Tarix : 2009 May 18
Kod 11990

Laçının işğalından 17 il ötür

İşğal nəticəsində 63 min 341 azərbaycanlı öz yurdundan didərgin düşüb. Rayonun işğal tarixçəsi isə aşağıdakı kimi olub
Azərbaycan servisi/Aran Agentliyi

 İşğal altında olan Laçın rayonunun ermənilərin əlinə keçməsindən bu gün 17 il ötür. 1992-ci il mayın 17-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 azərbaycanlı öz yurdundan didərgin düşüb. Rayonun işğal tarixçəsi isə aşağıdakı kimi olub.
    Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib.
   
    Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub. Yerli rayon sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib.
   
    Laçınlı Vəliş Həsənov ANS-in əməkdaşı ilə söhbətində o günləri xatırlayıb: «Mayın 17-də qoşun təmiz çıxmışdı. Rayonda beş-altı nəfər var idi. Biz rayondan çıxan maşının qarşısını kəsdik ki, getməyin»,- deyə bu cəhdlərinin boşa çıxdığını vurğulayır.
   
    Xatırladaq ki, Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşulmuşdu.
   
    Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisaidiyyatına ciddi ziyan vurub. 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi kimi tanınıb. Qeyd edək ki, 63 minə yaxın əhalisi olan rayonun 122 kəndi var idi. Erməni silahlı qüvvələrinin işğalı nəticəsində burada 30-dan artıq mədəniyyət və tarixi abidə dağıdılıb. Bundan başqa, düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahalərini yararsız hala salıb.

  • Yazılıb
  • da (də) 2009 May 18