Daha bir nüfuzlu reytinq agentliyi bankların risk qarşısında olduğunu açıqladı
Azərbaycan servisi/Aran Agentliyi
Nüfuzlu “Standard & Poor” beynəlxalq reytinq sirkəti ilk dəfə olaraq, Azərbaycanın bank sisteminin “bank sənayesi üzrə risk analizi”ni dərc etdirib. Məlumatı “Reuters” agentliyinə istinadən BBC radiostansiyası yayıb. Hesabat "Bank sənayesi üzrə risk analizi: Azərbaycanın gənc, fraqmentasiyalı bank sistemi getdikcə qlobal bohranın təsirinə məruz qalır" adlanır. “Standard & Poor” şirkətinin reytinq xidməti bildirib ki, Azərbaycanın bank sektoru bir neçə il davam edən sürətli inkişafdan sonra bu gün artıq potensial kredit keyfiyyətinə və likvidlik amortizasiyasına qarşı zəifdir.
Buna səbəb isə ölkənin gənc bank sisteminin üzləşdiyi yüksək sənaye və iqtisadiyyat riskləridir.
Ancaq hesabatda deyilir ki, sistem makroiqtisadi inkişaf üçün orta müddətli perspektivlərə də malikdir. Bankların beynəlxalq borclardan asılılığı və spekulyativ əməliyyatları məhduddur. Onlar yaxşı kapitallaşıb və maliyyə cəhətdən yaxşı fəaliyyət göstərirlər. “Standard & Poo”r şirkətinin reytinq xidməti xəbərdar edib ki, Azərbaycanın əməliyyat mühitinin riski banklar üçün getdikcə daha da artır.
Hesabatda “Transparency International” təşkilatının korrupsiya indeksinə əsasən qeyd olunur ki, Azərbaycanda korrupsiya geniş yayılıb. Bu da qlobal maliyyə və iqtisadi böhranın təsirlərini artıran amillər arasındadır.
Ötən həftə “Moody s” beynəlxalq reytinq agentliyi də Azərbaycanda bank sektorunun böhran qarşısında olduğunu bildirmişdi. Xəbər verildiyi kimi, agentlik Azərbaycanın ən iri bankı olan Beynəlxalq Bankın kredit öhdəlikləri üzrə reytinqini aşağı salıb. Valyuta üzrə borc öhdəlikləri Baa2, xarici valyutalar üzrə borc öhdəlikləri isə Baa3 olaraq qiymətləndirilib. “Moody's Investors Service” bildirirdi ki, qlobal maliyyə və iqtisadi böhranın təsirİ altında Azərbaycanda bankların əksəriyyəti risklə üzləşib.
Agentlik qeyd edib ki, Azərbaycan hökuməti maliyyə böhranı qarşısında bir çox banklara xarici borclarını ödəmək üçün yardılar edib. Buna baxmayaraq, kredit bazarında vəziyyət gərgin olaraq qalır, ödənilməmiş kreditlərin faizi artıq ikirəqəmlidir. Azərbaycan banklarının xarici banklara olan borcları təxminən 2 milyard dollar təşkil edir, bu məbləğin əksəriyyəti ölkənin ən böyük bankı olan Beynəlxalq Bankın payına düşür.