Tarix : 2009 May 21
Kod 12043

Məscidofobiyanın ikinci dalğası

.
Azərbaycan servisi/Aran Agentliyi
“Dəyərlər” qəzetini ötən sayında (08 may 2009 tarixli) “Məscidofobiyanın yeni dalğası gözləniləndirmi?” başlıqlı bir yazı dərc olunmuşdu. Yazının sonu belə fikirlərlə tamamlanır: “Bütün bunların fonunda Şəhidlər məscidi naməlum müddətə qapadılmışdır. Hazırda Əbu Bəkrə getmiş insanların sözü gedən iki məscid (Qaraçuxur və İlahiyyat məscidləri - red.) ətrafında cəmləşmələri bildirilir. Artıq növbəti bağlanma obyektinin Qaraçuxur məscidinin olması haqqında məlumatlar yayılmaqdadır”.

Gözlənildiyi kimi, artıq məscidofobiyanın ikinci dalğasını hiss olunmaqdadır. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin “İlahiyyat məscidi” kimi tanınan məscid KİV-də yer alan məlumatlara əsasən bu cümə bağlanmalıdır. Faktı maraqlı tərəflərdən biri olan “İlahiyyat camesi” kimi tanınan məscidin imamı İbrahim Memiş da təsdiqləmişdir. Belə ki, 19 may tarixində Yasamal rayonu polis idarəsinə çağrılan İbrahim hocaya imamlığını etdiyi məscidin bağladılacağı haqda məlumat verilib. Polis idarəsindən əsas kimi isə məscidin sənədlərinin qanunsuz olması kimi absurd iddia ortalığa atılıb.

Fakta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən və DEVAMM-dan rəsmi münasibətlər gecikməsə də hələ ki, QMİ-dən belə bir açıqlama verilməmişdir. DQİDK bu məscidin bağlanması haqqında qərarının olmadığını rəsmən bildirib. Faktı yerində araşdırmaq üçün onu hadisə yerində araşdırmağa qərar verdik. Hadisədə adı gedən digər maraqlı tərəf olan millət vəkili, BDU-nun rektoru Abel Məhərrəmovla əlaqə yaratmağa çalışdıq. Onun şəxsi nömrəsi cavab verməsə də, köməkçisi Faiq müəllimlə əlaqə yarada bildik. Köməkçisi Abel müəllimin ölkədə olmadığını, onun ezamiyyətə getdiyini bildirdi. Onun sözlərinə görə A.Məhərrəmov həftəsonu üçün ölkəyə qayıdacaqdır.

Türkiyənin ölkəmizdəki din xidmətləri müşavirinin aid olan artıq ikinci məscidin bağlanılması xəbərinin necə qarşılandığına dair münasibətini almaq cəhdimiz isə baş tutmadı. Belə ki, din xidmətləri müşavirliyindən verilən məlumata əsasən müşavir səfirliyə gedib. Gedərkən də nə zaman qayıdacağını demədiyi bildirildi.

DEVAMM – Dini Etiqad və vicdan Azadlıqlarının Müdafiə Mərkəzi bu acınacaqlı faktla bağlı elə həmin gün bəyanat yaymışdır. Bəyanatda bildirilir: “Paytaxtımızda növbəti məscidofobiya faktı yer alıb. İndi də “İlahiyyat” məscidi “qanunsuz” elan edilib və qapadılmasına dair xəbərlər verilir. Bu hərəkətə qol qoyanlar ümumiyyətlə fərqinə varırlarmı ki, “məscid” və “qanunsuz” ibarələrinin yanaşı işlədilməsi sağlam zəkaya, məntiqə, mənəvi dəyərlərə nə dərəcədə ziddir? Biz DEVAMM olaraq bu xəbəri böyük sarsıntı ilə qarşıladıq və bu cəhdi qətiyyətlə pisləyirik. Məscidlər – bir mənəviyyat mərkəzləri, insanlara əbədi dəyərlərə məhəbbəti aşılayan bir məkanlardır. Məscidlərlə belə davranmaq - millətin mental dəyərlər kodunu pozmaq deməkdir. Məscidləri “qanunsuz tikili” adlandırılan millətin gələcəyi necə olacaqdır? Belə toplumda vətənpərvərlik, şücaət, fədakarlıq, xeyirxahlıq, alicənablıq, övlada və valideynə məhəbbət kimi dəyərlərin mövcudiyyəti belə sual altındadır”. Bəyanatın sonunda bildirilir: “Əgər iddia edilirsə ki, məscidin hansısa sənədləri qaydasında deyil, məscid fəaliyyətini davam edə-edə bu sənədləri asanlqla səhmana salmaq olar. Biz bir daha məscidlə bu cür rəftarın yolverilməzliyinə diqqət çəkərək, məscidin fəaliyyətinin davam etdirilməsini təmin edilməsi barədə çağırış edirik”.

