Azərbaycan servisi/Aran Agentliyi
Mayın 12-də axşam Bakıya səfərə gələn Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən prezident İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə apardığı danışıqlardan sonra mətbuat qarşısına çıxdı. Ərdoğanın Bakıda hansı bəyanatlar verəcəyi təkcə Azərbaycanda və Türkiyədə deyil, başda ABŞ olmaqla, Cənubi Qafqazda maraqları olan bir çox ölkələrdə maraqla izlənilirdi. Gözlənilirdi ki, Ərdogan Türkiyənin Ermənistanla yaxınlaşmasına görə Azərbaycanla gərginləşən münasibətləri ilə bağlı yaranmış narahatlıqları aradan qaldıran bəyanatlar verəcək.
Bu gözləntilər özünü doğrultdu və Ərdoğan qətiyyətlə bəyan etdi ki, onun ölkəsi Ermənistanla sərhədləri Qarabağ münaqişəsində irəliləyiş əldə olunmadan açmayacaq. Bununla belə, həm İ.Əliyevin, həm də Ərdoğanın mətbuat konfransında kifayət qədər gərgin olduqları diqqətdən yayınmadı. Həmçinin mətbuat konfransı zamanı qarşılıqlı münasibətlərin tam yoluna qoyulmadığını göstərən suallar səslənib.
İlham Əliyev: «Bir çox məsələyə aydınlıq gətirildi, səmimi söhbət oldu»
Azərbaycandan çox məhdud sayda jurnalistin buraxıldığı və Türkiyə telekanallarından canlı yayımlanan mətbuat konfransı zamanı prezident İ.Əliyev ikitərəfli münasibətləri, iqtisadi əlaqələrin durumu və perspektivlərini, enerji məsələsini, bölgədəki vəziyyəti və Qarabağ probleminin həlli yollarını müzakirə etdiklərini açıqladı. İki ölkə arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan İ.Əliyev Azərbaycan və Türkiyə xalqlarının qardaşlığına diqqət çəkdi: «Azərbaycan-Türkiyə əlaqələri böyük tarixə malikdir və çoxşaxəlidir. Biz həm bu əlaqələrin inkişafı, həm də bölgədə sülh əldə edilməsi üçün birgə səylər göstəririk, beynəlxalq məsələlərlə bağlı birgə mövqedən çıxış edirik. Biz istəyirik ki, bölgədə sülh nə qədər mümkündürsə, o qədər tez əldə olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin, əməkdaşlıq genişlənsin. Çox səmimi söhbət oldu, bir çox məsələyə aydınlıq gətirildi və mən bundan çox razıyam. Gələcək əməkdaşlıq və birgə fəaliyyət üçün gözəl imkan yarandı».
Ərdoğan: «İşğal aradan qaldırılmasa, sərhədlər açıla bilməz»
Ərdoğan isə sözlərinə dost və qardaş Azərbaycanda olmaqdan məmnunluq duyduğunu ifadə etməklə başladı: «Dəyərli qardaşım İlham Əliyevlə ikitərəfli əlaqələri ən geniş mənada müzakirə etdik. Bu görüş tarixdən bu yana davam edən bərabərliyimizə kölgə salmaq istəyənlərə ən gözəl cavabdır. Münasibətlərimizdə «bir millət-iki dövlət» anlayışı davam edir. Azərbaycanın Qarabağ məsələsində həssaslığı bizim həssaslığımızdır. Bu məsələ ilə bağlı spekulyasiyalar bizim üçün qəbuledilməzdir. Burada səbəb-nəticə əlaqəsindən söhbət gedir. Dağlıq Qarabağın işğalı səbəbdir, Ermənistanla sərhəd qapısının bağlanması isə nəticədir. Azərbaycan torpaqları işğal edildiyi üçün biz qapıları qapatdıq. İşğal aradan qaldırılmasa, qapılar açıla bilməz. Bunu Bakıda çox açıq və konkret şəkildə ifadə edirəm. Digər tərəfdən, Minsk Qrupu da müzakirələri sürətləndirməli və yekun nəticə əldə olunmalıdır. Təbii ki, son qərarı dəyərli qardaşım İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan verəcək. Bu qərardan sonra biz də üzərimizə düşəni edəcəyik".