Bu məscidin bağlanması terror hadisəsi ilə əlaqədardır. Onun fəaliyyəti məsələsi hazırda müzakirə olunmur
Azərbaycan servisi/Aran Agentliyi
«Yeni Şərq»in TREND-ə istinadən verdiyi məlumata əsasən, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi paytaxtdakı "Əbu Bəkr" adı ilə tanınan məscidin açılacağını bildirib.
"Bu məscidin bağlanması terror hadisəsi ilə əlaqədardır. Onun fəaliyyəti məsələsi hazırda müzakirə olunmur. İstintaqla bağlı bəzi məsələlər davam edir. Məscid əvvəl-axır açılacaq, qapalı qalmayacaq. Amma bunun fəaliyyətinin qanuna uyğunluğu müəyyənləşdirilməlidir", - çərşənbə axşamı Trend News-a müsahibəsində Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov bildirib.
Əsgərov deyib ki, "Azərbaycanda məscidlərin bağlanması tendensiyası" deyilən anlayış yoxdur.
"Sadəcə bəzi məscidlərin bağlanması eyni vaxta təsadüf etdi. Ayrı-ayrı vəziyyətlə əlaqədar eyni vaxtda bir neçə məscidin bağlanması prosesi getdi. Onların hər birinin ayrı-ayrılıqda bağlanma səbəbi var. Məsələn, Neft Daşlarındakı məscidin sökülməsi barədə heç bir rəsmi göstəriş olmayıb. Dəniz suyu məscidin bünövrəsini yuduğu üçün onun çökmə təhlükəsi var idi və bu səbəbdən söküldü. Dövlət Neft Şirkəti bildirib ki, həmin məscid tikiləcək, dindarlar üçün ibadətə şərait yaradılacaq. Yasamal rayonu ərazisində sökülən məscidin sənədləri əvvəldən qaydasında olmayıb. Yerli icra hakimiyyəti orqanı məscidin sökülməsi ilə bağlı məsələ qaldırdı və məhkəmə sökülmə ilə bağlı qərar verdi. "İlahiyyat" məscidinin bağlanması ilə bağlı xəbər çıxdı, amma bağlanmadı. BDU-nun rektoru hesab edir ki, məscidin fəaliyyəti universitetin işinə mane olur. Amma həmin məscidinin sökülməsi gündəlikdə yoxdur", - sədr müavini əlavə edib. Onun sözlərinə görə, "Şəhidlər" məscidi də açılacaq.
Əsgərovun sözlərinə görə, Azərbaycanda 1750 məscid var ki, onlardan 1000-ə yaxını fəaliyyət göstərir.
"Bu kütləvi olsaydı, başqa yerlərdə də sökülərdi", - Dövlət Komitəsi sədrinin müavini bildirib.