Məscid əhli narahatdır


Son hadisənin episentri olan “İlahiyyat” məscidinə yollandıq. Məscidin həyətinə daxil olduqda bura sanki qasırğadan əvvəlki sakitlik havasında idi. Məscidin həyətində demək olar ki, heç kəs yox idi. Yalnız hocaların evinin həyətində yığışmış xanımların səsləri gəlirdi. Uzun müddət olardı ki, buralara yolum düşmürdü. Son gördüyümdə məscidin həyətindən üzü aşağı şəhərə tərəf gözəl bir panoram - mənzərə açılırdı. Ancaq indi gördüyüm çox qəribə idi. İndi bu panoramı təqribən məscid hasarının 3-5 metrliyində yeni tikilmiş çoxmərtəbəli binalar zəbt etmişdi. Həyətdəki ağacların birinin altında oturmuş bir inanclı diqqətimi cəlb edir. Onunla söhbətimiz elə BDU rektorunun şikayət ərizəsinin polisə təqdim etməsindən başlanır:

- Siz bu haqda haradan eşitmişdiniz?
- Elə burada möminlər danışırdı. 19 may işa namazında hoca da bu haqda danışıb. Hocaya deyiblər ki, iki gün vaxt veririk ki, şələ-külənizi yığışdırın gedin buradan. O da deyib ki, heç olmasa iki gün vaxt verin, heç olmasa camaata cüməni qıldıraq. İndi hələ ki, bu söhbət gedir. Belə çox müəmmalı şeydir: Polisin deməsi ki, “mən sizə vaxt verirəm”. Yaman hirslənmişəm. Qiyamət günü o məscid dil açıb sizə qarşı şahidlik eləyəcək.

- Məscidlərə qarşı son baş verən hadisələrə münasibətiniz necədir?
- Bilirsən, çox qəribədir ki, bu ölkədə pozğunlar öz haqlarını daha çox tələb eləyirlər, nəinki dindarlar.

Söhbətimizi burada kəsib başqa inanclıya yaxınlaşıram. O yaxınlıqdakı yas yerindən bu məscidə namaz qılmağa gələn idi. Özünün də dediyi kimi o, bu məscidə qonaq gəlmişdi. Qiyamət günü Allahın insandan soruşacağı ilk şeyin namaz olduğun deyən Hacı Arif ilə söhbətimiz elə namazdan başlanır:

- Qiyamət günü birinci soruşulacaq əməl namaz olacaqdır. Niyə? Çünki namaz Firu-iddinin birinci bəndidir. Firu-iddin isə İslamın iki dayağından biridir.

- Necə fikirləşirsiniz, bu məscidi niyə bağlayırlar?
- Hər halda burada tam dəqiq söz demək çətindir. Əgər qanunsuzdursa gərək o zaman qoymayalar tikilməsinə. Nəinki sonradan sökələr. Əgər bir məscid tikilib xalqın istifadəsinə verilibsə, əlbəttə ki, onu sökmək və ya bağlamaq müsəlmanlığa ziddir.

- Şəhidlər xiyabanındakı məscidi də bağladılar. Buna nə deyə bilərsiniz?
- Bu haqda bir söz deyə bilmərəm. Oranı təmirə görə bağlanıldığı deyilir.

- Son bir ayda 2 məscidi də sökdülər: Yasamal rayonundakı və Neft Daşlarındakı. Bu nədir? Sizcə bu kampaniyaya oxşamırmı?
- Bir növ haradasa oxşayır. Ona da hər hansı bir siyasi don geyindirirlər ki, guya onun da tikilişinə icazə verilməyib və s. İndi bax yanında durduğumuz bu 3 mərtəbə məscidi tikəndə onu görməmişdilərmi bu tikilir? Niyə onda onun qarşısını almadılar? Necə olur ki, adi bir fərdi subyekt bir yerə daş töküb nə isə tikmək istəyəndə tez onun başının üstünü kəsirlər. Amma məscid tikilib başa çatdıqdan sonra deyirlər ki, qanunsuz tikilib. Bu inandırıcı hal deyil. Nə isə inandırıcı deyil.

