Tarix : 2009 Jun 01
Kod 12255

Allah evini sökənlər...

.
Azərbaycan servisi/Aran Agentliyi
Miladi 570-ci ildi. Həbəşistan kralının Yəmən valisi Əbrəhə Hicaz torpağına qoşun yeridib, Məkkəni mühasirəyə alıb. O vaxta qədər səhrada bu qədər qoşun görən olmamışdı. Üstəlik bu ordunun önündə zəhmli fillər vardı. Əbrəhənin bir əsas məqsədi vardı, Kəbəni dağıtmaq və səhra ərəblərini özünün yeni tikdirdiyi məbədə ziyarətə cəlb etmək idi.
Bu zaman Məkənin ağsaqqallarından olan və nüfuzuna görə həm də Kəbə evinin xadimi olan Əbdulmuttəlibin dəvələri itir. Dəvələrin əsgərlərin oğurladığını düşünən Məkkı ağsaqqalı Əbrəhənin çadırına gəlir. Qoşun sərkərdəsi Məkkənin ağsaqqalının xahişini eşidəndə gülür. “Mən bir gün sonra sizin müqəddəs ziyarətgahınızı dağıdacam, sən isə dəvələrinin dərdini çəkirsən” deyir. Müdrik qoca onun istehzasını cavabsız qoymur. “Mən dəvələrimin sahibiyəm, Kəbənin Sahibi onu qoruyacaq”. Tarix bu dialoqun necə başa çatdığını, dəvələrin taleyinin necə olduğunu yazmır, amma Əbrəhənin və onun fillərlə qüvvətlənmiş ordusunun taleyi məşhurdur. Onun nəhəng ordusu xırda quşların atdığı daşlarla məhv edildi. Kəbənin Sahibi Öz evini qorudu. Quran-Kərimdə bu ibrətamiz hadisə barəsində eyni adlı surə nazil olub. Cahillər üçün ibrət olsun deyə...
Yasamalda, daha sonra “Neft Daşları”nda məscidlər söküləndə, Yevlaxda məlum olaylar baş verəndə bu hadisə yadıma düşüdü. Əbrəhə də Allah evini sökmək, dağıtmaq istəyirdi, insanları özünün tikdirdiyi səcdəgaha pərəstiş etdirmək üçün. Və bilirdi ki, ona kimsə qarşı çıxa bilməyəcək. Səhranın ərəbləri pərakəndə və gücsüz idilər. Amma dünya Əbrəhənin gözünü tutmuşdu, etdiyi işin miqyasını bilmirdi. Biləndə artıq gec idi...
Azərbaycanda məscidləri sökürlər. Bu hadisəyə, daha dəqiqi hadisələrə reaksiya olmadı. Yalnız müstəqil media, bəzi dindarlar sözlü reaksiya verdilər. Zatən daha artığını heç kim gözləmirdi. Çünki etiraz edənlərin aqibəti göz önündə olub. Əbrəhənin hekayəsinə necə bənzəyir...
Məscid dağıdıldı və bu olaya fərqli reaksiyalar da oldu. Hətta bu məscid dağıdılmasının doğru olduğunu deyənlər də oldu. Azərbaycanda İslamın özünün dediyi kimi təmsilçisi kimi tanıdılan Şeyxulislam sökülən obyektləri məscid adlandırmağın düzgün olmadığını, onların sadəcə qanunsuz tikili olduğunu bildirdi: “Hansısa məscid qeydiyyata alınmayıbsa, tikilən bina məscid kimi tanınmayıbsa, onun sökülməsini də “məscid sökülür” kimi qələmə vermək düzgün deyil. Gərək məscid tikmək üçün qaydalara, qanunlara riayət edəsən. Digər tərəfdən, harada gəldi məscid tikmək olmaz. Bunun üçün yenə də deyirəm ki, icazə olmalıdır”.
