Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin birinci hissəsi mayın 6-dan 19-a qədər, ikinci hissəsi isə mayın 21-dən iyunun 3-ə kimi davam edəcək
Gürcüstan servisi/Aran Agentliyi
Dünən NATO-nun Gürcüstanda keçirdiyi çoxmilli təlimlərin rəsmi açılışı keçirilir. Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin birinci hissəsi mayın 6-dan 19-a qədər, ikinci hissəsi isə mayın 21-dən iyunun 3-ə kimi davam edəcək. Təlim çərçivəsində Gürcüstan silahlı qüvvələrinin birgə qərargahının rəisi Devi Çankotatze təlimlərin rəhbəri, NATO təmsilçisi Covanni Severeze ilə görüşüb. Görüşdən sonra hərbçilər bildiriblər ki, bu təlimlər «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində həyata keçirilir: «Bu təlimlər iştirakçı ölkələr üçün çox əhəmiyyətlidir. Biz bu ölkələri NATO standartlarına çatdırmaq üçün birgə işləməliyik».
Gürcüstan silahlı qüvvələrinin birgə qərargahının rəisi Devi Çankotadze isə bildirib ki, bu təlimlər hələ bir il bundan əvvəl planlaşdırılmışdı: «Təlimlər təcrübənin yüksəlməsinə xidmət edir. Bu da Gürcüstanın NATO-ya inteqrasiyasına öz töhvəsini verəcək».
Rusiyanın baş naziri Vladimir Putin NATO-nun Gürcüstanda keçirdiyi təlimləri Amerika-Rusiya münasibətlərində geriləmə adlandırıb. Yaponiyanın kütləvi informasiya vasitələrinə bu ölkəyə edəcəyi səfər ərəfəsində verdiyi müsahibədə Vladimir Putin deyib ki, NATO-nun Gürcüstandakı hərbi təlimləri Rusiya ilə Amerika arasında münasibətlərin yenidən qurulması prosesini dayandıra bilər. Onun sözlərinə görə, bu münasibətlərin yenidən qurulmasını Rusiya yox, Amerika Birləşmiş Ştatları təklif edib və rəsmi Moskva da bununla razılaşıb. Lakin Vladimir Putin heasb edir ki, Gürcüstanda NATO-nun hərbi təlimləri tamam başqa istiqamətdə verilən bir siqnaldır. Onun sözlərinə görə, Gürcüstanda bu gün baş verənləri hamı görür: «Nümayişlər zorakılıqla dağıdılır, müxalifət fəalları yaralanıb, rezin güllələr işlədilib, siyasi məhbusların sayı artır, silahlı qüvvələr üsyan edir. Və belə bir şəraitdə hərbi təlimlər keçirli. Bu, hakim rejimin dəstəklənməsindən başqa cür başa düşülə bilməz»
Gürcüstan Xarici İşlər Nazirliyi Vladimir Putinin bu bəyanatına münasibət bildirib. Xarici siyasət idarəsinin beynəlxalq əlaqələr departamentinin direktoru Serqi Kapanadze keçirdiyi brifinqdə bəyan edib ki, bu, rəsmi Moskvanın, Gürcüstanı yenidən öz ambisiyaları və maraqları çərçivəsinə qaytarmaq cəhdləridir. Onun sözlərinə görə, Rusiyanın baş nazirinin sözlərində təzə heç nə yoxdur və bu Rusiya siyasətinin davamıdır: «Rusiya baş nazirinin bəyanatı, Amerika Birləşmiş Ştatları dövlət katibinin ciddi rəyinə səbəb olub. Bu isə Amerika ilə Gürcüstanın əlaqələrinin sarsılmaz və dəyişməzliyini təsdiq edir».
Qeyd edək ki, NATO-nun Gürcüstanda keçirəcəyi hərbi təlimlərdə 15 ölkədən, o cümlədən Azərbaycandan olmaqla mindən artıq hərbçinin iştirak edir. bu arada Gürcüstan kütləvi informasiya vasitələri, Rusiya sərhədçilərinin Qali rayonundan və Kodor dərəsindən sonra Tkvarçeli şəhərinin ətrafını da tutduqları barədə məlumatlar yayıb. Məlumatda bildirilir ki, Rusiya qoşunları artıq Akarmara kəndinin strateji yüksəkliklərində zenit və hava hücumundan müdafiə sistemlərini quraşdırıblar.