Tarix : 2009 May 26
Kod 12139

AZƏRBAYCAN ORDUSUNDA FACİƏ!!! 500 ƏSGƏR ZƏHƏRLƏNDİ

Qaraheybət Təlim Mərkəzində faciə; hadisənin təxribat olması ehtimali var; ölənlərin olduğu söylənilir
Azərbaycan Servisi/Aran Agentliyi
Xəbər aldıq ki, Azərbaycanın Qaraheybət Təlim Mərkəzindəki əsgərləri kütləvi zəhərlənməyə məruz qalıb. (Təlim Mərkəzi Müşviqabad qəsəbəsi ilə Qızıldaşın arasındakı ərazidə yerləşir.) Saat 24.00-da olayı redaksiyaya bildirən musavat.com portalının redaktoru Xalid Kazımlı söylədi ki, hərbi hissədə böyük həyəcan var. Hadisə yerinə ilk yetişənlərdən olan Kazımlı dedi ki, ətraf qəsəbələrin bütün əhalisi, həkimləri və təcili yardım maşınları oraya axışır.
Zəhərlənmiş əsgərləri yaxınlıqdakı Müşviqabad qəsəbəsindəki poliklinikalara, vəziyyəti ağır olanları isə Bakıya, “Papanin”dəki hərbi hospitala daşıylırlar: “Burada jurnalistlərlə çox aqressiv davranan mülkü geyimlilər var, işləməyimizə imkan vermirlər. Bu səbəbdən də xəstəxanalara daşınan əsgərlərin hansı vəziyyətdə olduğunu çəkə bilmirik. İkin məlumata görə zəhərlənənlərin sayı 500 nəfərdir. Bəziləri hətta 1500 rəqəmində iddia edir. Burada böyük panika var. Minlərlə adam yığışıb, yüzlərlə ambulans gəlib Bakıdan. Bir ucdan zəhərlənmiş əsgərləri daşıyırlar. Buradakı bəzi zabitlərdən soruşduq – dedilər ki, ölüm faktı yoxdur. Lakin bəziləri də bunun əksini söyləyir. Bir vətəndaş mənimlə söhbətində bildirdi ki, o, 5 zəhərlənmiş əsgəri çatdırıb hospitala. Deməsinə görə, onlardan biri ölübmüş.  ”  
Əsgərlərin biri müxbirimizə deyib ki, axşam 19 radələrində onlara balıq verilib və bir saat sonra hamıda kəskin mədə ağrıları, qusma hissi başlayıb. Lakin əsgərlər nə qədər çalışsalar da yedikləri qidanı qaytara (qusa) bilməyiblər. Bundan sonra onların vəziyyəti ağırlaşıb. X.Kazımlı deyir ki, hətta ətraf ərazilərdən mülki şəxslər də öz maşınları ilə hərbi hissəyə köməyə gəliblər və əsgərlərin hospitala daşınmasına yardım edirlər.
Bu yazı qəzetdə səhifələnərkən Müdafiə Nazirliyi olayla bağlı heç bir açıqlama verməmişdi.
Xalid Kazımlının son olaraq redaksiyaya verdiyi  məlumata görə, hadisə yerinə Təlim Mərkəzinin rəhbəri Kamal Məmmədov gəlib. Lakin o da jurnalistlər qarşısında heç bir açıqlama verməyib.
Müxbirimizin hadisə yerində danışılanlarla da bağlı maraqlı müşahidəsi olub. Hadisə yerindəki vətəndaşlarımızın bəziləri olayı ordumuza qarşı qəsdən törədilmiş təxribat kimi qiymətləndiriblər.
Saat 01:00-a aldığımız məlumata görə, Müdafiə Nazirliyinin Bakı Qarnizonu 1 saylı hərbi həyəcan siqnalı ilə hazırlıq vəziyyətinə gətirilib.
P.S. Son olaraq onu qeyd edək ki, Təlim Mərkəzinin yeni rəisi Kamal Məmmədov vəzifəsinin icrasına bu gün başlamışdı. O, bu postda general Lənkəran Əliyevi əvəzləmişdi. Bu faktın baş verən olayla hansısa bağlılığının olub olmadığını araşdırmağa dəyər bizcə.
  • Yazılıb
  • da (də) 2009 May 26