Hadisə mayın 29-da baş verib. Nəticədə əsgər özü ölüb, komandiri və əsgər yoldaşı isə yaralanıb
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər Kamil İsayev komandirini, əsgər yoldaşını sonra isə özünü güllələyib.
Hadisə mayın 29-da baş verib. Nəticədə əsgər özü ölüb, komandiri və əsgər yoldaşı isə yaralanıb.
Ucar rayon Hərbi Komissarlığı faktı təsdiqləyib. Verilən məlumata görə, günün qaranlıq vaxtı bulaqdan su gətirməyə gedən K. İsayev naməlum şəxslərlə qarşılaşıb və həmin şəxslərin erməni olduğunu zənn edərək atəş açıb. K. İsayev vurduğu şəxslərin komandiri və əsgər yoldaşı olduğunu bildikdən sonra, özünü silahı ilə vuraraq intihar edib. Hazırda faktla bağlı araşdırma aparılır. K. İsayev 2008-ci il yanvarında Ucar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Müdafiə Nazirliyi faktı təsdiq edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, baş vermiş faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır. Hadisənin motivi barədə məlumat verilməyib.