hadisə baş verən gün M. Cavadov səhər tezdən evdən çıxıb və evin qapısını bağlayaraq güney azərbaycanlıların keçirdiyi bir toplantıya yola düşüb
Azərbaycan servisi/Aran Agentliyi
“Mahir Cavadovun Avstriyada yaşadığı evə hücum olub. Şənbə günü o, evdə olmayanda naməlum şəxslər qəflətən onun yaşadığı mənzilə soxulub və evdə dağıntı törədiblər”. Bu barədə “Təzadlar” qəzeti məlumat yayıb. Qəzetin baş redaktoru ilə söhbətimizdə cənab Asif Mərzili Mahir Cavadovun özünə istinadən faktı təsdiqləyib.
Müxbirimizə “Təzadlar” qəzetində getməyən bəzi təfsilatlar məlum olub. Belə ki, hadisə baş verən gün M. Cavadov səhər tezdən evdən çıxıb və evin qapısını bağlayaraq güney azərbaycanlıların keçirdiyi bir toplantıya yola düşüb. Geri dönəndə isə o, qapının kilidinin açıldığını, evin bütün otaqlarının dağıdıldığını görüb. Bundan sonra o, dərhal polisə müraciət edib.
Polisin ilkin araşdırmasından sonra basqınçıların üç nəfər olduğu müəyyənləşib. Maraqlıdır ki, onlar evdəki qismən qiymətli əşyalara toxunmayıblar. Daha çox Cavadovun iş otağında olublar və özləri ilə bir neçə disk, habelə fləş-kart aparıblar.
Polisin qənaətincə, iş otağı ilə yanaşı, digər otaqların da alt-üst edilməsi izi azdırmaq məqsədi güdüb. Deyilənlərə görə, basqınçıları əsasən M. Cavadovun yazışmaları və digər bu kimi məqamlar maraqlandırıb.
Hadisə ilə bağlı əlavə məlumatları verən mənbə onu da bildirir ki, bazar günü səhərə yaxın basqınçılardan ikisi yaxalanıb: “Onlardan biri Azərbaycan vətəndaşıdır. Digər iki nəfər isə biri iranlı olmaqla, Avstriya vətəndaşlığını daşıyır. Hazırda polis geniş araşdırmaya başlayıb”.
Xatırladaq ki, Xətai rayonunun sabiq prokuroru Mahir Cavadov 1995-ci ilin 13-17 mart hadisələrindən sonra Azərbaycanı tərk edib və Avstriyada siyasi sığınacaq alıb. O, bir müddət İranda da yaşayıb. Rəsmi Bakı dəfələrlə M. Cavadovun Azərbaycana ekstradisiyasına çalışsa da, buna nail ola bilməyib.
Burası da maraqlıdır ki, Mahir Cavadov son vaxtlar Azərbaycan hakimiyyətinə qarşı sərt ittihamlar səsləndirmir. İndiki məqamda ona qarşı hazırlanan bu basqının arxasında nə durduğunu təxmin etmək çətindir. Sadəcə, bir məqam aydındır ki, basqınçıların oğurluq niyyəti olmayıb.(Yeni Musavat)