Tarix : 2009 May 29
Kod 12187

“Əbu Bəkr” Məscidi açılmayacaq?

Ali Məhkəmədə “Əbu Bəkr” məscidinin fəaliyyətinə icazə verilməsi barədə kassasiya şikayətinə baxılıb
Azərbaycan servisi/Aran Agentliyi
Ali Məhkəmədə “Əbu Bəkr” məscidinin fəaliyyətinə icazə verilməsi barədə kassasiya şikayətinə baxılıb.

“Nərimanov Rayon Dindarları” Dini İcmasının hüquqi nümayəndəsi Cavanşir Süleymanovun Lent.az-a verdiyi məlumata görə, məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb və kassasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, “Nərimanov Rayon Dindarları” Dini İcması “Əbu Bəkr” məscidinin açılması xahişi ilə Nərimanov rayon Polis İdarəsini məhkəməyə verib. Məhkəmə birinci dəfə iddianı təmin edərək, məscidin fəaliyyətinin bərpası barədə qərar çıxarıb. Lakin sonradan cavabdeh tərəfin şikayəti əsasında məhkəmə işə yenidən baxıb və 2008-ci il dekabrın 23-də iddianı rədd edib. Buna səbəb kimi məsciddə baş verən terror hadisəsi ilə əlaqədar aparılan istintaqın hələ yekunlaşmaması göstərilib. İcma bundan sonra apellyasiya şikayəti versə də, məhkəmə onu təmin etməyib.

Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi paytaxtdakı "Əbu Bəkr" adı ilə tanınan məscidin açılacağını bildirib.

"Bu məscidin bağlanması terror hadisəsi ilə əlaqədardır. Onun fəaliyyəti məsələsi hazırda müzakirə olunmur. İstintaqla bağlı bəzi məsələlər davam edir. Məscid əvvəl-axır açılacaq, qapalı qalmayacaq. Amma bunun fəaliyyətinin qanuna uyğunluğu müəyyənləşdirilməlidir", - çərşənbə axşamı Trend News-a müsahibəsində Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov bildirib.

Trend News-un arayışı: Ötən ilin avqustun 17-də, təqribən saat 20.50-də Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı "Əbu Bəkr" məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb. Məsciddə terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Oktyabrın sonunda Bakının Nərimanov Rayon Məhkəməsi məscidin fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb, lakin daha sonra bu qərar "Əbu Bəkr" məscidində təxribat təhlükəsinin olması barədə məlumatlara malik olan Rayon Polis İdarəsinin iddiası əsasında dəyişdirilib.

Bakının Nərimanov Rayon Məhkəməsi daha sonra məscidin fəaliyyətinin dayandırılması barədə qətnamə çıxarıb. Həmin qətnamədən Nərimanov rayon dindarlarının dini icması kasasiya şikayəti verib. Ali Məhkəmə mayın 27-də kasasiya şikayətinə baxacaq.

Əsgərov deyib ki, "Azərbaycanda məscidlərin bağlanması tendensiyası" deyilən anlayış yoxdur.

"Sadəcə bəzi məscidlərin bağlanması eyni vaxta təsadüf etdi. Ayrı-ayrı vəziyyətlə əlaqədar eyni vaxtda bir neçə məscidin bağlanması prosesi getdi. Onların hər birinin ayrı-ayrılıqda bağlanma səbəbi var. Məsələn, Neft Daşlarındakı məscidin sökülməsi barədə heç bir rəsmi göstəriş olmayıb. Dəniz suyu məscidin bünövrəsini yuduğu üçün onun çökmə təhlükəsi var idi və bu səbəbdən söküldü. Dövlət Neft Şirkəti bildirib ki, həmin məscid tikiləcək, dindarlar üçün ibadətə şərait yaradılacaq. Yasamal rayonu ərazisində sökülən məscidin sənədləri əvvəldən qaydasında olmayıb. Yerli icra hakimiyyəti orqanı məscidin sökülməsi ilə bağlı məsələ qaldırdı və məhkəmə sökülmə ilə bağlı qərar verdi. "İlahiyyat" məscidinin bağlanması ilə bağlı xəbər çıxdı, amma bağlanmadı. BDU-nun rektoru hesab edir ki, məscidin fəaliyyəti universitetin işinə mane olur. Amma həmin məscidinin sökülməsi gündəlikdə yoxdur", - sədr müavini əlavə edib. Onun sözlərinə görə, "Şəhidlər" məscidi də açılacaq.

Əsgərovun sözlərinə görə, Azərbaycanda 1750 məscid var ki, onlardan 1000-ə yaxını fəaliyyət göstərir.

"Bu kütləvi olsaydı, başqa yerlərdə də sökülərdi", - Dövlət Komitəsi sədrinin müavini bildirib. /Trend/
 
  • Yazılıb
  • da (də) 2009 May 29