Tarix : 2009 May 11
Kod 11851

ABŞ RUSİYA İLƏ ENERJİ SAVAŞINI DAVAM ETDİRƏCƏK

Amerika “Qazprom”un cənub dəhlizini nəzarətə götürməsini istəmir
Rusiya servisi/Aran Agentliyi
ABŞ Rusiyanın Cənubi Qafqaz və ona bitişik bölgələrdə enerji layihələri üzərində dominantlıq etməsinə yol verməyəcək. Dövlət katibinin köməkçisi Metyu Brayza “Exo Moskva” radiostansiyasına müsahibəsində belə deyib.
Brayzanın sözlərinə görə, Rusiya ilə münasibətləri yenidən canlandırmaq niyyəti heç də o demək deyil ki, ABŞ bu ölkənin Xəzər hövzəsindən Avropaya enerji daşıyıcılarının nəqli üzərində dominantlıq etməsinə qarşı çıxmayacaq: “Biz istəmirik ki, artıq şimal dəhlizini ələ alan bu nəhəng şirkət, “Qazprom” cənub dəhlizinə də nəzarət etsin. O zaman heç bir rəqabətdən söhbət açmaq mümkün olmayacaq və bazar normal şəkildə fəaliyyət göstərməyəcək”. Amerikalı diplomat qeyd edib ki, Avropanın qaz bazarlarında nəzarətə sahib olan “Qazprom” İran və Xəzər hövzəsi ölkələrinin qaz ehtiyatlarını da cənub dəhlizi ilə Avropaya çıxarmaq, qaz karteli yaratmaq istəyir. Onun sözlərinə görə, 2004-cü ildə Rusiya prezidenti Vladimir Putin Gürcüstanın qaz kəmərləri sisteminin onlara verilməsini istəyib, ancaq bu təklif qəbul olunmayıb: “Rusiya çalışırdı ki, İran qazını Ermənistan vasitəsilə alıb Gürcüstan üzərindən nəql etsin”.
Brayza onu da deyib ki, Türkmənistanın “Nabucco”ya qoşulmaq istədiyini hiss edir. Baxmayaraq ki, ötən həftə Praqada Türkmənistan “Nabucco”ya dair bəyannaməni imzalamayıb.
 
  • Yazılıb
  • da (də) 2009 May 11