Tarix : 2009 May 28
Kod 12171

Respublika Günü münasibətilə «Mənəvi Saflıq» jurnalı redaksiyası Dəyirmi Masa keçirdi

27 may 2009-cu il tarixdə «Mənəvi Saflıq» elmi-mədəni-ictimai jurnalının redaksiyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 91-ci ildönümü münasibətilə Dəyirmi Masa keçirildi
Azərbaycan servisi/Aran Agentliyi
27 may 2009-cu il tarixdə «Mənəvi Saflıq» elmi-mədəni-ictimai jurnalının redaksiyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 91-ci ildönümü münasibətilə Dəyirmi Masa keçirildi.
  
Azərbaycanda
  Respublika Gününə həsr edilmiş tədbiri giriş sözü ilə açan jurnalın baş redaktoru İ.Qaragözova iştirakçıları və bütövlükdə Azərbaycan xalqını təbrik edərək, 1918-ci ildə yaradılmış və tarixə Azərbaycan adı ilə düşmüş ilk müstəqil dövlət haqqında məruzə ilə çıxış etdi. Sonra natiqlər cəmi 23 ay ömür sürmüş Xalq Cümhuriyyətinin üzləşdiyi başlıca problemlər, erməni təxribatları, sovet işğalı və sonrakı proseslər haqqında fikir mübadiləsi apardılar.
    Tədbirin sonunda “Mənəvi Saflığa Dəvət” İctimai Birliyin sədri Hacı Elşən Mustafaoğlu Respublika Günü münasibətilə təşkilat adından qəbul edilmiş bəyanatı oxudu. Təbriklə başlayan bəyanatda bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizdə olduqca əhəmiyyətli rol oynayıb və bu dövrün siyasi-ictimai-mədəni şəraitinin dərindən öyrənilməsi Azərbaycanımızın bugünü və gələcək perspektivi baxımından zəruridir. Təəssüflər olsun ki, hələ də gənc nəsil bu dövrdə qəbul olunmuş sənədlərdən xəbərsizdir və hətta o zamankı əlifbamızı oxuya bilmədiyindən, onlarla tanış olmaq imkanları da məhduddur. Birlik belə hesab edir ki, bu sənədlər müasir əlifbaya çevrilməli və geniş kütlələrin istifadəsinə təqdim olunmalı, həmin dövrdə mövcud olan qanunvericilik aktlarından günümüzdə də bəhrələnməli, Azərbaycan Xalq Cümhuriyyətində aparıcı rol oynamış dahi şəxsiyyətlərin xatirələri əbədiləşdirilməlidir.
    Bəyanatda həmçinin vurğulanır ki, milli dəyərlərimizə, İslam dinimizə və müasirliyə sədaqəti ehtiva edən üçrəngli bayrağımızı zirvələrə qaldırmaq ilk növbədə bu rənglərin simvolizə etdiyi dəyərlərin yaşadılması, təbliği və inkişafı ilə şərtlənir. Gerbimiz üzərində alovla “Allah” sözünün əks olunması isə, dövlətimizin və xalqımızın Haqqa sədaqətini tərənnüm etdirməkdədir. Bəyanat bu cümlələrlə bitir: “Ümid edirik ki, xalqımız daim bu ülvi dəyərlərə sadiq qalacaq və Allahın yardımı, millətimizin əzmkarlığı ilə tezliklə üçrəngli bayrağımız Şuşada, Laçında, Xankəndində, Ağdamda və sair itirilmiş torpaqlarımızda dalğalanacaqdır...”.
 
 
  • Yazılıb
  • da (də) 2009 May 28