Tarix : 2009 May 29
Kod 12206

Qaraheybət nəzarətə götürülüb

6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan əlavə müayinə və müalicəyə cəlb edilib və onların vəziyyətləri kafidir
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan Milli Ordusuna İctimai Nəzarət Qrupunun üzvü, deputat Aydın Mirzəzadə və bir qrup jurnalist mayın 28-də kütləvi zəhərlənmə baş vermiş Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində olub.

Trend News-un əməkdaşının da qatıldığı tədbirin məqsədi təlim mərkəzində əsgər və zabitlərin saxlanma, qidalanma şəraiti ilə tanış olmaq olub.

Xatırladaq ki, mayın 27-nə keçən gecə Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində ötən axşam kütləvi qida zəhərlənməsi baş verib. Təlim Mərkəzindən 164 əsgər müayinə üçün Hərbi Klinik Hospitala gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend News-a verilən məlumata görə, hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb.

6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan əlavə müayinə və müalicəyə cəlb edilib və onların vəziyyətləri kafidir.

Təlim Mərkəzində qida zəhərlənməsi ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Təlim Mərkəzi 2004-cü ildən fəaliyyət göstərməyə başlayıb. Burada bütün qoşun növlərinin kiçik komandir heyəti hazırlanır. Hərbi hissədə 3-6 ay ərzində təlimlər keçirilir.

Orada olan hərbçilər jurnalistlərə saxlanma və qidalanma şəraitindən razı olduqlarını bildiriblər.

Ötən ilin oktyabr ayında Azərbaycan ordusunda "dedovşina" faktları aşkarlandıqdan sonra Müdafiə Nazirliyi, millət vəkilləri və QHT nümayəndələrinin təmsil olunduğu Orduya İctimai Nəzarət Qrupu yaradılıb. /Yeni Müsavat/
 
  • Yazılıb
  • da (də) 2009 May 29