Tarix : 2009 May 22
Kod 12048

Hacı İlqar İbrahimoğlu: «Haqlı və ya haqsız axtarmaq yox, toplumu bu bəladan qurtarmaq lazımdır»

Yanlış steriotipi dağıtmaq, istiqaməti mənəvi zənginliyə doğru yönəltmək lazımdır...
Azərbaycan servisi/Aran Agentliyi
Parlamentdə Qafqaz Müsəlmanları İdarəsinin ünvanına səslənən tənqidlərlə bağlı reaksiya özünü çox gözlətmədi. Az keçməmiş İdarənin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə deputatların iradlarına kifayət qədər sərt şəkildə cavab verdi.

Qeyd edək ki, millət vəkilləri bir çox məsələlərlə yanaşı yas məclislərinin dəbdəbəli keçirilməsində də Qafqaz Müsəlmanları İdarəsini günahlandırmışdılar. Məsələn, deputatlardan Siyavuş Novruzov yas mərasimlərində süfrəyə banandan tutmuş Afrika üzümünə qədər bütün meyvələrin düzülməsini ifratçılıq kimi dəyərləndirərək bu və bu kimi məsələlərlə bağlı adıçəkilən idarənin ölçü götürməli olduğunu demişdi. Buna cavab olaraq isə Şeyx bildirdi ki, əslində, bu cür dəbdəbəli mərasimlərin əsasını elə parlamentdə oturanlar, yəni imkanlı təbəqə qoyur. Çünki kasıb zümrə belə məclislər keçirmək iqtidarında deyil.

Əslində, həm tənqid edən, həm də tənqidləri cavablandıran tərəfin fikirləri həqiqətə uyğundur. Belə olan halda insanlar həqiqəti və kimin haqlı olduğunu necə müəyyən etməlidir?

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərəzinin sədri Hacı İlqar İbrahimoğlu hesab edir ki, problemin kökü cəmiyyətdə ciddi natamamlıq komleksinin olmasındadır: “Kimlərsə valideynlərinin ruhunu şad etmək üçün mənəvi və ruhani xarakterli addımlar atmaq əvəzinə rəhmət gedəni anma fəlsəfəsinə uyğun olmayan işlər görürlər. Kim olmasından asılı olmayaraq bunu edənlər yanlış yoldadırlar. Çünki bunların dinlə heç bir bağlılığı yoxdur. Ona görə düşünürəm ki, bu bir əxlaq, tərbiyə məsələsidir. Və cəmiyyətdə insanların şəxsiyyət, ləyaqət hissi ilə bağlı yaşanan böhranın nümayişidir. Rəhmətə gedəni anma fəlsəfəsi unudulub. Əslində anım mərasimləri bu dünyanın müvəqqətiliyini, ötəriliyini və qarşıda imtahan gününün olmasını, əməllərimiz müqabilində qiymətləndiriləcəyimizi xatırlatmaq üçündür. İnsanın ruhunun inkişafına yönəlik maarifləndirici söhbətlər aparılmalı, mənəvi aura yaradılmalı, Quran oxunmalı, Peyğəmbərimizdən və İmamlardan hədislər söylənməlidir. Rəhmətə gedən insanın yaxınlarına ürək-dilək verilməlidir. Anımın həqiqi fəlsəfəsi budur”.

İ.İbrahimoğlu Azərbaycanda bütün bu sadalananların tam əksinin baş verdiyini deyir: “Bu məsələ fərdi nümunələrlə həllini tapmalıdır. Ölkənin vicdanlı, dəyərli insanları özlərində güc və iradə tapıb bu kimi məclisləri maddi təntənə yox, mənəvi zənginlik istiqamətinə dəyişməlidilər. Kimlərsə düşünürsə ki, rəhmətə gedənin ruhunu maddi nemətlərlə xoş edəcək, yanılır. Ruhu övladın gözəl, əməlisaleh rəftarları ilə xoş etmək olar. Həmin o maddi nemətlər qocalar evinə, kimsəsiz uşaqlara və ya məktəblərin tikilməsinə, kitabxanaların açılmasına yönələrsə, rəhmətə gedənin ruhu qat-qat şad olar. Hamı qorxur ki, onu valideynlərinə hörmət qoymamaqda qınayarlar. Bu yanlış steriotipi dağıtmaq lazımdır. Kimlərinsə haqlı və ya haqsız olduğunu müəyyən etməkdən daha çox, bunu toplumun bəlası kimi qiymətləndirib onun aradan qalxmasına çalışılmalıdır. Mən bu məclislərin yığışdırılmasına da mənfi baxıram. Çünki bu məclislər insanların milli-mənəvi dəyərlərinin yaşaması üçün böyük imkanlar yaradır. Amma istiqaməti mənəvi zənginliyə doğru yönəltmək lazımdır”.
 
  • Yazılıb
  • da (də) 2009 May 22