Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan da daxil olmaqla 6 keçmiş sovet respublikasının Avropa İttifaqının irəli sürdüyü “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulması Rusiyanı narahat etməyə başlayıb. Bu təşəbbüsün Avropanın Rusiyanın yaxın sərhədlərində öz nüfuzunu möhkəmləndirmək məqsədlərinə xidmət etdiyini bəyan edən Kreml artıq “Şərq tərəfdaşlığı”na qoşulan ölkələrə təzyiq göstərir. Rusiyanın “İnterfaks” agentliyinin məlumatına görə, MDB-nin icraçı katibi, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Sergey Lebedev xəbərdarlıq edib ki, təşəbbüsə qoşulan ölkələr ciddi çətinliklərlə üzləşə bilər.
MDB-nin Minskdəki mənzil-qərargahında çıxış edən Lebedev deyib ki, “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrdən 5-i MDB-nin üzvüdür. Ona görə də bu ölkələrin üzərinə götürdüyü yeni öhdəliklər MDB çərçivəsində qəbul edilən sənədlərə və öhdəliklərə uyğun gəlməyəcək. “Buna görə də həmin ölkələr seçim etməlidir. MDB üzvü olan bu ölkələrin hara getmək və necə hərəkət etmək barədə seçim etməsi zəruridir. Avropa İttifaqı hazırkı mərhələdə həmin ölkələrin MDB çərçivəsində əməkdaşlıqdan imtina nəticəsində üzləşəcəkləri itkiləri kompensasiya etmək iqtidarında deyil. Çünki MDB çərçivəsində sıx əməkdaşlıq formalaşıb, Aİ-nin təklif etdiyi maliyyə yardımları isə cüzidir” deyə Lebedev bildirib.
MDB-nin icraçı katibi deyib ki, sözügedən ölkələrin ağlabatan addımlar ataraq birlik daxilində gedən proseslərin fəal iştirakçılarına çevriləcəyinə ümid edir. Onun sözlərinə görə, bəzi ölkələrin Aİ-nin təşəbbüsündə iştirakının MDB çərçivəsində fəaliyyətlərinə mane olmayacağına ümid edir. Xatırladaq ki, Aİ-nin “Şərq tərəfdaşlığı” təşəbbüsünə Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Ukrayna və Moldova daxildir.
Bir gün əvvəl isə Azərbaycan Prezidenti Administrasiyasının şöbə rəhbəri Əli Həsənov Moskvada Lebedevlə görüş keçirmişdi. Xəbərlərə görə, görüş zamanı qarşılıqlı münasibətlərin müxtəlif aspektləri və MDB çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Daha sonra Azərbaycan rəsmisi Kremldə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinlə görüş keçirib. Ə.Həsənovun Moskvaya hansı missiya ilə göndərildiyi məlum deyil. Ancaq bu səfər ötən həftə Praqada “Şərq tərəfdaşlığı” təşəbbüsü ilə bağlı sammitdən sonraya təsadüf edir. Ehtimal olunur ki, Ə.Həsənov Azərbaycanın bu təşəbbüsə qoşulmasının MDB çərçivəsində əməkdaşlığa və Rusiya ilə münasibətlərə təsir göstərməyəcəyinə Moskvanı arxayın etmək üçün ora göndərilib. Şübhə yoxdur ki, Rusiyanın dominantlıq etdiyi MDB-nin icraçı katibi Kremlin sözünü deyir və bu səbəbdən Lebedevin bəyanatını Rusiyanın da mövqeyi saymaq olar. “Şərq tərəfdaşlığı” təşəbbüsünə görə ora qoşulan ölkələr geniş iqtisadi və siyasi islahatlar, o cümlədən insan haqları sahəsində islahatlar həyata keçirməlidir. Uzunmüddətli planda bu ölkələrin demokratik islahatlar həyata keçirərək Aİ-nin standartlarına yaxınlaşması, təşkilata tamhüquqlu üzv olmasalar da, sıx inteqrasiya olunması nəzərdə tutulur. Həmçinin təşəbbüsə qoşulan ölkələr Rusiyadan yan keçməklə Avropaya uzanan enerji dəhlizinin yaradılmasında da aparıcı rola malik olmalıdır. Lakin Rusiya işarə edir ki, bu ölkələrin onun təsir dairəsindən uzaqlaşaraq Avropaya yaxınlaşmasına bütün rıçaqlarla mane olmağa hazırdır.