Tarix : 2009 May 26
Kod 12137

VASİF TALIBOV MƏMURLARI EV DUSTAĞI EDİB

Bölgədən müxalifyönlü qəzetlərə tənqidi məlumatlar ötürülməsi muxtar respublikanın başçısını qəzəbləndirib
Azərbaycan Servisi/Aran Agentliyi
«Son günlər Naxçıvanda baş verən özbaşınalıqlarla bağlı müxalifət mətbuatında gedən yazılar Ali Məclisin sədri Vasif Talıbovu bərk qəzəbləndirib. Dünən bir neçə məmuru kabinetinə çağıran Talıbov muxtar respublikadan sızan xəbərlərdə onları günahlandıraraq əməlli-başlı təhqirə məruz qoyub». Bu barədə bölgədəki mənbə xəbər verib. Mənbənin dediyinə görə, Talıbov o qədər qəzəblənibmiş ki, çığırtısı Ali Məclis binasını başına götürübmüş. Həmin məmurları kabinetindən qovan «xan» bununla da kifayətlənməyib.
Göstəriş verib ki, bölgədən xəbər ötürənlərin konkret kimlikləri müəyyənləşməyənədək onların hamısı ev dustağı edilsinlər. Həmin məmurlara evdən bayıra çıxmaq qəti şəkildə yasaqlanıb. Bundan sonra Talıbov kabinetinə Naxçıvanın iqtisadi inkişaf naziri Famil Seyidovu çağıraraq ondan və hazırda Xaçmaz rayonunun icra başçısı vəzifəsində çalışan Naxçıvan Nazirlər Kabinetinin sabiq sədri Şəmsəddin Xanbabayevdən şübhələndiyini bildirib. Lakin Seyidov and-aman edərək baş verənlərdən xəbərsiz olduğunu söyləyib və birtəhər Talıbovu inandıra bilib.
Mənbənin sözlərinə görə, Talıbovun hirsi bununla da soyumayıb. O, göstəriş verib ki, bundan sonra Naxçıvandan hansı sahə ilə bağlı müxalif KİV-ə informasiya sızsa, həmin mənbəni bu sahəyə sorumlu rəhbər işçinin özü tapıb cəzalandırmalıdır. «Hazırda Naxçıvanda məmurlar arasında əməlli-başlı xof və panika yaranıb», - deyə qaynağımız bildirir.
Sonda bir məqamı da qeyd edək ki, onsuz da illərdir Naxçıvanda informasiya blokadası davam edir. Bölgədən istər tənqidi, istərsə də loyal xarakterli informasiyaların kənara ötürülməsi çoxdan qadağan edilib. Məlumata görə, bu işə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi birbaşa nəzarət edir. İnformasiyaların kənara çıxmaması üçün hüquq-mühafizə orqanlarının müdaxiləsinə də tez-tez rast gəlinir. Polis jurnalistlərin peşə fəaliyyətinə müdaxilə etməklə yanaşı, onlara məlumat və müsahibə verən vətəndaşları da qorxudur, hədələyir və şərləyərək həbs edir. Bundan başqa, bütün idarə və müəssisələrin rəhbərlərinin jurnalistlərə məlumat verməsinə qadağa qoyulub. Onların müxalifət yönlü qəzetləri alması, İnternet vasitəsilə oxuması da qadağan edilib.
Mövzuya qayıdacağıq.
 
  • Yazılıb
  • da (də) 2009 May 26