Bu tip fikirləri Yasamalda, bir hissəsi İqtisad Universitetinin ərazisinə düşdüyü üçün sökülməsi haqda qərar verilən məscid, eləcə də “Neft Daşlarında” daha bir ibadət evi söküləndə də səsləndirənlər olmuşdu. Hətta Yasamal rayon məhkəməsi ötən il noyabrın 28-də Yasamal rayon İcra Hakimiyyətinin iddiası əsasında, Murtuza Muxtarov küçəsi, 190 ünvanında yerləşən Məhəmməd Peyğəmbər məscidinin sökülməsi barədə qətnamə çıxaranda bir çoxları məscidi tikdirən Mirvaleh Mövsümovu qınadılar ki, sənədləri düzgün olmadığı halda niyə tikintiyə başlayıb?
Amma hansı qaydalara? Və ümumiyyətlə Bakı adlı şəhərdə tikinti və qanun sözləri biri-birinə nə qədər uyğun gəlir? Və nəhayət minlərlə hektarını mənimsədikləri bu torpaqda Allah evi üçün bir neçə sot torpağı sənədləşdirmək olmazdımı? Əlbəttə olardı. Amma görünür, Əbrəhənin davamçıları bu torpaqlarda hələ qalıb. Yoxsa daha kim cəsarət edərdi buna?
Məscid tərcümədə səcdə olunan məkan deməkdir. Məscid o yerdir ki, orada insanlar Allaha ibadət edir, Ona səcdələrini yerinə yetirirlər. Bu səbəbdən məscidi həm də Allah evi adlandırırlar. Allahın evini isə sökmək və ya bağlamaq olmaz. Bağlayanların aqibətini gördük. “Məscid qanunsuz tikilib” fikri də savadsız arqumentdir. Əvvəla, hətta bolkonu artırmaq üçün “jek”, sahə müvəkkilindən “icazə” alınan Bakıda icazəsiz bir neçə ay və ya il tikinti aparmaq mümkün deyil. Və nəhayət, hətta əgər qanunsuz tikilsəydi belə bir neçə sot torpağa görə Allah evini sökməmək olardı. Və ya dənizin ortasında tikilən məscidi qanunsuz elan edib sökməzdilər. Amma sökdülər. Hansısa qanunları, ərazisi zəbt edilən hansısa universitetin haqqını (bu söz nə qədər iyrənc səslənir) müdafiə etmək, zəbt olunmuş ərazisini özünə qaytarmaq adı ilə tikintisi tamamlanmış məscidi sökməməliydilər... Şeyx yenə də unudur ki, hətta içərisində namaz qılınmayıbsa belə, bu tikili Allaha ibadət niyyətilə tikilib və məscid hökmündədi.
Bu, Allahla düşmənlikdir. Mən internetdə divar dağıdan maşınların məscid divarını uçurtması kadrlarına baxdım. Təzə tikilmiş məscid binası traktorlar vasitəsilə uçurulurdu. 1937-ci ildə bolşeviklərin Bibiheybəti sökdürdükləri kadrları xatırladırdı. Ən ağrılısı odur ki, məscidlərin uçurulması ilə bağlı qərarı verənlər də, elə o traktorları idarə edənlər də özlərini müsəlman sayırlar. Və bu müsəlmanlar “İslam mədəniyyətinin paytaxtında” məscidləri sökdülər.
P.S. Sökülən məscidin düz yanında inşası nəzərdə tutulan göydələn üçün bünövrə yeri qazılır. Tikintinin sxemindən belə ehtimal etmək olar ki, sökülən məscidin ərazisi yeni kompleksə daxil olacaq. Hər halda bu da zamana bağlıdır. Amma müsəlmanlar üçün bir kiçik xatırlatma olsun, sökülən məscidin torpağı qəsb olunmuş ərazi sayılır. Bunu da nə demək olduğunu əsl müsəlmanlar bilirlər.
  • Yazılıb
  • da (də) 2009 Jun 01