Tarix : 2009 May 15
Kod 11928

AĞILLI İNSAN DÜNYANIN ARTIĞINI TƏRK EDƏR

Həqiqətən, ağıllı insanlar dünyanın artığını tərk edərlər, o ki, qalmış günahları. Halbuki, dünyanı (artığını) tərk etmək fəzilət və ləyaqət, günahları tərk etmək isə vacibdir
Azərbaycan servisi/Aran Agentliyi
Bakı İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinləmişlər.

Cümə xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi. Bu işdə Allahdan tofiqat dilədi. Əyyami Fatimənin (s.ə) (Anlamı “Fatimə (s.ə.) Günləri” mənasını verən bu dövr Xanım Zəhranı (s.ə.) şəhadəti ehtimal edilən zaman aralığını əhatə edir. Müsəlman aləmində bu zaman intervalı matəm, hüzn, Xanımın (s.ə.) həyatına yeni bir baxış və onun məşəqqətli son günlərinin anılması ilə əlamətdardır - Dəyərlər) başlandığını xəbər verən cümə xətibi, Allahdan hər birimiz üçün Xanımı (s.ə.) tanımaq, həyatımızı onun yaşayışı ilə təbərrükləndirmək səadətini dilədi. Mövzunu davam etdirən xətib Möminləri Əmiri Əlidən (ə) belə bir hədisi nəql etdi: “Həqiqətən, ağıllı insanlar dünyanın artığını tərk edərlər, o ki, qalmış günahları. Halbuki, dünyanı (artığını) tərk etmək fəzilət və ləyaqət, günahları tərk etmək isə vacibdir".

Hədisin şərhində xətib bildirdi ki, Xanımın (s.ə.) mübarək vücudu, həmçinin onun ailə üzvlərinin - atası İslam Peyğəmbərinin (s), həyat yoldaşı Əlinin (ə), oğulları İmam Həsən (ə) və İmam Hüseynin (ə), həmçinin qızı xanım Zeynəbin (s.ə.) hər mənada dünya artığını tərk etmişdilər. Hədisin təhlilində “Əli (ə) məntiqinə görə, ağıllı insan dərk edir ki, onun üçün günahı tərk etmək kifayət etmir. O, hər anından axirəti üçün, aqibətinin xeyirliyi üçün çalışar”, - deyə bildirildi. “Xanımın yüksək amallar və ali hədəflər yolunda olması, bu yolda fədakarlığı bizə ən böyük ibrətdir. Əgər bu xüsusiyyətlərə, Xanımın (s.ə.) hansı yola, dəyərlərə əhəmiyyət verdiyinə diqqət edib onun kimi yaşamış olsaq - o zaman bu əyyamı layiqincə yaşamış olarıq” - deyə cümə xətibi vurğulamışdır. Bəhsin sonunda xətib hər anımızdan axirətimiz üçün, aqibətimizin, sonumuzun xeyirli olması üçün Allahda dualar etdi.

İkinci xütbədə ilk öncə müsəlmanlar üçün Uca Rəbbdən bağışlanma və əfv diləyən xətib özünə, özünü və cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi. Cümə namazlarından bağışlanmış, pak halda çıxmağı diləyən xətib, ilahi təqvaya riayət etmənin əslində həyatın hər səhnəsinə aid olduğunu bir daha xatırlatdı. Mövzunu davam etdirən xətib bildirdi ki, o zaman ki, müsəlmanlar bunu kənara qoydular - onların geriləməsi, tənəzzülü başladı. “Biz tarixdə çox eşitmişik ki, filan hadisə oldu, ancaq müsəlmanların onu qarşılamaq, ona uyğun cavablarını vermək halları olmadı” deyən xətib xüsusən ötən əsrdə müsəlmanların sovetin gəlişinə hazır olub-olmamalarını da incələdi: “O dövrün müsəlmanları buna qarşı hansı addımları atdılar? Deyilə bilər ki, sovetə qarşı çıxan müsəlmanlar yox idi. Əgər yox idisə niyə yox idi belə müsəlmanlar? Var idilərsə, niyə bu müsəlmanlar tarixdə izlərini qoymayıblar?”. “Tarixdəki tarixdə qaldı” deyən cümə xətibi, onlardan ibrət götürərək öz şəraitimizə diqqət edilməli olduğunu bildirdi. Bəhsin sonunda Hacı İlqar “tarixdə və dünyada baş verənləri nəzərə alaraq özümüz üçün nəticə çıxarmalıyıq” deyə vurğulamışdır.

Ölkədə cərəyan edən hadisələri xoşagəlməz adlandıran xətib, qısa ardıcıllıqla mənzərəni belə təsvir etdi: “Hicab qadağası, azanın qadağan edilməsinə cəhdlər, təhsil ocaqlarında hicaba qadağalar, məscidlərin bağladılması, sökülməsi. İndi də icmafobiya. İcmaların fəaliyyətinin məhdudlaşdırılması və s.”. İcmaların yenidən qeydiyyatı ilə bağlı təşəbbüsləri sovet dövrünə qayıdış kimi xarakterizə edən Hacı İlqar, eyni zamanda bu addımın konstitusiyada olan bir müddəaların pozulması kimi qiymətləndirmişdir. Cümə xətibinin bildirişinə görə kitablarla bağlı vəziyyət də çox pis durumdadır. Bu məsələlərin Azərbaycan toplumu üçün çox zərərli olmasını diqqətə çatdıran xətib davamında bildirmişdir: “Bu qadağalar o deməkdir ki, bunlar radikallaşmanı, ekstremizmi gücləndirəcək. İnanc adına olan möhtəkirlər üçün bundan sui-istifadələrinə imkanlar yaranacaq”.

Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.
 
  • Yazılıb
  • da (də) 2009 May 15