Tarix : 2009 Jun 01
Kod 12251

LƏNKƏRANIN ŞƏHİDLƏR XİYABANI SATILIB

“Fövqəlnazir”in kadrı olan icra başçısına yaxın iş adamı ərazidə “Zərinqala” mineral suyu üçün doldurma sexi tikir
Azərbaycan Servisi/Aran Agentliyi
“Lənkəran şəhərindəki Şəhidlər Xiyabanı küçəsində yerləşən Şəhidlər Xiyabanının ərazisi hansısa iş adamına satılıb. Dünən buna etiraz edən sakinlər etiraz aksiyası keçiriblər”. Bu barədə redaksiyamıza aksiya iştirakçılarından biri məlumat verib. Məlumata görə, mayın 28-i gecə yarısından etibarən naməlum şəxslər Şəhidlər Xiyabanının ərazisində tikili üçün özül qazımağa başlayıblar. Ərazidəki çoxillik ağaclar gecə ikən kökündən çıxarılıb və naməlum səmtə aparılıb.
Şəhər İcra Hakimiyyətinin baş arxitektoru, Tələt adlı şəxs tez-tez əraziyə gələrək tikintinin aparılmasına nəzarət edir. “Fəhlələr deyir ki, ərazidə Lerikdə istehsal olunan ”Zərinqala" mineral suyu üçün doldurma sexi tikilir".
Mənbə onu da bildirdi ki,  “Zərinqala” firması əvvəlcə Şəhidlər Xiyabanının 200 metrliyində yerləşən və hərbiçilərə ayrılmış torpaq sahəsində tikinti aparmağa cəhd göstərib: “Bir həftə əvvəl onlar hərbiçilərin saldığı, lakin yarımçıq qalmış  evlərin arasında tikinti aparmaq üçün hazırlıq işlərinə başladılar. Lakin hərbiçilərin sərt təpkisindən sonra iş dayandırıldı. Bundan sonra Şəhidlər Xiyabanının ərazisinə girişdilər”.
Zəng edən şəxs bu gün etirazçıların Lənkəran Şəhər İcra Hakimiyyətinə gedərək icra başçısı Süleyman Mikayılovla görüşəcəklərini və tikintinin dayandırılmasını tələb edəcəklərini söylədi. Görüşün nəticəsindən asılı olaraq, şikayətçilər növbəti addımlarını müəyyənləşdirəcəklərini söylədilər.
Qeyd edək ki, cənub bölgəsində icra başçılarının əksəriyyəti fövqəlnazir Kamaləddin Heydərova yaxın kadrlardır. S. Mikayılovun da “fövqəlnazirin” adamlarından olduğu bildirilir.
Əlavə edək ki, Xiyabanda təkcə 20 Yanvar şəhidləri yox, Qarabağ müharibəsində şəhid olmuş Lənkəran oğulları da dəfn olunub. Etiraz edənlər də yalnız şəhid ailələri deyil. Məlumatlara görə, artıq fəallıq edən narazı insanlara naməlum telefon nömrələrindən hədələyici tonda zənglər gəlməyə başlayıb.
Növbəti sayımızda icra başçısı ilə sakinlərin görüşünün nəticəsi barədə məlumat verəcəyik. Mövzunu diqqətdə saxlayacağıq.
  • Yazılıb
  • da (də) 2009 Jun 01