yüzdən artıq polis cəmləşdi. Bu dəfə də aksiyada iştirak edən xanımların saclarından tutaraq maşınlara mindirdilər. Etiraz aksiyasının oğlan iştirakçıları isə polislər tərəfindən amansızlıqla döyüldü. Polis maşınlarına mindirilən tələbələr orada da “Matəm elan olunsun!” və “Azadlıq!” şüarları səsləndirirdilər.

“Gənclər naziri” Azad Rəhimov zorakılığı soyuqqanlılıqla müşahidə etdi

Polislər gəncləri “Sahil” bağında döyərkən gənclər və idman naziri Azad Rəhimov baş verənləri soyuqqanlılıqla izləyirdi. Jurnalistlər A. Rəhimova polislərin qızların saclarından tutaraq sürümələrinə və aksiya iştirakçılarını döymələrinə münasibət bildirməsini xahiş etdilər. Nazir isə heç nə olmamış kimi polisləri müdafiə etdi: “Polis xanımlara əl qaldırmadı. Mən buradayam və belə bir faktla rastlaşmadım”.


Qəzetimizin əməkdaşı Əfqan Muxtarlı A.Rəhimova polislərin qızların saclarından tutaraq zor tətbiq etdiyini əks etdirən fotoşəkilləri nümayiş etdirərək ondan bir daha fakta münasibət bildirməsini xahiş etdi. Sən demə A. Rəhimovun görmə problemi varmış. A. Rəhimov ona təqdim edilən foto və video kadrlara baxdıqdan sonra da polisi müdafiə etdi: “Mən polisin qızları döydüyünü görmədim. Xahiş edirəm sakitləşəsiz”.

Polis bölməsində etiraz aksiyası

Etiraz aksiyalarında həbs edilən gənclər 39- cu polis bölməsinə aparıldı. Həbs edilənlərin bizə telefonla verdikləri məlumata görə 39-cu polis bölməsində 36 nəfər gənc saxlanılırdı. Biz polis bölməsinin önündə olarkən həbs edilən tələbələr ucadan şüarlar deyirdilər. 39-cu polis bölməsində olan gənclər içəridə aksiya keçirərək “Matəm elan olunsun !”, “Gül bayramına yox !” və “Azadlıq” şüarları səsləndirirdilər.

39 –cu polis bölməsində olan tələbələr bizə həbs edilənlərin siyahısını göndərdilər. Onlar bizə həbs edilən 2 xanımın - Şəhla Mustafayevanın və Aygün Quliyevanın yaralandığını söylədilər. 39- cu polis bölməsində saxlanılanlardan 12 nəfəri Müsavat Partiyasının Gənclər Təşkilatının üzviləridir.


1 Lamiyə Quliyeva (Müsavat)
2 Aygün Quliyeva (Müsavat)
3 Nigar Yaqublu (Müsavat)
4 Nərgiz Yaqublu (Müsavat)
5 Şəhla Mustafayeva (Müsavat)
6 Cavid Hacıbəyli (Müsavat)
7. Rüfət Hacıbəyli (Müsavat)
8 Ramil Baxış (Müsavat)
9 Elnur Babayev (Müsavat)
10 Ayaz Bəyturan (Müsavat)
11 Emil Elmanlı (Müsavat)
12 Səbuhi Turan (Müsavat)
13 Araz Səməd (AXCP)
14 Kamran Kərimli ( bitərəf tələbə)
15 Anar Məsimov (bitərəf tələbə )
16 Cəmil Hacıyev (ADP Gənclər Təşkilatının sədri)
17 Aynurə Hüseynova ( bitərəf tələbə )
18 Könül Cəfərova (bitərəf tələbə )
19 Zümrüd Rzazadə

Həbs edilən digər tələbələr adlarının qəzetlərdə çəkiləcəyi təqdirdə oxuduqları ali məktəblərdən xaric ediləcəklərini bildiriblər. Onların xahişini nəzərə alaraq adlarını dərc etmirik.

ABŞ Milli Demokratiya İnstitutunun təmsilçisi də həbs edilib

ADNA-nin bir qrup tələbəsi və gənclər Milli Konservatoriyanın qarşısında etiraz aksiyası keçirib. Polis bu etiraz aksiyasını da qəddarlıqla dağıdıb və 16 nəfəri həbs edərək 22-cı Polis Bölməsinə aparıb. Etiraz aksiyasını izləyən ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə rəhbəri Arien de Vulf və köməkçisi Rəşad Şirinov da həbs edilərək polis bölməsinə aparılıb.

