Tarix : 2009 May 22
Kod 12050

Azərbaycan daha fəal terror dalğası ilə üz-üzədir

İndiyə kimi qlobal terror şəbəkəsinin əsas hədəfində olmayan, müstəqillikdən bu yana cəmi bir neçə dəfə terror hadisəsi baş vermiş ölkəyə marağın artması onun geosiyasi yeri ilə bağlıdır
Azərbaycan servisi/Aran Agentliyi
Getdikcə daha artıq qloballaşan terror dalğası yaxın perspektivdə Azərbaycanda da fəallaşa bilər. Ekspertlərin fikrincə, bu, ölkənin 30 apreldə hazırsızlıq olduğu aydın olan hüquq-mühafizə qurumlarının vəziyyətini xeyli çətinləşdirə bilər.

İndiyə kimi qlobal terror şəbəkəsinin əsas hədəfində olmayan, müstəqillikdən bu yana cəmi bir neçə dəfə terror hadisəsi baş vermiş ölkəyə marağın artması onun geosiyasi yeri ilə bağlıdır.

Terror təhlükəsinin səbəbləri

Azərbaycan Rusiyadan yan keçən və gerçəkləşdirilməsində Avropanın çox maraqlı olduğu alternativ enerji dəhlizinin üzərində yerləşir. Yeni dəhlizin gerçəkləşməsinə mane olmaq istəyən qüvəllər özlərinə bağlı terror qruplaşmalarından Azərbaycana təsir vasitəsi kimi istifadə edə bilərlər.

Həmçinin beynəlxalq narkotrafikin cəlbedici yollarından birinin üzərində yerləşən Azərbaycanda İrandan ötürülən narkotik vasitələrin tutulması halları da xeyli artıb. Bu, Azərbaycanı əsas gəlir qaynağı narkotrafik olan terror qruplarının da hədəfinə çevirə bilər.

Terror qurumlarının maliyyə mənbələri

Hərbi ekspert Azad İsazadənin fikrincə, istənilən terror qruplaşmasının öz fəaliyyətini gec-tez narkotrafikə yönəltməsi qaçılmazdır. «Heç bir təşkilat maliyyə dəstəyi olmasa, fəaliyyətini uzun müddət davam etdirə bilməz. Heç bir rəsmi qurumun onlara maliyyə dəstəyi verməyə icazə olmadığından, terrorçular bu cür qeyri-rəsmi yollara əl atmalıdırlar. Bunun variantları müxtəlifdir. Həm narkotrafik, həm də Somalidəki dəniz quldurluğu terrorunun maliyyələşmə vasitələrindəndir. Terror qurumlarını birləşdirən başqa vasitə isə silah alveri və insan oğurluğudur»,- deyə Azad İsazadə bildirir.

PKK üstəgəl “Tamil pələngləri”

Hərbi ekspertin dedikləri son aylarda baş verən hadisələrin xronologiyası ilə də təsdiqlənir. Məsələn, bir neçə gün öncə Şri Lanka hökumətinin «Tamil pələngləri» terror təşkilatına qarşı amansız mübarizəsi PKK liderlərindən olan Zübeyir Aydar tərəfindən qınanmışdı. Aydar Şri Lanka ordusunun əməliyyatlarını «Tamillərə qarşı soyqırım» adlandırmışdı.

Və bu, təsadüfən deyil. Türkiyə ordusunun keçmiş mərkəzi qərargah rəisi Yaşar Böyükanıt hələ 2008-ci ilin avqustunda Antaliyada keçirilən Beynəlxalq İpək Yolu konfransında bildirmişdi ki, Avropaya nəql edilən heroinin 80 faizinin, həmçinin Şri Lankadakı «Tamil pələngləri» terror təşkilatının silahla təmin edilməsinin arxasında PKK durur.

Somali piratları və London ofisləri

Ümumiyyətlə, terror qruplaşmalarının son zamanlarda xüsusi irəli getmiş üsullara əl atması da bu cür qloballaşmanı artırır. Məsələn «The Guardian» qəzetinin yazdığına görə, Britaniya xüsusi xidmət orqanları müəyyən ediblər ki, Somali piratlarının kəşfiyyatının mənzil qərərgahı Londonda yerləşir. Britaniya paytaxtında, həmçinin dünyanın bir çox aparıcı ticarət, sığorta və nəqliyyat şirkətlərində agentləri var. Bu informatorlar gəmilərin marşrutları və yükləri barədə mütəmadi olaraq piratlara məlumat ötürürlər. Qəzetin yazdığına görə, ən azı 4-5 iri pirat qruplaşmasının Londonda öz məsləhətçisi var.

