Türkiyə XİN rəhbəri qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ probleminin həllini həmişə diqqət mərkəzində saxlayır və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir
Türkiyə servisi/Aran Agentliyi
17 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ilk dəfə olaraq ip ucu görünür. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında bildirib. “Mən dunya ictimaiyyətinə səslənərək bu şansı əldən qacırmamağa çağırıram”, - deyə Davudoğlu bildirib.
Davudoğlu hesab edir ki, son dövrlər həm prezidentlər, həm də nazirlər səviyyəsində görüşlərin çoxalması münaqişənin həll olunmasına yardımçı ola bilər.
Türkiyə XİN rəhbəri qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ probleminin həllini həmişə diqqət mərkəzində saxlayır və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.
Davudoğlu onu da qeyd edib ki, Azərbaycan Türkiyənin strateji ortağıdır və Azərbaycanın ərazi bütövlüyü Türkiyə üçün əsas məsələdir. Azərbaycanın bu məsələdə Türkiyənin mövqeyinə şübhəsi olmamalıdır.
“Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir. Tarixdə olduğu kimi gəlcəkdə də Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Bu Türkiyənin baş nazirinin, prezidentinin və 70 milyon xalqının Azərbaycana mesajıdır”-, deyə Davudoğlu vurğulayıb.
Keçən ilin avqust ayında Gürcüstanda baş verənlərdən danışan Davudoğlu bildirib ki, dondurulmuş münaqişələr hər an partlamaya hazır olan bomba kimidir və artıq bu bombalardan qurtulmağın vaxtıdır.
Davudoğlu bildirib ki, hər kəs bu məsələni ATƏT-in Minsk qrupu başda olmaqla BMT qərarları çərçivəsində həll olunması üçün əlindən gəlini etməlidir. Biz bölgəni təhlükədən qurtarmaq üçün Qafqaz Əməkdaşlıq və Təhlükəsizlik platformasını irəli sürmüşük. İstəyirik ki, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, bölgədəki münaqişələr öz həllni tapsın”- deyə nazir bildirib. Turkiyə Dağlıq Qarabağ munaqişəsinin həll olunması üçün bütün yardımlarını davam etdirəcək", Davudoğlu vurğulayıb.
Qeyd edək ki, bu gün Elmar Məmmədyarovun türkiyəli həmkarı ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda enerji, mədəniyyət, iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.