Tarix : 2009 May 14
Kod 11909

Allahın evi dağıldı…

.
Azərbaycan servisi/Aran Agentliyi
Lütfən, sərlöhvəyə dair tələsik qərar verməyə, müəllifi küfrdə ittiham etməyə tələsməyin. Məscid Allahın evidirsə və bu məscid dağıdılırsa, o zaman «Allahın evi dağıldı» deməyə əsasımız var, ya yox? Zənnimizcə, var, özü də tam bir əsas!
Bakının Yasamal rayonundakı məscidin yerlə yeksan edilməsi haqda son günlər çox danışılıb, çox yazılıb. Təkrara ehtiyac yoxdur. Yalnız bir şeyi xatırladım ki, baş verənlər Allahın evinin sənədsiz ucaldılması ilə izah edilir.
Bəzən elə hadisələr cərəyan edir ki, onlara birmənalı qiymət vermək çox çətin olur. Həqiqət, ədalət həmişə üzdə olmur. Müşahidəçilər iki, bəzən də daha çox düşərgəyə bölünürlər, hər kəs mövqeyinin haqq olduğunu isbat etməyə çalışır. Amma diqqət yetirdiyimiz məsələdə tam fərqli mənzərədir. Baş verənlərin səhv olduğu, günah olduğu, Allaha qarşı üsyan olduğu hamıya aydındır. Düzdü, vəzifəsindən irəli gələn fikirlər səsləndirənlər də var. Lakin heç şübhəsiz ki, onlar da vicdanları qarşısında nəyin düz, nəyin əyri olduğunu etiraf etmək məcburiyyətində qalırlar. Hər halda, sözü gedən bu vicdan varsa.
…Tərəzinin bir gözündə Allahın evi, digərində isə bir, tutaq ki, bir neçə kağız parçası. Hansı ağır gəlməlidi? Hansı daha öncüldür? Görəsən hansı daha çətindir: bir kağız parçasına sabah torpağa qarışıb tarixin yaddaşından silinəcək iki-üç məmurun cızma-qara edib imza atması, yoxsa ağır texnika ilə Allahın abad edilən evinin dağıdılıb bərbad edilməsi? Rəsmi olaraq söylənilən bu oldu ki, məhz bu kağız parçasına görə Tanrının evini dağıtdılar!..
Biz sivil bir dövlətin vətəndaşlarıyıq. Hərc-mərclik illəri də artıq çoxdan geridə qalıb. Qanunun da hamı üçün eyni olduğunu qəbul etmək vacibdir. Amma, hər halda, məscidin məhz qanuna uyğun olaraq, qanunun pozulduğuna görə söküldüyünü iddia edənlər heç özlərinə belə bir sadə sual veriblərmi: hansı addım daha məqsədəuyğun olardı - məscidin sənədləşmə işini qaydaya salmaq, yoxsa insanların ibadət etməsi üçün tikilmiş möhtəşəm məscidi yerlə yeksan etmək?.. Sadə sualın sadə də cavabı var. Özü də bu cavab çətin ki, ixtilafa səbəb olsun.
Yasamal rayonundakı məscidin uçurulmasından göyə qalxıb, ətrafı bürüyən toz-torpaq yatmağa macal tapmadı ki, Neft Daşlarında yenicə tikilmiş gözəl məscidin sökülməsi xəbəri yayıldı. Qəlbində Allaha imanı, Allah xofu olan insanları hiddətə gətirən bu xəbər, nə yazıqlar ki, çin çıxdı. Bu əzəmətdə olan yaraşıqlı məscid 1 gecənin içində uçulub yerlə yeksan edildi. Bu dəfə isə rəsmən bildirildi ki, məscidin təməlində qüsurlar var imiş və bina hər an uça bilərdi. Bəs görəsən Neft Daşları kimi xüsusi diqqət tələb olunan bir məkanda bina inşa edərkən, bu işə mütəxəssislər cəlb olunmamışdı ki? Məgər bu möhtəşəm məscid binası “samostroyka” idi ki, inşaat tələblərinə uyğun olmadan inşa edilsin? Digər tərəfdən, bəlkə mütəxəssisləri işə cəlb etməklə, hansısa yolla təhlükənin qarşısını almaq mümkün idi? Bu addım atıldımı? Mütəxəssis rəyi varmı ortada? Üstəlik, çökmə təhlükəsi real idisə, yaxşı olmazdımı əvvəlcədən ictimaiyyətə bu haqda ətraflı informasiya veriləydi və məscidə gələn dirdarlar problemdən hali olardılar? Amma hər şey ani baş verdi və bəlkə də gözlənilmirdi ki, bu məscidin yer üzündən, daha doğrusu su üzündən silinməsi belə əks-sədaya səbəb olacaq. Amma nə olsun ki? Səs-küylə Allah evinin sökülməsinin qarşı alına bilərmi?
…Olan oldu. Artıq Allahın evinin yerində dağıntılar qalıb. Orda indi nə namaz qılan var, nə də Quran oxuyan. Məmur özbaşnalığının acı sonluğu.
Burada mərhum Heydər Əliyevin «Bibi-Heybət» məscid kompleksinin yenidən tikilib istifadəyə verilməsinə dair qərarı və bununla bağlı söylədikləri yada düşür. Mərhum prezident məscidin sökülməsini cinayət adlandırır, ən kəskin ifadələrlə bu cinayəti qınayırdı. O, məscidlərin sökülməsi erasının sona çatdığını, artıq məscidlərin tikilməsi zamanının gəldiyini vurğulayırdı…
Amma nə etməli? Doğrudan da olan oldu. Ruslarda bir misal var: «Davadan sonra yumruq fırlatmağın mənası yoxdur». Amma bu məsələdə şimal qonşularımızın məsləhəti bir o qədər də keçərli deyil. Çünki Azərbaycanda, Bakıda hələ çox məscid var.
…Görəsən onların sənədləri qaydasındadır? Görəsən onların təməli möhkəmdir? Bəs görəsən bizlərin necə?..
Sonda, Qurani-Kərimin bir ayəsini xatırlatmaq istərdik. Zənnimizcə, ibrətamiz olardı, hər halda:
“Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!” (Bəqərə surəsi, ayə 114).
P.S. Deyirlər, Allahın evini abad edənin Allah da evini abad edər. Bəs görəsən, Allahın evini bərbad edənin, sökənin, dağıdıb yerlə yeksan edənin necə?..
  • Yazılıb
  • da (də) 2009 May 14