Tarix : 2009 May 30
Kod 12228

“Şəhidlər” məscidi Ramazan ayına kimi açılacaq”

Türkiyənin Azərbaycandakı səfirliyinin Dini işlər üzrə müşaviri Müzəffər Şahin Azərbaycanın şimal rayonlarında yerləşən məscidlərin fəaliyyəti ilə tanış olmaq üçün bölgəyə səfər edib
Azərbaycan servisi/Aran Agentliyi
Türkiyənin Azərbaycandakı səfirliyinin Dini işlər üzrə müşaviri Müzəffər Şahin Azərbaycanın şimal rayonlarında yerləşən məscidlərin fəaliyyəti ilə tanış olmaq üçün bölgəyə səfər edib. Bu barədə APA-ya açıqlamasında hazırda Xaçmazda olan M. Şahin bildirib.

Səfirlik rəsmisi Xaçmazda yerləşən bir neçə məsciddə olduğunu, onların fəaliyyəti ilə maraqlandığını deyib: “Burada məscidlərin fəaliyyəti tam normaldır. Məscidlər ibadətə açıqdır”.

M. Şahin Xaçmazdan sonra Quba rayonuna gedəcəyini, burada da ibadət ocaqlarının fəaliyyəti ilə tanış olacağını deyib.

Bakı Dövlət Universitetinin “İlahiyyat fakültəsi” məscidinin fəaliyyətinə gəlincə, M. Şahin məscidin ibadətə açıq olduğunu söyləyib. Onun sözlərinə görə, sıxlıq yaranmaması üçün məscidə namaz qılmağa gələnlərin Ceyranbatan və Mehdiabaddakı ibadət ocaqlarına getmələri tövsiyə olunur: “Bu məscidin içində 650, həyətində isə 2500 insanın namaz qılması mümkündür. İndiki halda isə məscidə gələnlərin sayı 7-8 min nəfər çatır. Bu da gerçəkdən sıxlıq yaradır” .

M. Şahin, həmçinin, təmirə bağlanan “Şəhidlər” məscidinin də yaxın aylarda fəaliyyətini bərpa edəcəyini deyib: “Məscidin təmirində istifadə olunması üçün Türkiyədən də materiallar gətirilməsi nəzərdə tutulur. Ramazan ayına kimi məscid ibadətə açıla bilər”.
 
  • Yazılıb
  • da (də) 2009 May 30