- Məscidlərin bağlanılması nədənsə elə həmişə Əbu Bəkir məscidindən dağılmış camaatla əlaqələndirməyə çalışırlar. Bəs məscidlərin sökülmələri nə ilə əlaqədardır?
- Onlarla əlaqələndirmək olmaz. Bura müsəlman ölkəsidir. Bu il ölkəmiz İslam mədəniyyətinin paytaxtı da sayılıb. İslam konfransı da burada keçirildi. Eyni zamanda bura müsəlman dövlətidir. Ümumiyyətlə, məscidlərin sökülməsinə mən yaxşı baxmıram. Məscidin hər yerdə olması - bu yaxşı haldır.

- Nə fikirləşirsiniz, növbəti hədəf hansı məscid ola bilər? Əgər bura da bağlanarsa bura namaza gələn insanlar hara üz tutacaqlar?
- Yalan ayaq tutar yeriməz. Mən heç nə deyə bilmərəm.

- QMİ sədrinin məscidofobiyaya qarşı açıqladığı münasibət sizi qane edirmi?
- Yox, şeyx heç zaman razı olmaz ki, məscidlər sökülsün, və ya bağlanılsın.

Hacı ilə söhbətimizdən sonra yerli dindarlardan bəziləri ürəklənib yaxınlaşaraq fikirlərini bölüşürlər. Onlarla söhbət edirdim ki, məscidin dəstəmazxanasından bir ağsaqqal çıxaraq bizə tərəf gəlməyə başladı. Mənə çatdıqda sual dolu gözlərini üzümdə cəmlədi. Özümü tanıtdırdıqdan sonra o da söhbətə qoşulur:

- Dayı, adınız necədir?
- Zakir.

- Zakir dayı, bu məscidin əhlindənsinizmi?
- Bəli.

- Cümə namazlarını buradamı qılırsınız?
- Bəli, cümələri bura gəlirik. 3 cümə cümə namazını qılmayan müsəlman artıq İslamdan çıxmış olur. Müsəlmanlar bir-birinə qardaşdır. Onun sağı-solu yoxdur. Ölkə başçısı dindarlığın inkişafı üçün işlər görür. Amma bu nə barmaqdır belə soxulub məscidlərə - anlamırıq. Deyirlər guya bu məscidin sənədləri yoxdur. Niyə sənədi yoxdur?! Sənədi olmayan şey tikilər?! Bu məscid burada neçə illərdi var idi. Bu bunlar isə burada yox idi. İndi bunlar tikiləndən sonra gəlib deyir ki, bura xoşagəlməz adamlar gəlir. Məgər müsəlmanın xoşagəlməzi olur!? Belə şey olar!? Bizim məscidimiz bağlanır! Dünən bunu eşidən bütün insanlar burada ağlaşırdı. Biz hara gedəcəyik? Harada ibadət edəcəyik? Biz cümə namazlarını harada qılacağıq? İndi bizim başımızı kəssələr bundan yaxşıdır. Biz ölkə başçısına müraciət edirik: Allah evlərin bağlanmasına icazə verməsin.

- Əgər bağlansa bəs ibadətlərinizi harada həyata keçirəcəksiniz? Nə etməyi düşünürsünüz?
- Nə edəcəyik? Ölkə başçısının buna reaksiyasını gözləyəcəyik. Biz onun rəyindən başqasını gözləmirik. Çünki DQİDK səsini çıxarmır. Şeyx səsini salıb içinə. Məscid bağlanır, şeyx səsini çıxartmır. Bunun hamısını ölkə başçısımı etməlidir? APA-da Şeyxin bir müsahibəsində oxumuşdum ki, özü belə demişdi; “Əgər Azərbaycanda bir dənə məscid bağlana, ya sökülə mən şeyx deyiləm”. Bu sözü Əbu Bəkir məscid ilə bağlı müsahibəsində demişdi. Halbuki Azərbaycanda artıq iki məscid sökülüb, üçüncüsü isə bağlanmaq təhlükəsi qarşısındadır.