Hərbi ekspert Azad İsazadənin sözlərinə görə, çox vaxt terror təşkilatlarının arxasında qeyri-rəsmi şəkildə böyük dövlətlər də dayanır: «Adətən terror təşkilatları tərəfindən səsləndirilən bəyanatlar üzdəgörünən tələblərdir. Real tələb isə onu dəstəkləyən dövlətin siyasi maraqlarıdır». Hərbi ekspert dövlətlərin bu cür münasibətləri adətən pədəarxası danışıqlarda müəyyən etdiyini bildirir. O, buna misal olaraq dünyanın ən yaxın iki müttəfiqi olan ABŞ və İngiltərə arasında olan münasibətləri göstərir: «20-ci yüzilliyin 60-70-ci illərində xüsusilə fəallaşan «Şimali İrlandiya ordusu» terror təşkilatına maliyyə dəstəyi ABŞ-dan gəlirdi. Bunu ABŞ-da yaşayan irland mənşəli siyasətçilər və biznesmenlər edirdi. Heç vaxt İngiltərə rəsmi şəkildə bunu ABŞ-a irad tutmayıb. Halbuki qeyri-rəsmi bunu dəfələrlə edib».

PKK təhlükəsi Azərbaycanda

O, həmçinin sovet dövründə Rusiyanın Türkiyəyə qarşı PKK teror təşkilatını yaratdığını və maliyyələşdirdiyini də xatırladır: «Rusiyanın bu cür qurumları Azərbaycana qarşı qaldırması baxımından risk həmişə var. Düşünürəm ki, bu risk getdikcə daha da arta bilər. Azərbaycana ilkin maraq sözsüz ki, enerji layihələri ilə bağlıdır. Həmin maraqları güdmək üçün Azərbaycana zərbələr vurula bilər».

Azad İsazadənin fikrincə, ölkə bu cür zərbələrdən qorunmaq üçün müdafiə texnologiyalarını daima genişləndirməlidir. «Bu daimi gedən və daimi mükəməlləşən mübarizədir. 11 sentyabrda ABŞ buna hazır olmadığını nümayiş etdirdi. Dövlət daima bu proseslə bağlı iş aparmalıdır. Çünki əks tərəf - terrorçular da inkişaf edir, təzə formalar axtarır », - deyən hərbi ekspert Azərbaycanda da bu sahədə müəyyən işlər görüldüyünü vurğulayır: «Azərbaycanda periodik olaraq eşidirik ki, kimlərisə tutub başqa ölkələrə təhvil veriblər. Yəni müəyyən iş gedir».

Polis güclüdür, yoxsa terror?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polkovnik-leytenant Ehsan Zahidov da bu sahədə müəyyən işlər görüldüyünü bildirir və əməliyyat sirri olduğundan detalları aça bilməyəcəyini söyləyir. DİN əməkdaşı bu fikirlərində haqlıdır. Post-patrul xidmətlərinin öz xidmət yerlərində, məsələn məktəblərin, iri ticarət mərkəzlərinin önündə keşik çəkməsinə indi daha çox rast gəlmək olur. Əvvəllər isə buna rast gəlmək olmurdu. Məsələn, Bakının Badamdar qəsəbəsində həm mühafizə polisinə, həm də çevik polis alayına məxsus avtomobillər əvvəllər daha çox tikinti materialları aparan yük maşınlarını yoxlmaqla və ya ərazilərə çıxaraq, sənədi olub-olmamasından asılı olmayaraq ev tikənlərə «Hacıbala müəllim deyib ki, daşı daş üstünə qoymaq olmaz» deyib tikintini dayandırmaqla məşğul idilər. Sakinlər indi bu cür «reyd»lərin nisbətən azaldığını vurğulayırlar.

Lakin Azad İsazadə bu cür irəliləməni də tam qaneedici saymır: «Neft Akademiyasında 30 apreldə baş verən hadisələr göstərdi ki, hazırlıq olub-olmamasına baxmayaraq, periodik olaraq belə hadisələrlə rastlaşacağıq».
 
  • Yazılıb
  • da (də) 2009 May 22