Azərbaycan servisi/Aran Agentliyi
İslam aləminin müxtəlf yerlərində, o cümlədən Vətənimizdə Əyyami-Fatimə (s.ə.) silsiləsindən əzadarlıq mərasimləri davam edir. Bu münasibətlə may 23-də axşam saatlarında İçərişəhər “Cümə” dini icması böyük əxlaq ustadı və İslam aləminin mərcəyi-təqlidi Ayətullah Məhəmməd Təqi Behcət cənablarının vəfatının yeddinci gününü qeyd etmişdir. Şam və işa namazının camaatla qılınmasından sonra Hacı İlqar İbrahimoğlu tərəfindən mərasimə cəm olanlara Xanım Zəhra (s.ə.) yaşayışında təqvanın çalarları və Behcət Ağanın (r.ə.) bunu əməli olaraq necə yaşatması mövzusunda moizə təqdim edilmişdir.
Moizənin əvvəlində əzadarlara Xanımın (s.ə.) şəhadəti və Behcət Ağanın (r.ə.) dünyasının dəyişməsi münasibətilə başsağlığı verən vaiz, bu ağır itki münasibətilə müsəlmanlara ərzi-təsliyyətini çatdırmışdır. Moizədə Xanımın (s.ə.) bütün həyat dövrlərinə toxunan vaiz, Fatimeyı-Zəhranın (s.ə.) istər atası Peyğəmbərin (s) evində olduğu zaman, istər Əmirəl-Mömininin (ə) həyat yoldaşı olduğu zamanda, istərsə atasının vəfatında, istərsə də ondan sonrakı dövrlərinə işarə etmişdir. Həyatının bütün bu keşməkeşlərinə baxmayaraq həyatında Xanımın (s.ə.) bir şeyi - ilahi təqvanı necə izlədiyini açıqlayan vaiz, Xanımın (s.ə.) həyatının başdan-başa təqva üzərində qurulduğunu bir daha andı. Vaiz Həzrət Zəhranın (s.ə.) yaşam tərzinin günümüzlə uyğunlaşmadığına iddia edənlərə Behcət Ağanın (r.ə.) 96 illik həyatını nümunə çəkərək bunun əlbəttə ki, mümkün bir hal olduğunu xüsusilə vurğulamışdır; “İnsan edə bilər ki, 96 yaşlı ömrü ilə həm əməli, həm ölümü, həm də özündən sonrası ilə də təqvalı yaşamağa nümunə olsun. Bütün dünya alimlərini hələ də bu düşündürür ki, ilk insan olan ilk peyğəmbərdən (ə) həyat günümüzədək necə gəlib çatmışdır. Ta o zamandan şeytan (lən.) hər zaman inanclıları aradan aparmağa cəhd edir. Tarixdə nəsilbənəsil inanclılar aradan aparılıb. Bu göz qabağındadır ki, şeytan və şeytanpərəstlər inanca, Allahpərəstlərə qarşı olmazın zülmlərini ediblər. Amma bir balaca şərait yaranan kimi iman nuru dirçəlir. Alimlər bu gün də bunun səbəbləri üzərində dərin tədqiqatlar aparırlar”.
“İnsan mühitin məhsuludur” tezisini mütləq bir nəsnə olaraq qəbul etməyən vaiz vurğulamışdır ki, əgər insan doğrudan da mühitin məhsulu olsaydı, o zaman Allahpərəstlik, əxlaq və bu kimi digər nurani anlamlar gərək çoxdan aradan getmiş olaydı. Hacı İlqar bildirmişdir ki, bizim toplumun məhz 70 ildən artıq dövrdə belə bir tezisə uyğunlaşdırılmış tərzdə yaşamağa vadar edilməyinə baxmayaraq, bu gün bunun əksini görürük: “Bu gün həmin toplum Əyyami-Fatimə (s.ə.) keçirir, “Behcət” (r.ə.) adı gələndə qəlbi riqqətə gəlir”.
Moizənin davamında vaiz bir daha Behcət Ağanın (r.ə.) vəfatını anaraq Xanım Zəhra (s.ə.) əzadarlarına onun mübarək həyatından bir sıra mühüm mətləbləri çatdırmışdır: “Onun (r.ə.) maddi baxımdan insanlara verəcəyi heç nəyi yox idi. Ancaq mənəviyyatla dolu sadə həyat yaşamış bu insana bu toplumu bağlayan Allaha eşqdir, nuraniyyətdir”. Vaiz bəhsin əvvəlində toxunduğu alimlərin araşdırma mövzusunu xatırladaraq, belə bir açıqlama verdi: “Həmin araşdırma sübut edib ki, belə insanların vücudu Allahla yoğrulub və son yekunları da Onunla bağlıdır”. Mərhum Behcət Ağanın (r.ə.) həmişə az danışdığını qeyd edən vaiz onun həm özünə şüar etdiyi, həm də hər kəsə tövsiyə etdiyi bir mübarək buyuruşunu təkidlə səsləndirdi: “Bildiyinə əməl et”. Behcət Ağanın həyatda uğur qazanmasının da səbəbinin məhz özünün buna riayət etməsi olduğunu deyən Hacı İlqar, ondan təkcə bu cəhəti də öyrənsək, əxz etsək uğur üçün bəs edə biləcəyini bildirmişdir.
Moizə başa çatdıqdan sonra həm Xanımın (s.ə.) şəhadəti, həm də Behcət Ağanın (r.ə.) yeddi mərasimi münasibətilə rövzə deyilmiş, mərsiyələr oxunmuşdur. Sonda salavatlar zikr edilmiş, insanların ilahi təqva ilə yaşaması, İslam torpaqlarının, o cümlədən, Qarabağın və Qüdsün azadlığı üçün, xəstələrin şəfa tapması üçün və digər ümmət müşkülləri üçün dualar edilmişdir. Mərasim zəmanə sahibi İmam Sahib-əz-Zamanın (ə.f.) gəlişinin tezləşməsini ifadə edən “Fərəc” duasının cəmlə oxunması ilə başa çatmışdır.