Tarix : 2009 May 12
Kod 11874

ƏRDOĞANI BAKIDA ÇƏTİN DANIŞIQLAR GÖZLƏYİR

Türkiyə mətbuatı yazır ki, baş nazir Ermənistanla anlaşmaya dair Azərbaycanı inandırmaq üçün çox səy göstərməlidir
Azərbaycan servisi/Aran Agentliyi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya səfərə gəlir. Bu səfər iki ölkə arasındakı münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq məqsədi daşıyır və Ankara-İrəvan yaxınlaşmasının əldə edilməsindən sonra Türkiyədən Azərbaycana edilən ilk səfərdir. Xəbər verildiyi kimi, Ərdoğan Bakıya hələ aprelin sonlarında-Ermənistanla “Yol xəritəsi” anlaşmasından bir neçə gün sonra səfər etməyi planlaşdırıb. Lakin münasibətlərdəki gərginlik bu səfərin həmin vaxt baş tutmasına imkan verməyib.
Səfər proqramına görə, Ərdoğan Bakıda rəsmi danışıqlarını sabah aparacaq, prezident İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşəcək, habelə parlamentdə çıxış edəcək. Parlamentdə çıxış səfər proqramına Ərdoğanın xahişi ilə salınıb.
Türkiyə mənbələri xəbər veriblər ki, o, bir neçə gün əvvəl Əliyevlə telefon danışığı zamanı parlamentdə çıxış edib  Ermənistanla yaxınlaşma məsələsindəki mövqeyini  Azərbaycan ictimaiyyətinə açıq şəkildə çatdırmaq istədiyini bildirib. Bu xahişə Əliyev “heç bir problem yoxdur, çıxış edə bilərsiniz” cavabını verib.
Qeyd edək ki, Ermənistan-Türkiyə yaxınlaşmasında Qarabağ şərtinin yer alıb-almadığı haqda suala Bakı Ankaradan hələ də aydın cavab ala bilmir. Bu məsələdə Türkiyə rəhbərləri fərqli açıqlamalar və şərhlər verirlər. Vəziyyət mürəkkəb söz oyununu xatırladır. Məsələn, ötən həftə Praqada Türkiyə prezidenti Abdulla Gül Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrılıqda görüşüb. Sərkisyan görüşdən sonra elan edib ki, iki ölkə arasındakı münasibətlərin heç bir ilkin şərt qoyulmadan nizamlanmasına dair anlaşma var və tərəflər bundan əvvəlki razılaşmalara sadiqdir. Abdulla Gül isə Sərkisyanın dediklərini təkzib etməyərək, Türkiyənin “bölgənin mənafeyi üçün çalışdığını” bildirib. Baş nazir Ərdoğan isə daha açıq danışır. O, iki gün əvvəl növbəti dəfə bəyan edib ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyənə qədər sərhədlər açılmayacaq. Bununla belə, Bakıda narahatlıqlar hələ də qalır. Türkiyənin də vəziyyəti sadə deyil və Ermənistanla “Yol xəritəsi” anlaşmasını həyata keçirmək üçün onu tələsdirirlər.
“Milliyet” qəzetinin yazdığına görə, belə vəziyyətdə Bakıda danışıqlar aparmaq və Azərbaycanla münasibətlərdəki gərginliyi aradan qaldırmaq Ərdoğan üçün asan olmayacaq. Xüsusən o baxımdan ki, ötən həftə Praqada aparılan Qarabağ danışıqlarında heç bir nəticə əldə edilmədiyi haqda xəbərlər gəlir. Qəzetin yazdığına görə, Türkiyə ümid edirdi ki, Ermənistanla yaxınlaşma prosesi ilə paralel olaraq Qarabağ münaqişəsinin həlli istiqamətində də müsbət irəliləyişlər olacaq: “Lakin belə irəliləyiş yoxdur, üstəlik, Azərbaycan mətbuatı yazır ki, Ermənistan Türkiyə ilə anlaşmadan ruhlanaraq öz mövqeyini daha da sərtləşdirib. Vəziyyət belə olarsa, Azərbaycanla Türkiyə arasında yaranmış olan soyuqluğun qısa müddət ərzində ortadan qaldırılması mümkün görünmür. Ermənistanla münasibətlərin normallaşmasını Qarabağ münaqişəsinin həllindəki irəliləyişə bağlayan Ərdoğanın isə bu  mövqeyində nə qədər duruş gətirə biləcəyini zaman göstərəcək. Azərbaycanda hesab edirlər ki, Qərbdən gələn təzyiqlər qarşısında Ərdoğan bu mövqeyində çox dayana bilməyəcək. Ərdoğan Bakıya səfəri zamanı bu məsələdə Azərbaycanı inandırmağa çalışacaq, ancaq qarşı tərəfin ona nə dərəcədə etibar edəcəyi bəlli deyil”.
Bu arada bəlli olub ki, Ermənistan artıq Türkiyənin “Yol xəritəsi” anlaşmasını pozduğu haqda ABŞ-a şikayət edir. Belə mövqeni prezident Serj Sərkisyanın Praqada dövlət katibinin köməkçisi Metyu Brayza ilə görüşdə ifadə etdiyi bildirilir. “Milliyet”in yazdığına görə, Sərkisyan deyib ki, Türkiyə “Yol xəritəsi”nə uyğun olaraq sərhədləri tezliklə açmalıydı, ancaq bu addımı ləngidir. Bu mesaj Türkiyə tərəfində də çatdırılıb. Brayza isə “Sabah” qəzetinə açıqlamasında təsdiq edib ki, Sərkisyan Türkiyə ilə əldə edilmiş anlaşmanın cevik  işləməməsindən narahatdır: “Ermənistanda hesab edirlər ki, Türkiyə sərhədləri açmaq üçün Dağlıq Qarabağ münaqişəsində konkret addım atılmasını gözləyir”. Türkiyə XİN-dəki mənbə isə sərhədlərin açılması ilə Qarabağ məsələsinin bir-birinə bağlı olub-olmadığını belə şərh edib: “Bu dünyada hər şey bir-biri ilə bağlıdır, hətta iki paralel xətt də kosmosda kəsişir. Əlbəttə ki, bu məsələlər bir-biri ilə bağlıdır”. Bildirilir ki, Ermənistan “Yol xəritəsi” anlaşmasına uyğun olaraq Türkiyədən diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması haqda qərarı gözləyir. “Hürriyet” qəzeti isə yazıb ki, Ermənistan-Türkiyə danışıqlarında həqiqətən rəsmi olaraq heç bir ilkin şərt və ya bu barədə hər hansı ifadə yer almır. Ancaq tərəflər ilkin şərtlərin rəsmi sənədlərə daxil edilməməsi barədə əvvəlcədən anlaşıblar. Belə ki, Cenevrədə aparılan danışıqlarda Türkiyə və Ermənistan diplomatları razılaşıblar ki, ilkin şərtlər hər iki tərəfdən gizli olaraq gündəmdə tutulsun.
 
  • Yazılıb
  • da (də) 2009 May 12