İki ölkə arasında barışıq prosesinə dair məsələlər iki ayrı konfransda müzakirəyə çıxarılıb
Türkiyə servisi/Aran Agentliyi
Türkiyədə türk-erməni münasibətlərinə və sərhədlərin açılmasının şərtlərinə dair iki ayrı beynəlxalq konfrans keçirilib. Almaniyanın «Fridrix Naumann» Fondu və Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu (SETA) tərəfindən təşkil edilən konfranslara Ermənistandan da siyasi ekspertlər, araşdırmaçılar və QHT təmsilçiləri dəvət olunublar. Qapalı keçirilən toplantılar haqda Türkiyə mətbuatında yer alan xəbərlərə görə, müzakirələr əsasən 4 əsas istiqamət üzrə aparılıb.
Bura Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıda verdiyi bəyanatlardan sonra Ermənistanla münasibətlərin normallaşma prosesinin davam edib-etməyəcəyi, münasibətlərin normallaşması ilə paralel olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlərin əldə edilməsi imkanları daxildir. Müzakirələr zamanı erməni ekspertləri vurğulayıblar ki, “Yol xəritəsi” anlaşmasından sonra addım atmaq növbəsi Türkiyədədir. Əgər Türkiyə yaxın zamanlarda diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində addımlar atmasa, o zaman Ankara ilə İrəvan arasında iki ildir aparılan danışıqlar prosesi də iflasa uğramış olacaq. Lakin müzakirələr zamanı vurğulanıb ki, Türkiyə Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonlardam çəkilməsi halında sərhədləri aça bilər. Eyni zamanda Türkiyə Ermənistanla barışıq prosesinin iflasa uğramasında da maraqlı deyil və prosesin yenidən canlandırılması və irəliləyişlərin əldə edilməsi üçün imkanlar əldə etməyə çalışır. Bu səbəbdən Türkiyə maraqlı ölkələrlə pərdəarxası təmaslar aparır, eyni zamanda Minsk Qrupunun daha fəal çalışması üçün öz imkanlarını işə salır.
SETA-nın eksperti, professor Bülənt Araş müzakirələrlə bağlı deyib ki, Türkiyədə keçirilən ilk debatlar münasibətlərin normallaşmasının olduqca çətin olacağını göstərib. Belə ki, müzakirələr zamanı nə Ermənistanın “soyqırım” iddialarından əl çəkəcəyi, nə də Türkiyənin bu iddiaları qəbul etmək niyyətində olmadığı görünüb. Onun sözlərinə görə, müzakirələr zamanı erməni ekspertləri və vətəndaş cəmiyyəti təmsilçiləri münasibətlərin normallaşması prosesinin Dağlıq Qarabağ münaqişəsindən ayrı tutulmasının vacibliyini qeyd ediblər. Lakin Türkiyə tərəfdən çıxış edənlər Ermənistanın barışıq üçün indiyədək heç bir addım atmadığını, “soyqırım” iddialarından geri çəkilmədiyini və Türkiyənin ərazi bütövlüyünü tanımaqdan imtina etdiyini xatırladıblar.