Siz, möhtərəm millət vəkilləri üzərinizə xalqın gələcək taleyini, onun ümid və dərdlərini həll etmək kimi çox böyük məsuliyyət götürmüsünüz. Bu həm də İlahi bir vəzifədir
Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azeri-nin AİP-in mətbuat xidmətinə istinadlı xəbərinə görə Azərbaycan İslam Partiyası Milli Məclisə müraciət ünvanlayıb.
Müraciəti diqqətinizə çatdırırıq:
Cənab sədr, hörmətli millət vəkilləri!
Bildiyiniz kimi, biz bəşər övladının həyatında yaşanan mənəvi boşluqdan, müxtəlif növ iqtisadi, siyasi böhranlardan nicat tapmaq üçün İslama doğru üz tutulan bir zamanda yaşayırıq.
Bu paklığa tərəf hərəkatdan müsəlman Azərbaycan xalqı da istisna deyil. 70 il Allahsız sovet rejimi tərkibində olmuş xalqımız qəlblərində hələ sönməyən ilahi məhəbbətin gücü ilə müxtəlif maneələri keçərək öz dininə yiyələnir və bu yolda öz səylərini əsirgəmir, özlərini dərk etməyə çalışan oğul və qızlarımızın islama meyl və məhəbbətləri getdikcə artır.
Amma təəssüflər olsun ki, Qərbin «demokratiya» adı altında həyatımıza günbəgün nüfuzu nəticəsində gənclərimizi ölkəmizin pozulmuş ərazi bütövlüyü və istər elm, istərsə də mənəviyyat aşınmaları ilə barışdırmaq meyli xalqımızı daha dərin böhranlara aparır.
“Avropa mədəniyyəti”şüarı altında cavanlarımıza müxtəlif televiziya və mətbuat vasitəsiylə əxlaqsızlıq, böyüklərə ehtiramsızlıq, iffət və həyadan, qeyrət və şücaətdən, paklıq və səfadan uzaqlaşdırmaq, bir sözlə, hər növ insan fitrətinə və milli mentalitetimizə zidd olan təlimlərin təbliği milli mənəviyyata dərin zərbələr vurmaqdadır. Təəssüflər olsun ki, Azərbaycan televiziyası və mətbuatı da düşmənlərin bu hiyləsinə qarşı ayıq-sayıq deyil. Nəticədə ölkəmizdə narkomaniya baş alıb gedir, xalqımızın övladlarının istər ölkə daxilində və istərsə də xaricdə hər bir qeyrətli insanın vücudunu titrədən əxlaqsızlıq mərkəzlərindən sorağı gəlir. Bu hadisələrin, Azərbaycanda daha çox törədilməsinə cəhd bizcə xalqımızın pak dinə və mənəviyyata, sonsuz yeraltı, yerüstü sərvətlərə malik olmasıdır. Düşmən məkirli, İslam dini isə cəmiyyətimizin saflığını qoruyan amildir.
Siz, möhtərəm millət vəkilləri üzərinizə xalqın gələcək taleyini, onun ümid və dərdlərini həll etmək kimi çox böyük məsuliyyət götürmüsünüz. Bu həm də İlahi bir vəzifədir.
Amma təəssüflə qeyd etməliyik ki, bir müsəlman ölkəsində baş verən bu mənəviyyatsızlıqlara sanki göz yumulur, Qərbin və sionizmin xoşuna gəlmək üçün bir sıra inadkar və cahil həmvətənlərimiz isə buna rəvac verir. Həm də bu hallar İslam mədəniyyətinin paytaxtı elan olunan bir ölkədə baş verir.
Möhtərəm millət vəkilləri, bu günlərdə tərəfinizdən qəbul olunan “Dini etiqad azadlığı haqqında” qanunda məhz bu qəbildən olmaqla , məkirli niyyətlərə xidmət edən dəyişikliklərin şahidi olduq. Qanunda dini icmaların qeydiyyatının ləğvi və yenidən qeydə alınmasıəndansa, xalqımıza və onun gələcəyinə xidmət edən icmaların qeydiyyatında meydana çıxan çətinliklərin aradan qaldırılması daha məqsədə uyğun deyilmi? Axı, böyük tarixi yol keçmiş dini ənənələrimiz əsasında fəaliyyət göstərən bu dini icmaların təbiğatı nəticəsində xalqımız əcnəbi «mədəniyyət» və əxlaqsızlıqdan bir qədər sığortalana bilmişdir.
Din xadimlərinin attestasiyası dinin təbliğinin əvvəlcədən müəyyənləşən şəxslərə tapşırılması kimi başa düşülməlidir ki, bu da Quran və Peyğəmbər (s) sünnətinə və Konstitusiyanın vicdan azadalığı bəndinə ziddidir. Əslində, hər bir müsəlman lazımi dini biliklərlə maariflənəndən sonra insanları yaxşı əməllərə dəvət etməli, pisliklərdən çəkindirməlidir.
Həddi-büluğa çatmayan uşaqları dini təlimlərdən məhrum etməyə heç bütpərəstlərin ayinlərində rast gəlməzsiniz. Məgər tarixi arxivlərə müraciət edərək ateist sovet məfkurəsində bu hallarla rastlaşmamısınız? Ağbirçək ana və nənələrimiz Peyğəmbərimizin (s) “Beşikdən qəbrədək elm öyrənin!” sözlərini bizə təlqin etmələri yəqin ki, yadınızdan çıxmayıb. Onda lazımdır bunu da biləsinizki, ən üstün elm tovhid – yəni Allahı tək varlıq kimi tanımaqdır. Əgər yas məclislərində ehsan verilməsində xalqın sosial durumunun həddindən artıq pisləşməsindən narahatsınızsa, yaxşı olar millətimizin milyonlarla pulunu hədər yerə xərcləyən məmurlara mane olasınız, nəinki bir ömür özünün kəfəni və ehsanı üçün qənaət etmiş mərhumun məclisinin keçirilməsinə. Bu məclislərdə eşidilən mənəviyyat və paklıq haqqında Allah Kəlamları çox təəssüflər olsun ki, televizayalardan eşidilmir. Bu az fürsəti də xalqa çox bilməyin.
Bildiyiniz kimi Azərbaycanda dini təhsil istənilən səviyyədə olmadığı üçün ölkəmizdə ənənəvi dinin təəssübünü çəkən xalqımızın övladları min bir məşəqqətlə, sıxıntılarla üz-üzə qalaraq qürbətdə dini təhsil alır, İslamın zənginliklərini öyrənir,mənəviyyatımızı qərb və sionizm təcavüzündən qoruyurlar. Onlara yardım əvəzinə bəzən lazımlı tərcümə, hətta ənənəvi dini ədəbiyyatı da bəzi qurumlar yasaqlamaqdan, gənclərə maneçilik törətməkdən çəkinmirlər. Sionist ünsürü Rafiq Tağı isə törətdiyi cinayətə görə cəzasız buraxılır.
İslam ölkələrinin etimadını doğrultmaq və İslam Mədəniyyəti paytaxtına layiqlik bizdən və xüsusən Siz millət vəkillərindən daha məsuliyyətli davranış, İslama yaxınlıq tələb edir. Bu hər birimizin axirəti üçün vacibdir. Allah evini sökmək ənənəsi hər birimizə və xalqımıza yalnız bədbaxtçılıq gətirə bilər, baş ucalığı deyil. Belə hallar düşmənin sevincinə səbəb olar ki, bu da bəzilərinin ürəyincədir. İslam düşmənlərini sevindirmək istəmirsinizsə Allaha bəndəçiliyi seçin, dinimizin təəssübünü çəkin.