Metyu Brayza: “Azərbaycan prezidenti daha Qarabağdakı rejimə cinayətkar demir”
Azərbaycan servisi/Aran Agentliyi
Ötən həftə Praqada aparılan və yayılan məlumatlara əsasən, heç bir irəliləyişin əldə olunmadığı Qarabağ danışıqlarında gələn ay dönüş yarana bilər. Minsk Qrupunun rusiyalı və amerikalı həmsədrləri bu barədə nikbin danışıblar. Rusiyalı həmsədr Yuri Merzlyakov “Exo Moskva” radiostansiyasına müsahibəsində deyib ki, həmsədrlər Azərbaycanla Ermənistan arasında razılaşdırılmamış bəzi məqamlar ətrafında irəliləyiş əldə ediləcəyinə inanırlar. “Münaqişənin nizamlanmasının cəmi 4 başlıca prinsipi var. Bunlardan əksəriyyəti üzrə artıq qarşılıqlı anlaşma var. Ümid edirik ki, prezidentlər arasında gələn ay Sankt-Peterburqda keçiriləcək danışıqlarda həll ediməmiş qalan məsələlər ətrafında da dönüş yaranacaq”, - deyə o bildirib.
Merzlyakovun sözlərinə görə, prezidentlər artıq Sankt-Peterburqda keçiriləcək iqtisadi forum ərəfəsində görüşməyə hazır olduqlarını ifadə ediblər. Rusiyalı diplomat qeyd edib ki, Praqa danışıqları konstruktiv formada keçib. Tərəflərin mövqeləri arasında yaxınlaşma müşahidə edilib. Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza da “Exo Moskva” radiostansiyasına müsahibəsində danışıqlar prosesininn gələcəyi ilə bağlı nikbin fikirlər işlədib. Brayza deyib ki, danışıqlar Qarabağ və ətraf rayonların Azərbaycana mərhələ-mərhələ qaytarılmasını nəzərdə tutur. Bu proses qaçqınların geri qayıtması ilə paralel baş verməlidir: “Prezident Əliyev Moskvada olarkən bəyan etdi ki, Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. Bu, irəliyə doğru böyük addımdır. Prezident eyni zamanda Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququ haqda da danışdı. Rusiya prezidenti Dmitri Medvedyevlə son görüşünə qədər Əliyev həmişə deyirdi ki, Qarabağdakı rejim cinayətkardır, kriminaldır və legitim deyil. Lakin indi o öz müqəddəratını təyinetmə hüququ haqda danışır. Bununla da Əliyev öz əhalisini Azərbaycanın gedəcəyi çətin kompromislərə hazırlayır”, - deyə Brayza bildirib.
Amerikalı diplomata görə, Qarabağ probleminin yekun həlli öz müqəddəratını təyinetmə, ərazi bütövlüyü və güc tətbiqinin istisna olunması prinsiplərinin balanslaşdırılması nəticəsində əldə edilməlidir. Brayza danışıqlar prosesində ərazilərin qaytarılmasına dair mürəkkəb müzakirələr getdiyini də deyib: “Belə danışıqlar gedir. Bu, bizim danışıqlarda çox mühüm predmetdir. Mən hesab edirəm ki, sonda ərazilər qaytarılacaq, azərbaycanlı qaçqınlar isə həmin ərazilərdə yerləşəcək. Hazırda mən Qarabağın özü ilə bağlı nə olacağını proqnozlaşdıra bilmirəm. Ancaq bilirik ki, Dağlıq Qarabağ üçün də yeni şərait yaranacaq, bu şəraitin necə olacağını danışıqlar müəyyənləşdirəcək”. Brayza onu da deyib ki, ABŞ-la Rusiya arasında Dağlıq Qarabağ münaqişəsinə dair ortaq yanaşma var. Bu yanaşma müsbətdir və Gürcüstana yanaşmada ABŞ-Rusiya ziddiyyətlərindən uzaqdır.