Tarix : 2009 May 11
Kod 11831

MÜSAVAT QAZETI : FƏRDA ERMƏNİ AGENTİ ÇIXDI

Ona Gürcüstan ərazisində təlim keçilib,silahla təmin edilib, diversiya aktının törədilməsi üçün müəyyən məbləğdə pul verilib
Azərbaycan Servisi/Aran Agentliyi
“Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qanlı qətliam törətmiş Fərda Qədirovun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri müəyyən olunub. Ermənilər ona Gürcüstan ərazisində təlim keçərək silahla təmin ediblər, diversiya aktının törədilməsi üçün müəyyən məbləğdə pul veriblər”. Bu barədə APA-nın Gürcüstan bürosuna səhihliyi şübhə doğurmayan yerli mənbədən bəlli olub. Məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri F.Qədirovla əlaqə quraraq onu öz tərəflərinə çəkiblər. Müəyyən olunub ki, ermənilər elə burada da F.Qədirova xüsusi təlim keçərək onu silahla təchiz ediblər.
F.Qədirov diversiya aktının törədilməsi üçün əvvəlcədən müəyyən məbləğdə pul alıb, pulun qalanının isə faciənin törədilməsindən sonra verilməsi ilə bağlı razılığa gəlinib.
Mənbənin məlumatına görə, artıq Gürcüstan hüquq-mühafizə və xüsusi xidmət orqanları F.Qədirovun diversiya aktı törətməklə bağlı gizli fəaliyyətə cəlb edilməsində iştirakı olan erməni millətindən olan şəxsi müəyyənləşdirib. Onun həbsi istiqamətində tədbirlər görülür. Hadisə ilə bağlı Azərbaycan DİN-in xüsusi qrupu Gürcüstanda fəaliyyət göstərir.
Dünən bu xəbər yayılmazdan əvvəl daxili işlər naziri Ramil Usubov açıqlama verərək bildirib ki, Fərda Qədirov psixoloji cəhətdən normal adam olmayıb. Nazir ADNA-da törədilən cinayət hadisəsi ilə bağlı istintaqın getdiyini və geniş araşdırmalara başlanıldığını vurğulayıb. R.Usubov bildirib ki, cinayətdə əlavə şəxslərin iştirak edib-etməməsi halı olubsa, bu xüsusat da istintaqın gedişində müəyyənləşəcək. DİN başçısı onu da qeyd edib ki, hadisəni törədən F.Qədirov əslən Gürcüstandan olduğu üçün istintaq zamanı Gürcüstan tərəfi də Azərbaycana köməklik göstərir.
Nazirin sözlərinə görə, cinayət işinin motivi ilə də bağlı araşdırmalar gedir: «Hadisənin motivi araşdırılır. Dəqiq məlumat istintaqdan sonra məlum olacaq. Amma görünür ki, Fərda Qədirov psixoloji cəhətdən normal olmayıb".
Hadisənin terror faktı olub-olmamasına gəlincə isə nazir araşdırmaların davam etdiyini bildirib: «Hadisənin terror olub-olmamasını istintaq müəyyənləşdirəcək».
Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da ADNA-da törədilmiş cinayət hadisəsi ilə əlaqədar başlanmış cinayət işi üzrə intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini vurğulayıb. Hazırda cinayətin təşkilatçılarının, təhrikçilərinin və digər iştirakçılarının, habelə cinayətin başvermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparıldığını deyib.
E.Sultanov F.Qədirovun ermənilər tərəfindən bu cinayətə sövq edilməsi ilə bağlı sualı nə təsdiq, nə də təkzib etməyib: “Cənab Ramil Usubov mətbuata kifayət qədər əhatəli müsahibə verib. Bir daha qeyd edirik ki, istintaqın gedişatı ilə bağlı istintaq-əməliyyat qrupu tərəfindən zərurət yaranan zaman ölkə ictimaiyyətinə əlavə məlumat veriləcək. İstintaq müəyyən etdiyi fərziyyələrin hər birini xırdalıqlarına kimi araşdırır”.
Xatırladaq ki, hadisədən 5 gün sonra Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə açıqlama yayaraq qətliamın törədicisi Fərda Qədirov və bu qanlı cinayətin digər iştirakçıları barədə ictimaiyyətə məlumat verdilər. Lakin hadisənin motivi göstərilmədi. Qətliamda erməni versiyasının ortaya çıxması, eyni zamanda Fərda Qədirovun milliyyətcə kürd olması kimi mühüm detalın təkzib olunmaması onu göstərir ki, istintaqda bu barədə məlumat olub, lakin həmin məlumatı faktlarla bərkitmək üçün araşdırma aparıldığından bu məsələ ictimailəşdirilməyib.
Qeyd edək ki, hadisədən bir neçə gün sonra qətliamda iştirakda ittiham olunan Nadir Əliyevlə bağlı məlumat yayıldı. Məlumatda deyilirdi ki, N.Əliyev istintaqa ifadəsində F.Qədirovun qətliamdan iki gün əvvəl “bir neçə günə bütün dünya məndən danışacaq” deyib. Bu məlumat yayılandan sonra onu yayan mətbuat orqanı istintaqın təkidi ilə xəbəri saytdan çıxardı. İndi isə F.Qədirovun ermənilərin təhriki ilə bu cinayəti törətməsi ilə bağlı xəbər yayılıb. İstintaq orqanı isə mətbuat orqanından bu xəbərin saytdan çıxarılmasını tələb etmir. Bu isə onu göstərir ki, yayılan məlumat heç də əsassız deyil.
  • Yazılıb
  • da (də) 2009 May 11