Misir müftisi Şeyx Əli Cümə "H1N1" virusunun yayılmasına qarşı dünyadakı müsəlman din adamlarını Həcc ziyarətinin təxirə salınması istiqamətində müştərək fətva verməyə çağırıb
Azərbaycan Servisi/Aran Agentliyi
Misir müftisinin, "H1N1" virusuna görə Həcc ziyarətinin təxirə salınması ilə bağlı çağırışını din xadimləri absürd hesab edir. Məsələyə münasibət bildirən "İçərişəhər" Cümə məscidinin imam-camaatı, ilahiyytaçı filosof Hacı İlqar İbrahimoğlu, din xadimlərinin bu istiqamətdəki təşvişlərinin təbii olduğunu, həlli yolu kimi isə Həcc ziyarətinin ləğv edilməsinin doğru olmadığını deyib.
"Din xadimlərinin bu məsələ ilə bağlı narahatlıq və təşviş keçirmələri çox təbiidir. Amma belə təkliflərin irəli sürülməsi çox radikal addımdır və Həccin təxirə salınması kimi bir fenomen yoxdur. Həcc ziyarəti müəyyən bir mövsümdə keçirilir və təxirə salınmasından söhbət gedə bilməz. Bu, bir növ Həccin keçirilməməsi deməkdir. Məsələnin həlli üçün bu çox yanlış bir yanaşmadır",-deyə İ.İbrahimoğlu vurğulayıb.
Hacı İlqar həmçinin bu məsələnin problem kimi qaldırılmasının çox gözəl olduğunu, amma həlli üçün irəli sürülən təkliflərin doğru olmadığını da qeyd edib: "Mən düşünürəm ki, bu məsələni təbil vurub problem kimi qaldırmaq lazımdır. Amma həlli üçün Həcci ləğv etmək yox, ora zəvvar göndərən ölkələrin üzərlərinə öhdəliklər verərək həlli yoluna getmək lazımdır. Yəni, yoxlamalar, tibbi müayinələr daha da gücləndirilsin, və Məkkədə də gigiyenik və sanitar normalara nəzarət gücləndirlisin".
İlahiyyatçı mütəxəssis indiyə qədər dünyada heç bir kütləvi tədbirin ləğv edilmədiyini bildirib və qeyd edib ki, birdən – birə kiminsə Həcc ziyarətinin ləğvi istiqamətində addım atmağa çalışması çox maraqlıdır. "Bu gün dünyada böyük konfranslar, təyyarə uçuşları, kütləvi futbol və s. idman müsabiqələri, mədəniyyət və incəsənət tədbirləri təxirə salınmır və keçirilir. Yaxud da Roma Papası bu yaxınlarda 10 minlərlə insan qarşısında çıxış etdi, bunlar heç biri təxirə salınmayıb. Birdən–birə kim və niyə Həcci ləğv etməyə çalışır? Mən fikirləşirəm ki, məsələnin qaldırılması müsbətdir, amma həlli istiqamətində verilən təkliflər yanlışdır. Uğursuz təklifdir və hesab edirəm ki, bundan daha optimal çıxış yolları tapıb həm Həcci keçirmək olar, həm də gigiyenik qaydalara riayət edərək problemsiz bu ziyarəti başa vurmaq olar. Bu təklifin özünü isə çıxış yolu kimi mən çox yanlış sayıram".
Hacı İlqar İbrahimoğlu belə bir fətvanın qəbul edilməsini də mümkün saymır: "Belə bir fətvanı heç kim qəbul edə bilməz. Dünyada yaşayan bütün müsəlmanlar üçün fətva verməyə heç kimin səlahiyyəti yoxdur".
Xatırladaq ki, Misir müftisi Şeyx Əli Cümə "H1N1" virusunun yayılmasına qarşı dünyadakı müsəlman din adamlarını Həcc ziyarətinin təxirə salınması istiqamətində müştərək fətva verməyə çağırıb.