Biri qadın olan muzdlu terrorçular barədə istintaqda bilgilər var , Öldürülən tələbələrdən birinin bacısının dili tutulub
Azərbaycan servisi/Aran Agentliyi
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilmiş qətliamla bağlı yeni məlumatlar əldə etmişik. Həmin xəbərlərə görə, istintaq orqanları akademiyaya hücum edənlərin ümumilikdə 7 nəfər olduqları barədə məlumat əldə ediblər. Terrorçulardan birinin qadın olduğu bildirilir. Onu da qeyd edək ki, artıq istintaq bu istiqamətdə bəzi irəliləyişlərə nail olaraq hadisə yerində meyiti tapılmış Fərda Qədirovun erməni xüsusi xidmət orqanları ilə işbirliyində olması barədə sübutlar əldə edib. Bu işdə Azərbaycan hüquq-mühafizə orqanlarına gürcüstanlı həmkarları yardım göstərib.
Hələlik əlimizdəki bilgilərdə terror aktını törətdikdən sonra qaçıb aradan çıxa bilmiş digər şəxslərin kimlikləri, hansı millətdən olduqları barədə məlumat yoxdur. Ancaq sızan xəbərlərə görə, onlar muzdlu terrorçular olublar və Neft Akademiyasındakı qırğını külli miqdarda pul müqabilində törədiblər.
Bu məlumat F.Qədirovun terrorçu qrupun tərkibində ölkə ərazisinə gəldiyini bir daha sübut edir.
Qatilin meyiti «morq»da iylənir
Qanlı qətliamdan bizi 11 gün ayırır. Hadisəni törədərək sonradan özünü öldürən Fərda Qədirovun meyiti isə hələ də «morq»dadır. Əldə etdiyimiz məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Sahibsiz və Kimsəsizlərin Dəfn Bürosu istintaq orqanından qatilin meyitinin dəfn olunması üçün göstəriş gözləyir. İstintaq orqanı isə belə bir göstəriş verməyə tələsmir. F.Qədirovun meyiti isə «morq»da artıq iylənməyə başlayıb.
Öldürülən tələbələrdən birinin bacısının dili tutulub
Azərbaycan Dövlət Neft Akademiyasının poliklinikasında aprelin 30-da yaralanmış və sarsıntı keçirmiş tələbələrə psixoloji yardım davam etdirilir. Bu barədə qaynar.info xəbər verib. Psixoloqlar qrupu hər gün günorta saat 3-ə qədər pasiyentlərə xidmət göstərir. Poliklinika ADNA-nın 3-cü mərtəbəsində yerləşir və qanlı olayın təsiri nəticəsində sinir sistemində pozuntu və səhhətində digər qeyri-adi hallar baş verən insanlar ora müraciət edə bilər.
Respublikanın baş psixoloqu Nadir İsmayılov hesab edir ki, qanlı cinayət zamanı psixoloji travma alanların 70 faizini əvvəlki vəziyyətinə qaytarmaq mümkün olacaq.
N.İsmayılov hazırda sözügedən hadisədən zərər çəkmiş bir nəfərin psixoloji reabilitasiyası ilə məşğul olduğunu deyib: «Mənim yanıma 22 yaşlı bir qız gətiriblər. Onun qardaşı həmin gün Neft Akademiyasında öldürülüb və rəfiqəsi də orada işləyir. Bu xəbəri telefonla zəng edib ona deyəndə həyəcandan dili tutulub. İndi qız danışa bilmir. Mən onun psixoloji durumunu yaxşılaşdırmaq üçün bəzi məqamları başa saldım, bəzi hərəkətləri etdirdim. Öncə tənəffüs yolu ilə hərfləri bir-bir deməyi öyrədirəm. Birinci dərindən nəfəs alıb-buraxma yolu ilə H hərfini dedizdirirəm. Çünki tənəffüs sistemi elədir ki, istər-istəməz insan H hərfini deyir. Sonra ona dərindən nəfəs alıb buraxarkən ağzını açıb A deməyi öyrətdim. O, başladı bu hərfləri deməyə. Şonra ona bir-iki deməyi öyrətdim və tapşırdım ki, bu məşqləri gündə 3 dəfə davam etdirsin, bəzi dərmanlar da yazdım. 5 gündən sonra qızı yenidən yanıma gətirəcəklər və yəqin ki, 10-15 günə dilini açacağıq. Ancaq o qız özü fiziki cəhətdən də çox zəifdir».
Baş psixoloqun rəyinə görə, hadisə nəticəsində sinir sistemi pozulmuş və şok keçirmiş insanlarda psixoz, depressiya halları baş qaldıra bilər.