Polis bölməsində saxlanılan 16 nəfər aksiya iştirakçısından yalnız 2 nəfərinin - Emin Millinin və Nigar Fətullayevanın adlarını dəqiqləşdirə bildik. 9-cu polis bölməsində saxlanılan 20-dən artıq aksiya iştirakçısı ilə əlaqə qura bilmədiyimizdən onların adlarını dəqiqləşdirə bilmədik.

Millət vəkilləri, diplomatlar və hüquq müdafiəçiləri polis bölməsinə buraxılmadı

Gənclərin həbsindən bir müddət sonra 39 –cu polis bölməsinin önünə Müsavat deputat qrupunu üzviləri Nəsib Nəsibli, Pənah Hüseyn, Norveçin ölkəmizdəki səfiri, ABŞ səfirliyinin nümayəndələri, hüquq müdafiəçiləri Arzu Abdullayeva, Səidə Qocamanlı və Səadət Bənənyarlı gəldi. Lakin polislər millət vəkillərinin, diplomatların və hüquq müdafiəçilərinin həbs edilənlərlə görüşmələrinə icazə vermədilər. Bölmədə isə həbs edilənlərdən ADP Gənclər Təşkilatının sədri Cəmil Haciyev polislər tərəfindən otaqların birinə aparılıb. Polis nəfərləri orada C.Hacıyevi döyüblər.

Bir müddət sonra xəsarət alan xanımların vəziyyəti ağırlaşdı. Polis əraziyə təcilli yardım maşını cağırsa da həkimi uzun müddət içəri buraxmadılar. Bölmənin qarşısına toplaşan tələbələrin tələblərindən sonra həkim bölməyə daxil oldu. Lakin təcilli yardım həkimi yaralılara yardım etmək əvəzinə polis zabiti ilə danışıb tələsik bölməni tərk etdi.

Jurnalistlər həkimdən yaralıların vəziyyətini soruşduqda o xəsarət alanların olmadığını söylədi. Onun bu cavabı etirazlara səbəb oldu. Həkimsə etiraz edən xanımları təhqir etdi. Bu isə onsuz da əsəbi olan gənclərin səbrini daşırdı. Həkim daha sonra gəncləri provakasiyaya çəkməyə cəhd göstərdi. Hüquq müdafiəçilərinin tələbindən sonra içdiyi Hipokrat adına xəyanət edən həkim ərazidən uzaqlaşdı.

Polislər jurnalistləri döydü

39-cu polis bölməsinin önünə gələn baş leytenant rütbəli zabit tələbələrin və jurnalistlərin ərazini tərk etmələrini tələb etdi. Millət vəkilləri N.Nəsibli və P.Hüseyn bölmənin qarşısını tərk etdikdən sonra polislər jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı zor tətbiq etdi.


Polis nəfərləri qəzetimizin əməkdaşları Leyla İlqara və Əfqan Muxtarlıya qarşı fiziki güc işlətdilər. Polis çavuşu jurnalist həmkarlarının köməyinə gələn “Yüksəliş naminə” qəzetinin əməkdaşı Elcin Həsənovun qarın nahiyəsinə təpiklə zərbə endirdi. E.Həsənov aldığı zərbədən huşunu itirdi. Tələbələr və yaxınlıqdakı sakinlər E.Həsənova yardım etdikdən sonra o özünə gəldi.

Aksiyalarda 100-dən artıq şəxs saxlanılıb


Mayın 10-da keçirilən etiraz aksiyası zamanı 100-dən artıq şəxs saxlanılıb. Saxlanılanlardan bir çoxları Bakı şəhərində olan müxtəlif polis bölmələrinə aparılıb. Aksiya iştirakçılarının bəziləri polis maşınlarına mindirilərək şəhərdən kənara çıxarılıb və marşurut olmayan ərazilərdə sərbəst buraxılıb. Bir çox tələbə fəallar isə səhər saatlarında etiraz aksiyasından öncə həbs edilib.

“Hədəf” Gənclər Kolisiyasının rəhbəri Ağasif Şakiroğlu saat 10 radələrində metronun “Gənclik” satansiyasında həbs edilib. A.Şakiroğlunun qəzetimizə verdiyi məlumata görə o 5 saylı Polis Bölməsinə aparılıb: “Məni bölməyə gətirdilər. Orada mənə bildirdilər ki, guya mən 8–ci mikrorayonda Tennis Akademiyasının önündə 53 saylı marşurut avtobusuna əl etmişəm. Sürücü maşını saxlamadıqda isə mən onu uca səslə söymüşəm. Heç bir şahid olmadan, sürücünün ərizəsi belə olmadığı halda saat 17 radələrində məni 100 manat məbləğində cərimə etdilər. Sonra sərbəst buraxıldım”.

  • Yazılıb
  • da (də) 2009 May 10