- Ağsaqqal adamsınız, sizcə bütün bunlar nə deməkdir?
- Mənə belə gəlir ki, kimlərsə respublikada fitnə salmaqdan ötəri bunu törədirlər. İnsanları bir - birinə qarşı, dövlətə qarşı qoymaq istəyirlər. Biz buna gedəsi deyilik. Qulaqlarını aşsınlar və eşitsinlər. Biz dövlətimizə, ölkə başçısına bir daha müraciət edirik. Hətta iş o yerə gəlib çatıb ki, deyirlər azanın səsi bizi narahat edir. Gör nə qədər cəhalət hökm sürür respublikada?! Allahın göndərdiyi Qurana xor baxırlar. Biz buna qarşıyıq. Ölkədə dini maarifləndirməni gücləndirmək lazımdır ki, bu cəhalətdən qurtulsun insanlar. Harada ki, xurafata qarşı mübarizə var oraları bağlayırlar.

- Məscidə rəsmilərdən gələn olubmu? Nə deyirlər ümumiyyətlə?
- Deyirlər ki, sənədi yoxdur. Niyə yoxdur?! Hər sənədi var. Budur hocamız da gəldi. Sənədsiz şey tikilir bəyəm? 1992- ci ildən tikilib, bunun sənədi yox idi?!

Zakir kişi ilə söhbətdə idik ki, İlahiyyat məscidinin imamı İbrahim Memiş də gəldi. Türklər sözü olmasın: “İyi adam lafının üzerine gelir”, - deyib İbrahim hocadan soruşuram:

-İşlər necədir?
- İnşəallah düzələcək.

- Din hizmetleri müşaviriniz bu haqda görüşləri necədir?
- Nə deməsini gözləyirsiniz?.. Cami bağlanmaz, inşəallah. Camaat da gəlib-getməyə davam edər. Pırıl-pırıl işlərə davam edərik. Biz bunu bütün müsəlmanlara arzulayırıq.

- Maşallah, çox ümidlisiniz...
- Niyə ümidli olmayım ki? Ümid müsəlmanın silahıdır. Heç bir müsəlman istəməz ki, məscidləri sökülsün, yerlə yeksan edilsin və bağlanılsın. Amma bu nədən oldu, niyə oldu - ona mən cavabdeh deyiləm.

Bunu deyib İbrahim hoca bizdən uzaqlaşır. Məscidin fotolarını çəkirdim ki, uzaqdan bir uşaq mənə səsləndi: “Dayı, dayı, çəkməyin. Hocamız icazə vermir”. 8-9-cu siniflərdə oxuyardı. Yaxınlaşdı. Çəkilişin məqsədini bildikdə rahatlanır. Mehribanlıqla görüşdük. Adı Fərid idi. Bu məsciddə vaxtaşırı həm ibadətlə məşğul olur, həm də Quran oxuma kurslarında qiraəti öyrəndiyini deyir. Amma indi məscidin bağlanmasından çox nigaran olduğunu da gizlətmir. Fərid əli ilə məscidin ətrafını göstərərək deyir: “camaat burada dağda-qayada, o daşlıqda namazlarını qılır. Yenə də hərdən görürsən ki, yer çatmır”.

Fəridlə də söhbətimi bitirirəm. Məscidə qalxıb içəri daxil oluram. İçəridəkilərin çoxu cavanlar idi. Onlardan bəziləri namaz qılır, bəziləri Quran oxuyur, bəzilər də bir-biriləri ilə ünsiyyətdə idilər. Onlardan Elçin adlı bir gəncin fikirləri isə yəqin ki, sizlərə də maraqlı olar: “Deyirlər ki, tolerantıq. Belə də tolerantlıq olar? Ruhumuzu da əlimizdən almaq istəyirlər. Biz burada nə edirik ki, bəyəm? Namaz qılıb, oruc tuturuq. Heç bir başqa fəaliyyətimiz də yoxdur ki, deyək ki, ona görə belə edirlər. Başa düşmürük ki, nəyə görə belə edirlər?”

Suallar çox, cavablar isə yox. Beləcə suallarla İlahiyyat məscidini tərk edirəm. Amma bilmirəm, son cümədən sonra oradan azan sədaları gələcək ya yox?!
 
  • Yazılıb
  • da (də) 2009 May 21