Tarix : 2009 May 28
Kod 12169

Zəhərlənmiş əsgərlər ilkin yardım göstərildikdən sonra səhər saat 5-də hərbi hissəyə qaytarılıb

mayın 26-da saat 21.00 radələrindən başlayaraq artıq Müşfiqabad qəsəbəsindəki təcili tibbi yardım stansiyasına xeyli sayda əsgər gətirilib
Azərbaycan servisi/Aran Agentliyi
Tərlan Əbilov: «Hərbi hissənin daxili işidir, yəqin özləri araşdırıb nə isə deyəcəklər»

Mayın 26-da Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində əsgərlər arasında kütləvi zəhərlənmə baş verib. Hadisə əsgərlərin şam yeməyindən təxminən bir saat sonra axşam saat 20.30 radələrində baş verib. Konservləşdirilmiş balıq yeyən əsgərlərin halı qəfildən pisləşib. Əvvəlcə hadisə yerinə 2 təcili tibbi yardım maşını gedib. Bundan sonra isə əsgərlərin köməyinə hadisədən təxminən 20 dəqiqə sonra, saat 21 radələrində hərbi hissədən 10 kilometr məsafədə yerləşən Müşviqabad qəsəbəsinin sakinləri çatıb.

Kənd sakini Azər Ağakişiyevin verdiyi məlumata görə, qəsəbədəki xəstəxanaya gətirilən əsgərlərin sayı bilinmir: «Təcili tibbi yardım maşınları çatdırmırdı. Sağ olsun qəsəbə sakinləri, kimin maşını var hamısı əsgərləri dörd-dörd daşıyırdı".

Kənd sakini Ramil Osmanov da xəstəxanaya aparılan əsgərlərin sayını dəqiqləşdirə bilmədiyini qeyd edib. O, həmçinin əsgərlərin vəziyyətlərinin ağır olduğunu bildirib.

Verilən məlumata görə, mayın 26-da saat 21.00 radələrindən başlayaraq artıq Müşfiqabad qəsəbəsindəki təcili tibbi yardım stansiyasına xeyli sayda əsgər gətirilib. Zəhərlənən əsgərlərdən 11-i 1 saylı şəhər xəstəxanasının infeksion şöbəsinə yerləşdirilib. Klinikanın baş həkimi Tərlan Əbilovun sözlərinə görə, zəhərlənən əsgərlərə ilkin tibbi yardım göstərildikdən sonra səhərə yaxın hərbi-hissəyə göndəriliblər: «Əsgərlərdən 9-u orta ağır, 2-si ağır vəziyyətdə daxil olub. Əsgərlər ilkin yardım göstərildikdən sonra səhər saat 5-də hərbi hissəyə qaytarılıb. Bu, qida zəhərlənməsidir. Hərbi hissənin daxili işidir, yəqin özləri araşdırıb nəsə deyəcəklər».

Qeyd edək ki, zərərçəkənlərin böyük qismi Müdafiə Nazirliyinin mərkəzi hospitalına yerləşdirilib. Hospitaldan xəstələrin səhhəti, eləcə də sayı ilə bağlı hər hansı bir məlumat verilməyib. Xəbəri yalnız zərərçəkən əsgərlərin valideynlərindən almaq mümkün olub. Onlar övladlarının vəziyyətinin stabil olduğunu bildiriblər. Bəzi valideynlər isə məlumat almaqda çətinlik çəkdiklərini bildiriblər.

Faktla bağlı Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Qaraheybət Təlim Mərkəzindən hərbi klinik hospitala 164 əsgər müayinə üçün gətirilib. Hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb. Altı əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan onlar əlavə müayinə və müalicəyə cəlb ediliblər. Artıq həmin əsgərlərin adları məlumdur. Onlar Əsgərov Tuncay, Tahirov Şahin, Camalov Səbuhi, Rəhimov Tural, Cəfərov Cavid və Mürsəlov Emindir. Onların vəziyyətləri kafidir. Həmin xəstələrdən bakteroloji və laborator nümunələr götürülüb. Üç gün ərzində müayinənin nəticələri bilinəcək.

Müdafiə Nazirliyi həmçinin kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş və şişirdilmiş məlumatların yayılmasına yol verməməyi də xahiş edib. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun ANS-ə verdiyi məlumata görə, faktla bağlı cinayət işi başlanılıb. İş üzrə məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin olunmaqla ilkin istintaq hərəkətləri aparılır. Prokurorluq bəyan edir ki, istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 
  • Yazılıb
  • da (də) 2009 May 28