Azərbaycanda dini radikalizmin güclənməsinə səbəb ola biləcək addımlar atılmaqda davam edir
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanda dini radikalizmin güclənməsinə səbəb ola biləcək addımlar atılmaqda davam edir. Bəzi məscidlərin bağlanmasının, bəzilərinin sökülməsinin, digər qisim Allah evlərini isə bağlamaq cəhdlərinin ardınca, bu istiqamətdə daha əcaib addımların şahidi olmaqdayıq.
Redaksiyamıza daxil olan məlumata görə, «Şəhidlər» məscidinin bağlanmasından sonra Bakıda fəaliyyət göstərən bəzi türk xeyriyyə vəqflərinin ofislərindəki ibadət otaqları da qapadılıb. Buna səbəb rəsmi orqanların həmin vəqflərə terror təhlükəsizliyi ilə bağlı xəbərdarlığı olub. Ona görə də ibadət otaqlarının təyinatı dəyişdirilib. Bu təşkilatların əməkdaşlarına isə namazı öz iş otaqlarında qılmaq göstərişi verilib.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən türk xeyriyyə vəqflərinin ofislərindəki ibadət otaqlarından həm də yaxınlıqda işləyən və yaşayan mömin insanlar namaz qılmaq üçün istifadə ediblər. «Şəhidlər» məscidinin bağlanmasından sonra həmin yerlərə axın güclənib. Bu isə həm rəsmi orqanları, həm də xeyriyyə qurumlarının rəhbərlərini təhlükəsizlik tədbirlərini gücləndirməyə vadar edib.