Azərbaycan servisi/Aran Agentliyi
Bakı Beynəlxalq Hava Limanı Azərbaycanın adının mənfi planda çəkildiyi daha bir beynəlxalq qalmaqalın mərkəzində yer alıb. Məlum olub ki, bir neçə gün əvvəl Bakıya məcburi eniş edən İsrail sərnişin təyyarəsi 12 min dollara görə 170 sərnişinlə birlikdə bir neçə saat girov saxlanılıb. Bu insident haqda ötən gün İsrailin nüfuzlu “Haaretz” qəzeti yazıb.
Qəzet “Azərbaycandan uçmaq naminə nə etmək olmaz ki” başlıqlı məqaləsində yazır ki, “El-Al” şirkətinə aid təyyarə Honkonqdan Təl-Əvivə birbaşa reys həyata keçirərkən mühərriklərinin birində problem yaranıb. Nəticədə göyərtəsində 170 sərnişin olan təyyarənin heyəti məcburi eniş üçün Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportuna müraciət edib. Aeroportun dispetçer xidməti təyyarəni qəbul edib və AZAL-ın texniki xidməti laynerə baxış keçirərək mühərrikdəki nasazlığı müəyyən edib.
Nasazlıq aradan qaldırılıb, lakin aeroportun rəhbərliyi heyətdən təmirə görə 12 min dollar nağd pul ödəməyi tələb edəndə vəziyyət mürəkkəbləşib. Heyətdən tələb edilib ki, 12 min dollar nağd ödənməsə, təyyarəyə havaya qalxmağa imkan verilməyəcək.
Heyət üzvləri yaranmış vəziyyətlə bağlı “EL-Al” şirkətinin rəhbərliyini, İsrail Xarici İşlər Nazirliyini və bu ölkənin Bakıdakı səfirliyini məlumatlandırıb. Bir neçə saat davam edən danışıqlardan sonra aeroport rəhbərliyi 12 min dolların heyət üzvlərindən birinin kredit kartı ilə ödənilməsinə razı olub. Digər pilotlar və stüardessalar da öz kredit kartlarını təklif ediblər, lakin onların kartlarının heç biri yerli banklar tərəfindən tanınmayıb. Yalnız pilotlardan birinin kartının yerli bank tərəfindən tanınmasından sonra onun hesabından 12 min dollar çıxarılıb və təyyarəyə uçmaq icazəsi verilib. Qəzet yazır ki, təyyarə Təl-Əviv aeroportuna enəndə artıq kredit təşkilatının əməkdaşı pilotun borcunu qaytarmaq üçün gözləyirdi.
Qeyd edək ki, Bakı aeroportu və AZAL əməkdaşlarının hərəkətləri bundan əvvəl də xarici mətbuatda Azərbaycan haqda neqativ məqalələrin yazılmasına səbəb olub. Vaxtilə aeroportda Yaponiya vətəndaşından rüşvət tələb etməsi faktı prezident Heydər Əliyevin keçirdiyi müşavirədə müzakirə olunmuş və AZAL rəhbərliyi ciddi tənbeh edilmişdi. Bu yaxınlarda isə xarici jurnalistlərdən biri Bakı aeroportunda ondan necə rüşvət tələb etdikləri haqda yazmışdı. Son insident zamanı aeroport rəhbərliyinin davranışının da ölkənin beynəlxalq imicinə mənfi təsiri artıq ortadadır.
Bu insidentlə bağlı İsrail səfirliyinin əməkdaşı deyib ki, təyyarə məcburi eniş etdiyi andan Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə məşğul olub: “Mühərrikdə yaranmış nasazlıq peşəkar səviyyədə aradan qaldırılıb və təyyarə yubanmadan uçuşunu davam etdirib. Görülən işin müqabilində ediləcək ödəniş də həllini tapıb. İsrail tərəfi Azərbaycana bu yardıma görə minnətdarlığını bildirib”.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə İsrail mətbuatının yazdıqlarının həqiqətdən uzaq olduğunu “day.az”a bildirib: “Texniki xidmətə görə nəğd ödəniş necə tələb etmək olar? Aviasiyada başqa normalar, qaydalar var, ödəniş nəğd yolla aparıla bilməz. Həmin təyyarə Bakıda məcburi eniş etdikdən sonra ona zəruri texniki yardım göstərilib, heç kim heyətdən nəğd pul tələb etməyib. Nağd pulla heç kim işləmir, qanunlar, beynəlxalq konvensiyalar var, bu yazılanlar tamamilə yalandır”.