Azərbaycan prezidenti Praqada Rusiyadan yan keçən qaz kəmərinə siyasi dəstək verdi, ancaq «Şahdəniz» qazı Şimal istiqamətində axa bilər
Azərbaycan Servisi/Aran Agentliyi
Xəbər verildiyi kimi, mayın 8-də Praqada «Nabukko» qaz kəməri layihəsinə dair bir sıra Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin iştirakı ilə sammit keçirilib. Sammitdə məqsəd neçə vaxtdır geosiyasi mübarizə predmetinə çevrilən və perspektivləri şübhə altına düşən 8 milyard avroluq bu kəmər layihəsi ilə bağlı həm hasilatçı, həm tranzit, həm də alıcı ölkələrin siyasi razılığını almaq, habelə layihənin həyata keçirilməsi üçün iştirakçı ölkələrin konkret fəaliyyətə keçməsini təmin etmək idi.
Lakin sammiti təşkil edən Avropa İttifaqı (Aİ) gözlədiyi dəstəyi ala bilmədi. Sammitə öz nümayəndələrini göndərən və «Nabukko» üçün əsas qaz təminatçılarından biri hesab olunan Türkmənistan, habelə Qazaxıstan və Özbəkistan yekun siyasi bəyannaməni imzalamaqdan imtina etdilər. Sənədə Aİ ölkələrindən başqa yalnız Gürcüstan, Azərbaycan, Türkiyə və Misir imza atıb. Ümumi məzmunlu sənəddə Avropaya neft-qaz nəqlinə dair cənub dəhlizinin genişləndirilməsi perspektivləri alqışlanır.
Diplomatik mənbələrdən isə deyiblər ki, Praqa sammitində layihəyə gözlənilən siyasi dəstəyi təmin etmək mümkün olmayıb. Çexiya nümayəndə heyətinin üzvü deyib ki, Aİ nümayəndələri sammit zamanı Türkiyəyə seçim təklif edib: ya tranzit ölkə statusuna qane olmaq və «Nabukko»ya qoşulmaq, ya da enerji daşıyıcılarının tranzitindən kənarda qalmaq. Xatırladaq ki, Türkiyə «Nabukko» ilə bağlı qəbuledilməz şərtlər irəli sürərək həm Azərbaycanı, həm də Avropanı narazı salıb. Türkiyə çalışır ki, Azərbaycan qazını sərhəddə ucuz qiymətə alıb onu Avropaya baha satsın, üstəlik kəmərlə nəql olunan qazın 15 faizini aşağı qiymətlə öz daxili tələbatına yönəltsin.<%-1>
Hələlik Praqa sammitinin nəticələrindən ən çox razı qalanlardan biri Gürcüstandır. Prezident Mixail Saakaşvili imza mərasimindən sonra deyib ki, bu anlaşmanın imzalamasından sonra deyib ki, Gürcüstan Avropaya qaz nəqli üçün əsas tranzit ölkəsinə çevrilir. Onun sözlərinə görə, bəyannaməyə imza atmaqla Gürcüstan təminat verir ki, onun ərazisindən qaz və digər enerji daşıyıcılarının nəqlində heç bir problem olmayacaq.
Qeyd edək ki, Azərbaycan öz qazını Rusiyaya satmaq barədə danışıqlar aparır və müqavilə imzalamağa yaxındır. Belə bir vaxtda prezident ilham Əliyevin Praqada «Nabukko» bəyannaməsinə imza atması ilk baxışdan ziddiyyətli görünə bilərdi. Lakin Azərbaycan üçün bu məsələdə yaxşı manevr imkanları var. Çünki Azərbaycan həm qaz ixrac edən, həm də tranzit ölkə statusundadır. Ona görə də Praqada atılan imza Azərbaycanın «Nabukko» ilə qaz nəqlinə razılaşması mənasını vermir. Beynəlxalq öhdəliklərə görə, Azərbaycan öz ərazisindən enerjidaşıyıcılarının tranzitinə qarşı ola bilməzdi və deməli, sözügedən imza əsasən formal xarakter daşımaqla Rusiya ilə danışıqlara xilaf çıxmaq mənasını vermir.<%-2>
Nüfuzlu «Enerji İntelicens» dərgisindən Pol Simpson BBC-yə açıqlamasında deyib ki, Praqada imzalanan sənəd «Nabukko» ilə bağlı müəyyən qədər ümidləri artıra bilər. Onun sözlərinə görə, Türkiyənin sənədə imza atması mühümdür. Lakin hələ də həllini gözləyən fundamental məsələlər var. Bunların arasında, elə Türkiyə və Azərbaycanın bu layihəyə nə qədər maraqlı olmalarıdır. İyunda «Nabukko»ya dair hökumətlərarası sazişin imzalanması vaxtı gələndə hələ də layihə barədə suallar qalacaq. Buna görə də Praqa görüşü bu şübhələri heç cürə aradan qaldıra bilməzdi. Ekspert deyib ki, son aylar ərzində Azərbaycan Rusiya ilə qaz ticarətinə dair danışıqlar aparır: «Ola bilər ki, bu Azərbaycan üçün bir danışıq priyomudur. Ya "Nabukko"dan, ya da Rusiyadan nəsə əldə etmək üçün. Zənnimcə, Azərbaycan və Rusiya arasında çox ciddi məsələlər həll olunur və bu da «Nabukko» üçün narahatlıq yaratmaya bilməz. «Nabukko» siyasi motivli layihədir. Bu, Aİ-nin layihəsidir, onun enerji təhlükəsizliyinin təmininə xidmət edir. Lakin onun qarşısında bir xeyli problemlər də var. Bunlardan ən vacibi kəmər üçün kifayət qədər qazın tədarük edilməsidir. İnanmıram ki, Praqada imzalanmış bu sənəd bu məsələləri həll edə bilib".