4 hərbçi həlak oldu, yaralananlar var...
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan ordusunda növbəti faciə baş verib. Gəncədəki “N” saylı hərbi hissənin əsgərlərindən birinin avtomat silahdan açdığı atəş nəticəsində ölən və yaralananlar var. Dünən “Azadlıq” qəzetinin bu barədə yaydığı xəbərdə ölənlər arasında əsgərlərlə yanaşı, zabitlərin olduğu da bildirilirdi. Məlumata görə, hələlik motivi bilinməyən hadisə Seyfəli poliqonunda baş verib: “Qatil həmin N saylı hərbi hissənin 4-cü taborunun 12-ci bölüyündə xidmət edirmiş. Elə həmin bölüyün də əsgər və zabitlərini güllələyib. İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, xeyli sayda yaralananlar var.
Məlumatlarda bildirilir ki, Gəncədəki ”N" saylı hərbi hospitala 30-dan artıq əsgər və zabit gətirilib. Onların əksəriyyəti ağır vəziyyətdədir. Bəzi məlumatlara görə, hadisəni törədən əsgər özünü də vurub. Amma başqa məlumatlarda bildirilir ki, həmin əsgər artıq həbs olunub".
Dünən məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə dəfələrlə zəng etsək də, telefon zənglərimiz cavabsız qaldı. Belə ciddi bir hadisəyə aydınlıq gətirilməməsi ən azı təəssüf doğurur. Apardığımız araşdırmalar nəticəsində bəzi məlumatlar əldə edə bildik. Hərbi mənbələrdən aldığımız məlumata görə, müdafiə nazirinin müavinlərindən biri, o cümlədən Şəmkir korpusunun komandiri general Çingiz Şəfiyev hadisə yerindədir. Hazırda hərbi hissədə hərbi polis və hərbi prokurorluğun nümayəndələrindən ibarət böyük bir komissiya işləyir. Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.
Məlumata görə, ağır vəziyyətdə olan yaralıları Bakıya - hərbi hospitala gətirməkdən ötrü vertolyot göndərilib. Mənbə ölənlərin içərisində zabitlərin də olduğunu bildirdi. Qeyd etdi ki, ona çatan xəbərə görə, əsgər incidildiyi üçün silaha əl atıb.
Günün ikinci yarısında hadisə barədə artıq bəzi detallar mətbuata sızmağa başladı. Məlumata görə, faciə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyətinin mayın 23-də Şəmkir rayonu ərazisindəki Seyfəli poliqonunda keçirilən təlimi zamanı baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, təlimin gedişində əsgərlərdən birinin əlində avtomat silahın açılması nəticədə 5 əsgər güllələnib. Əsgərlərdən 3-ü yerindəcə keçinib, 2-si isə ağır güllə yaraları alıb. Hadisəni törədən əsgərin adı məlumdur. Bu, 2008-ci ildə Ağcabədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 20 yaşlı Səfərov Orxan Tofiq oğludur. İlkin ehtimallara görə, hadisəyə əsgərin təhlükəsizlik qaydalarına riayət etməməsi və silahla ehtiyatsız davranması səbəb olub.
Həlak olan əsgərlərdən də birinin adını müəyyənləşdirmək mümkün olub. Bu, Ravil Ataşovdur. Yaralı əsgərlər hospitala yerləşdirilib. Həlak olmuş digər əsgərlərin və yaralıların adı dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.