Tarix : 2009 May 28
Kod 12170

RUSİYA XÜSUSİ XİDMƏT ORQANLARINDAN AZƏRBAYCANA TƏHDİD

Federal Təhlükəsizlik Xidmətinin generalı Vladimir Ulyanov: “Biz kənar ölkələrin Xəzərdə təhlükəsizlik məsələlərinə qarışmasına yol verməyəcəyik”
Rusiya servisi/Aran Agentliyi
Rusiyanın Federal Təhlükəsizlik Xidməti kənar ölkələrin Xəzərdə təhlükəsizlik məsələlərinə qarışmasının yolverilməz olduğu haqda xəbərdarlıq edib. FTX-nin beynəlxalq əlaqələr idarəsinin rəisi, general Vladimir Ulyanov Moskvada jurnalistlərə açıqlamasında deyib ki, bəzi kənar ölkələr Xəzərdə sərhəd təhlükəsizliyi məsələlərinə qarışmaq üçün cəhdlər edir: “Biz buna yol verməyəcəyik, həmin ölkələr Xəzərdən uzaq durmalıdır”.
FTX rəsmisi hansı ölkədən söhbət getdiyini dəqiqləşdirməsə də, onun ABŞ-ı nəzərdə tutduğu aydındır. Məhz Birləşmiş Ştatlar Azərbaycan və Qazaxıstanla Xəzərdə sərhəd təhlükəsizliyi məsələsi ilə bağlı proqramlar həyata keçirir və bu ölkələrə həmin məqsədlə hərbi yardımlar edir. Azərbaycan ABŞ-ın sərhəd təhlükəsizliyi proqramı çərçivəsində Pentaqondan bir neçə ildir davamlı hərbi yardımlar alır. Pentaqon mütəxəssisləri Azərbaycanın hərbi dəniz qüvvələri üçün xüsusi təyinatlı dəstələrin hazırlanması işini də həyata keçirir.
V.Ulyanov onu da bildirib ki, Xəzər sahilində yerləşən ölkələr regionda sərhəd təhlükəsizliyi sisteminin formalaşdırılması barədə razılıq əldə ediblər. Beş ölkənin Tehran sammitində əldə edilən anlaşmaya əsasən sərhəd təhlükəsizliyi sistemi 2009-cu ilin sonunadək formalaşdırılmalıdır.
Digər məlumata görə isə bu gün Minskdə MDB xüsusi xidmət orqanlarının rəhbərlərinin görüşü olacaq. “İnterfaks” agentliyinin məlumatına görə, toplantıda sərhəd təhlükəsizliyi məsələləri də müzakirəyə çıxarılacaq. Bildirilir ki, FTX direktoru, ordu generalı Aleksandr Bortnikov Belarus, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna xüsusi xidmət orqanlarının rəhbərləri ilə keçiriləcək toplantıya qatılmaq üçün Minskə yola düşüb.
  • Yazılıb
  • da (də) 2009 May 28