Tarix : 2009 May 30
Kod 12229

AZƏRBAYCANI ŞOKA SALAN TERRORDAN BİR AY ÖTDÜ

Hadisə zamanı yaralanan tələbələr yataqxanadan cıxmaga qorxurlar
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Azərbaycan Dövlət Neft Akademiyasında(ADNA) baş verən terrorun bir ayı tamam olur. Xatırladaq ki, aprelin 30-da 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov akademiyanın binasına daxil olaraq “Makarov” tapancasıyla 12 nəfəri öldurub,13 nəfəri isə agır yaralayıb, sonradan isə özünü öldürüb. Bu qətllə baglı dünən daha bir maraqlı məlumatlar almışıq. Etibarlı mənbədən aldığımız məlumata görə, terrorda yaralananların sayı daha çox olub: “Adı mətbuata çıxan yaralılara 15 min, adı gizlin qalanlara isə 30 min məbləğində pul ödənilib. Onlara deyilib ki, mətbuata və ictimaiyyətə heç bir informasiya verməsələr, bütün maddi ehtiyacları ödəniləcək”.
Hadisə zamanı yaralananlardan son olaraq  Zemfira Hüseynli və Suriya vətəndaşı Duas Muaviyə  xəstəxananı tərk edib və  ev şəraitində müalicələrini davam edirlər.
Terrorda yaralanan tələbələrlə görüşmək üçün dunən ADNA-nın əcnəbilər qalan yataqxanasında olduq. Vəsiqəmizi komendanta təqdim etdikdən sonra o bizə sudanlı tələbə Mustafa Məhəmməd və suriyalı tələbə Duav Muaviyyənin otaqlarının nömrəsini deyir. Biz də arxayın addımlarla pilləkənlərə doğru irəliləyirdik ki, mühafizəçilərdən biri qarşımızı kəsərək akademiya rəhbərliyinin icazəsi olmadan kimsəni içəri buraxa bilməyəcəklərini dedi. Komendant Adil müəllim də dedi ki, tələbələrlə görüşmək üçün əcnəbi tələbələrlə iş üzrə dekan Rafail Balayevin adına məktub yazmaq lazımmış...
Terrorda yaralanmış tələbələrdən biri- Mustafa Məhəmməd görüşmək istəyimizə müsbət cavab  versə də, onun əvəzinə dostu Vaid Əkbər gəldi. O, Mustafanın aşağı düşə bilməyəcəyini dedi: “Mustafa özünü pis hiss edir. Güllə onun ağız nayihəsində olan sinir toxumalarını zədələdiyindən çox danışabilmir. Üstəlik sol tərəfini idarə edə bilmir”. Onun sözlərinə görə, Mustafa 1 saylı klinik xəstəxanada bir dəfə psixoloji yardım alıb: “Ondan sonra xəstəxanaya yalnız müayinə üçün gedir. Cox zaman otağından bayıra çıxmır”.
Akademiyanın neft qaz-mədən fakültəsinin əyani şöbəsinin 3-cü kursunda oxuyan Mustafa dərslərə getmir: “Çünki çox qorxub, evdən nadir hallarda çıxır.Çox güman ki, imtahanlara gedə bilməyəcək. İyunun 6-dan sonra Mustafa əməliyyat olunmaq üçün vətəninə yollanacaq. Həm də valideynləri bu hadisədən sonra onu görməyiblər. Onlar gəlmək istəsələr də, Mustafa qoymadı. Onsuz da yaxında özü onların yanına gedəcək”.
Duas Muavinin isə  cib telefonuna zəng etdikdə o dedi ki, xəstəxanadadır: "Yataqxananın qabağında məni gözləyin. Gələndə danışarıq". Ancaq bundan sonra  o bizim telefon zənglərimizə nədənsə cavab vermədi.
Yataqxananın qarşısında terror zamanı barmağından yaralanan Amru Seyidcamal Əbubəkrin qardaşı ilə görüşdük. Əhmədin sözlərinə görə, qardaşı yataqxanadan ümumiyyətlə çıxmır: “Amru çox qorxub, yataqxanadan uzaqlaşmır”. Onun sözlərinə görə, qardaşı hec bir psixoloji kömək almayıb “Onun əvəzində Quran oxuyub, namaz qılır. Allaha ibadət etməklə bu qorxudan qurtulmaq istəyir. İnşallah xeyri olar”.
Bəkri qardaşının barmağının sağalmadığını deyir: “Qardaşım sol əlinin adsız barmağından yaralanmışdı. Güllə girib çıxmışdı. Ondan sonra əməliyyat olunsa da, barmagının fəaliyyəti bərpa olunmayıb. Ona görə fikrimiz var ki, onu aparıb Ərəbistanda əməliyyat etdirək”.
 
  • Yazılıb
  • da (də) 2009 May 30