Tarix : 2009 Jun 01
Kod 12252

BAKIDA 150 SÜRÜCÜ ETİRAZ AKSİYASI KEÇİRDİ

Şikayətçilər hüquq müdafiəçisindən ölkə prezidentinə, Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinə və Baş Prokurorluğa məlumat verməsini xahiş ediblər
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən 3-cü mikrorayon dairəsində 150-yə yaxın sürücü Nəqliyyat Nazirliyi Bakı Şəhər Departamenti əməkdaşlarının qanunsuz hərəkətlərinə etiraz əlaməti olaraq aksiya keçıriblər. Bu barədə qəzetimizə sürücülər tərəfindən aksiyaya dəvət olunan “Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin prezidenti Vidadı İsgəndərov məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, sürücülər nazirlik əməkdaşlarının onlardan qeyri-qanuni ödəmələr tələb etdiklərinə etiraz edir: “3 ay əvvəl rayonlardan Bakıya və əks istiqamətə sərnişin daşıyan sürücülərə nazirlik əməkdaşları deyib ki, hər ay 60 manat ödəyən sürücü 3-cü mikrorayon dairəsində maşınını saxlayıb sərnişin götürə bilər. Əks təqdirdə, onlara sərnişin daşımağa imkan verməyəcəklər. Nazirlik əməkdaşları belə də ediblər. Bu məbləğı ödəməyən sürücülərin avtomobillərinin dövlət nömrə nişanları sındırılır, təkərləri deşici alətlərlə deşilir. Nəqliyyat Nazirliyi əməkdaşları buna etiraz edən sürücülərı təhqir edir, döyürlər”.
Hüquq müdafiəçisi qeyd etdi ki, sürücülər aksiya keçirərkən Nəqliyyat Nazirliyinin əməkdaşları qaçaraq oradan uzaqlaşıblar: “Əgər nazirlik əməkdaşlarının fəaliyyəti qanuni idisə, onda niyə hadisə yerindən qaçırdılar? Hansı qanunda yazılıb ki, sürücünü döymək olar? Kim Nəqliyyat Nazirliyinin əməkdaşlarına icazə verib ki, avtomobillərin nömrə nişanlarını sındırıb təkərlərini deşsinlər?”
Sürücülərin V.İsgəndərova ünvanladıqları müraciətdə deyilir: “Biz bir qrup Azərbaycan Respublikası vətəndaşı alilələrimizi dolandırmaq üçün ucqar rayonlardan Bakıya sərnişin daşıyırıq. Bakı Şəhər Nəqliyyat Departamentinin işçiləri bir neçə ay olar ki, anadan əmdiyimiz südü burnumuzdan gətirirlər. Hər ay gəlib bizdən pul tələb edirlər. Avtomobillərimizin dövlət nömrə nişanlarını qanunsuz sındırırlar. Bu adamlar faktiki ”reketçi"lik edirlər. Xahiş edirik, faciəmiz barədə lazımi strukturlara məlumat verməklə bizi bu cinayətkarlardan xilas edəsiniz".
Şikayətçilər hüquq müdafiəçisindən ölkə prezidentinə, Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinə və Baş Prokurorluğa məlumat verməsini xahiş ediblər.
Hüquq müdafiəçisi məsələ ilə bağlı yaxın günlərdə müvafiq dövlət orqanlarına müraciət edəcəyini bildirdi.
  • Yazılıb
  • da (də) 2009 Jun 01