Sankt-Peterburqdan sonra Azərbaycan və Ermənistan dövlət başçıları İtaliyanın Triest şəhərində bir araya gələcəklər
Azərbaycan servisi/Aran Agentliyi
Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bu yay olduqca intensiv olacağı gözlənilir. Ötən yay münaqişənin nizamlanması prosesində yaranmış 4 aylıq fasilə yaransa da belə görünür ki, bu yay havaların isti keçməsi ilə danışıqları prosesi və onun ətrafında cərəyan edən hadisələr də isinəcək. Artıq məlum olub ki, Ermənistan və Azərbaycan prezidentləri arasında bu ilin yay aylarında bir-birinin ardınca azı 4 sammit keçirilməsi planlaşdırır. İlham Əliyevlə Serj Sərkisyan arasında iki görüş isə bu ay olacaq.
Xəbər verildiyi kimi Rusiyanın Sankt-Peterburq şəhərində iyunun 6-da başlayacaq beynəlxalq iqtisadi forum çərçivəsində prezident Dmitri Medvedevin vasitəçiliyi ilə Əliyevlə Sərkisyan arasında danışıqlar olacaq.
Minsk Qrupunun həmsədrləri ötən həftə İrəvan-Bakı-İrəvan marşrutu ilə həyata keçirdikləri növbəti məkik diplomatiyası zamanı prezidentlərin görüşünü və danışıqların gündəmini razılaşdırıblar. Gözlənilir ki, bu görüşdə format bir qədər fərqli olacaq. Minsk Qrupu həmsədrləri və xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək danışıqlardan sonra prezidentlər İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedev arasında üçtərəfli qapalı görüş olacaq. Xarici işlər nazirlərinin və həmsədrlərin iştirakı ilə aparılacaq danışıqlara Rusiya xarici işlər naziri Sergey Lavrovun qatılması da nəzərdə tutulub. Həmsədrlər iyunun 30-da Bakıdan yenidən İrəvana dönərək prezident Serj Sərkisyanla təkrar görüşüblər. Ermənistan KİV-lərinin xəbərlərinə görə bu görüş zamanı vasitəçilər Bakıda apardıqları müzakirələrin nəticələri ilə bağlı Sərkisyanı məlumatlandırıblar. Onların Dağlıq Qarabağa səfəri isə bu dəfə də hava şəraitinə görə baş tutmayıb. Ən azından erməni tərəfinin rəsmi məlumatlarında belə deyilir.
Sankt-Peterburq görüşündə hansısa sənədin imzalana biləcəyi haqda təxminlər var. Bəzi ekspertlər hesab edir ki, Medvedevin israrı ilə Əliyevlə Sərkisyan Laçın dəhlizinə dair birgə bəyanat qəbul edə bilərlər. Bu bəyanatda hər iki tərəfin Dağlıq Qarabağdan Ermənistana quru dəhlizinin ayrılması barədə razılaşma əldə etdikləri əks oluna bilər. Belə bəyanat hər şeydən əvvəl Kremlə Dağlıq Qarabağ münaqişəsinin ancaq onun vasitəçiliyi altında həll edilə biləcəyi haqda rəy formalaşdırmaq üçün vacibdir. Bundan əvvəlki Praqa görüşü barədə isə ziddiyətli fikirlər var. Azərbaycan tərəfi ABŞ-ın Çexiyadakı səfirliyinin binasında aparılan danışıqlarda heç bir irəliləyiş əldə edilmədiyini israrla bildirir, lakin eyni dərəcədə israrla amerikalı həmsədr Metyu Brayza deyir ki, prezidentlər irəliləyişə nail olublar. Rusiya və Ermənistanda isə Praqa görüşü barədə daha çox susmağa üstünlük verirlər. Bu cür ziddiyyətli atmosferdə Əliyevlə Sərkisyan yenidən görüşməyə hazırlaşırlar.
Dünən məlum olub ki, onların iyun ayında ikinci görüşü də planlaşdırılır. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu açıqlayıb. CNN Türk kanalının xəbərinə görə Davudoğlu Türkiyənin xarici siyasət məsələləri ilə bağlı keçirdiyi brifinq zamanı deyib ki, Əliyevlə Sərkisyan iyun ayının sonlarında İtalyanın Triest şəhərində yenidən görüşməyə hazırlaşırlar. Türkiyənin xarici işlər naziri hesab edir ki, prezidentlərin Praqa görüşünə nisbətən Sankt-Peterburqda irəliləyişlərin əldə edilməsinə olan ümidlər daha çoxdur. Lakin nazir bu ümidlərin haradan qaynaqlandığı haqda danışmayıb. Davudoğlu deyib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində çox fəal rol oynamağa başlayıb. “Türkiyə faktiki olaraq Minsk Qrupunun dördüncü həmsədri qismində çıxış edir. Bizim diplomatiyamızın atdığı addımlar nəticəsində son zamanlar Qafqazda daşlar yerindən oynamağa başlayıb” deyə Davudoğlu bildirib. Ehtimal ki, Ermənistan və Azərbaycan prezidentləri İtaliyanın Triest şəhərində hansısa beynəlxalq tədbir çərçivəsində bir araya gələcəklər. Xatırladaq ki, Davudoğlu bu günlərdə Bakıda səfərdə olub və Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparıb. Türkiyə bəyan edir ki, Ermənistanla münasibətlərin normallaşması münaqişənin həllindən asılıdır. Lakin Ermənistan Türkiyə ilə Qarabağ məsələsini müzakirə etmədiyini dəfələrlə bildirib. Buna baxmayaraq Türkiyə Rusiya ilə son təmaslar zamanı məsələni ön planda müzakirə edib.